Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5215/2023 13.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 13 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı ilə cavabdeh 09 sentyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarından 26 fevral 2016-cı il təvəllüdlü X4 adlı uşaqları vardır. Tərəflər arasındakı nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qətnaməsi əsasında pozulmuşdur. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(001)-3432/2021 saylı qətnaməsinə əsasən, tərəflərin birgə nikahlarından olan uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İddiaçı ilə cavabdeh arasında mediasiya sessiyası zamanı bağlanmış 15 iyul 2023-cü il tarixli, MŞB/6-0025 nömrəli “Barışıq sazişi”ndən görünür ki, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3 hər ayın 1-dən 10-u aralığında 220 manat pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. İddia tələbi, onun əsası: Hazırda iddiaçı bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,
1. 23 iyun 2021-ci il tarixdən ödənilməsi qərara alınmış sabit pul məbləğinin (175 manat) hər il artan məbləğlə, 2023-cü il daxil olmaqla ödənilməsi;
2. 2023-cü ilin 01 yanvar tarixindən bu iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək hər ay üçün 220 manatdan alimentin;
3. dövlət rüsumu və mediasiya xərclərinin;
4. uşağın müayinəsi üçün çəkilmiş xərclərin cavabdehdən tutularaq ona ödənilməsi;
5. müayinə-müalicə və təhsil xərclərinin qarşılanması məqsədilə alimentin 220 manatdan 300 manata artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə qətnamələri ilə müəyyən edilmiş alimenti ödəməkdən yayınır, buna görə də, uşağın maddi tələbatını iddiaçı özü qarşılamalı olur. Uşaq doğulandan “pulmonar hipertenziya (ağ ciyər arteriyasının təzyiqi) diaqnozu qoyulmuşdur. Müalicə nəticəsində uşaqda ciddi müsbət dəyişiklik olmuşdur. Uşaq mütəmadi həkim nəzarətində saxlanması üçün tez-tez müayinə olunmalıdır. Sonuncu dəfə müayinə üçün iddiaçı 90 manat ödəniş etmişdir. Həmçinin, uşaq orta məktəbdə təhsil alır, xərcləri yetərincə artmışdır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır... Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, izahatında göstərdi ki, o, cavabdehdən aylıq 300 manat aliment tələb etsə də, cavabdeh mediasiya sessiyası zamanı bu məbləğlə razılaşmamışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh hazırda başqa şəxslə yeni ailə qurmuşdur, bir uşağı vardır. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş həm poçt vasitəsilə cavabdehin yaşayış ünvanına, həmçinin “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış “SMS bildiriş” vasitəsilə mobil telefonuna göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya öz yazılı münasibətini bildirməmişdir. Tədqiq edilən sübutlar: İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(001)-3432/2021 saylı qətnaməsinə əsasən, 26 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Maddə 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Maddə 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin Qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənləri nəzərə alan məhkəmənin qənaətinə görə alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, yaşını, normal, yəni qida rasionalarına uyğun qidalanmasını, geyimi, təhsili və s. ilə bağlı xərclərin mövcudluğunu, cavabdehin ayda 300 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanın olmasını təsdiq edən hər hansı sübutun iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edildiyindən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin məbləği 220 manat sabit pul məbləğində müəyyən olunması qanunvericiliyin tələblərinə, eləcə də uşağın üstün maraqlarına uyğundur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçı 220 manat alimentin 2023-cü ilin 01 yanvar tarixindən tutulmasını tələb etsə də, məhkəmə hesab edir ki, tələbin bu hissəsi Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələblərinə cavab vermir. Belə ki, iddiaçı bu tələblə 01 yanvar 2023-cü il tarixdən məhkəməyə müraciət edə biləcəyi halda hansı əsasla bunu etməməsini aydınlaşdırılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı həy ay 220 manat olmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmalı, bu məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı tarixdən aparılmalı, qətnamə bu hissədə dərhal icra edilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Lakin, nəzərə alınmalıdır ki, həmin qərar qəbul edilən zaman alimentin tutulması ilə bağlı məhkəmə aktları Mülki Prosessual Məcəllənin 234-cü maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin maddəyə 20 dekabr 2016-cı il tarixdə edilmiş dəyişikliyə əsasən, alimentin alınması barədə qətnamələrin dərhal icra olunması təsbit edilmişdir. İddia tələbinin 23 iyun 2021-ci il tarixdən 175 manat məbləğdə alimentin hər il artan məbləğlə 2023-cü il daxil olmaqla ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir, çünki uşaqlar üçün yaşayış minimumunun miqdarı dəyişdikcə tutulmalı alimentin miqdarının aliment alanın müraciəti olmadan artırılmasına dair qanunvericilikdə maddi hüquq norması mövcud deyildir. Buna görə də, iddia bu hissədə əsassızdır. İddia tələbinin müalicə xərcləri ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı uşağının səhhəti ilə bağlı mütəmadi müalicə-müayinə olunmalı olduğunu göstərsə də, çəkilmiş və ya çəkilməli xərclərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş materiallarında olan “Mərkəzi Klinika”nın “Pediatrik transtorasik exokardiografik protokol”unda “nəticələrə görə kontrol müayinə məsləhət olunur” qeyd olunmuşdur. Buna görə də, iddia bu hissədə də təmin edilməməlidir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia təmin edildiyinə və 1 illik ödəmənin məcmusu (əvvəli alimentin məbləği ilə hazırki qətnamə ilə müəyyən edilmiş məbləğ arasındakı fərq – 45 manat) 540 manat olduğuna (45 manat x 12 ay) və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 25 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi kimi 50 manat cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(001)- 3432/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 26 fevral 2016-cı il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. 25 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə, 50 manat mediasiya xərci isə Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev