Məhkəmə qərarları › İş №2(001)-5221/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5221/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5221/2022 16.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun qaytarılması» tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və əlavə olunmuş sənədləri 16 avqust 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun qaytarılması» tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmişdir. Sonradan, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Normanın məzmunundan göründüyü kimi ərizənin baxılmamış saxlanılması yalnız iddiaçının ərizəsi əsasında həll edilə bilməz, bunun üçün cavabdeh də işin mahiyyəti üzrə həll olunmasını tələb etməməlidir. Bundan başqa, həmin Məcəllənin 260.1-ci maddəsi ilə təsdiq olunur ki, “ərizənin baxılmamış saxlanılması” yalnız mülki işə iddia icraatı qaydasında baxılarkən mümkündür. Çünki, həmin maddədə məhz “iddianın baxılmamış saxlanması haqqında” məhkəmə qərardadının çıxarılması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, həm qanunvericilikdə ərizənin baxılmamış saxlanılması yalnız iddia icraatı çərçivəsində nəzərdə tutulduğundan, həm də sadələşdirilmiş icraat zaman məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həyata keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində nəzərdə tutulmuş əsasla ərizənin baxılmamış saxlanılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hesab edirəm ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işlərə baxılarkən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə hansı prosessual hərəkətin aparılması barədə həmin Məcəllənin 23-1-ci fəslində (Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat) hər hansı bir müddəa nəzərdə tutulmadığından analoji münasibətləri tənzimləyən norma olaraq Məcəllənin 170.1-ci maddəsi tətbiq olunmalı və ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun qaytarılması» tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar