Məhkəmə qərarları › İş №2(001)-5229/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5229/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5229/2022 31.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə 31 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23 yanvar 2021-ci il tarixli, 22226858 saylı (birinci) müqaviləyə əsasən, Cavabdeh dəyəri 1463,6 manat olan 1 ədəd “Apple watch 6” modelli saatı 290 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay ərzində aylıq 97,8 manat ödəmək şərti ilə kreditlə almışdır. Tərəflər arasında bağlanmış 26 yanvar 2021-ci il tarixli, 22234535 saylı (ikinci) müqaviləyə əsasən, Cavabdeh ümumi dəyəri 1953,5 manat olan 2 ədəd “iPad 10.2” modelli planşeti 329 manat ilkin ödəniş etməklə, qalan məbləği 9 ay ərzində aylıq 180,5 manat ödəmək şərti ilə kreditlə almışdır. Tərəflər arasında bağlanmış 25 fevral 2021-ci il tarixli, 22316080 saylı (üçüncü) müqaviləyə əsasən, Cavabdeh dəyəri 1465 manat olan 1 ədəd “Apple watch 6” modelli saatı 247 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay ərzində aylıq 101,5 manat ödəmək şərti ilə kreditlə almışdır. Tərəflər arasında bağlanmış 13 mart 2021-ci il tarixli, 22375336 saylı (dördüncü) müqaviləyə əsasən, Cavabdeh dəyəri 1396,3 manat olan 1 ədəd “Apple watch 6” modelli saatı 400 manat ilkin ödəniş etməklə, qalan məbləği 9 ay ərzində aylıq 110,7 manat ödəmək şərti ilə kreditlə almışdır. Tərəflər arasında bağlanmış 08 may 2021-ci il tarixli, 23049853 saylı (beşinci) müqaviləyə əsasən, Cavabdeh ümumi dəyəri 2699,5 manat olan 2 ədəd “Apple watch 6” modelli saatı 166 manat ilkin ödəniş etməklə, qalan məbləği 9 ay ərzində aylıq 281,5 manat ödəmək şərti ilə kreditlə almışdır. Cavabdeh hər beş müqavilə üzrə borc məbləğini müqavilədə və onlara əlavələrdə nəzərdə tutulan qaydada ödəməyi öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində iddiaçı tərəfindən təqdim edilmiş 20 iyul 2022-ci il tarixli maliyyə arayışına əsasən həmin tarixə birinci müqavilə üzrə 657 manat əsas, 203 manat dəbbə, ikinci müqavilə üzrə 691,5 manat əsas, 216,5 manat dəbbə, üçüncü müqavilə üzrə 692 manat əsas, 212 manat dəbbə, dördüncü müqavilə üzrə 529,3 manat əsas, 165,7 manat dəbbə, beşinci müqavilə üzrə isə 2114 manat əsas, 674 manat dəbbə borcu yaranmışdır. "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 81,55 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, onun məhkəmə iclaslarında iştirakının təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqavilələrə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh müqavilələrə əsasən "xxxx" MMCdən aldığı əşyaların dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 1-ci müqavilə üzrə 657 manat, 2-ci müqavilə üzrə 691,5 manat, 3-cü müqavilə üzrə 692 manat, 4-cü müqavilə üzrə 529,3 manat, 5-ci müqavilə üzrə isə 2114 manat məbləğində əsas borc Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 1-ci müqavilə üzrə hesablanmış 203 manat məbləğində dəbbə pulu azaldılaraq 46 manat, 2-ci müqavilə üzrə hesablanmış 216,5 manat məbləğində dəbbə pulu azaldılaraq 48 manat, 3-cü müqavilə üzrə hesablanmış 212 manat məbləğində dəbbə pulu azaldılaraq 48 manat, 4-cü müqavilə üzrə hesablanmış 165,7 manat məbləğində dəbbə pulu azaldılaraq 37 manat, 5-ci müqavilə üzrə hesablanmış 674 manat dəbbə pulu azaldılaraq 148 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən "xxxx" MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 81,55 manat məbləğində pul vəsaitinin 68 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 23 yanvar 2021-ci il tarixli, 22226858 saylı müqavilə üzrə 657 manat əsas borc, 46 manat dəbbə pulu olmaqla, ümumilikdə 703 manat, 26 yanvar 2021-ci il tarixli, 22234535 saylı müqavilə üzrə 691,5 manat əsas borc, 48 manat dəbbə pulu olmaqla, ümumilikdə 739,5 manat, 25 fevral 2021-ci il tarixli, 22316080 saylı müqavilə üzrə 692 manat əsas borc, 48 dəbbə pulu olmaqla, ümumilikdə 740 manat, 13 mart 2021ci il tarixli, 22375336 müqavilə üzrə 529,3 manat əsas borc, 37 dəbbə pulu olmaqla, ümumilikdə 566,3 manat, 08 may 2021-ci il tarixli, 23049853 saylı müqavilə üzrə 2114 manat əsas borc, 148 manat dəbbə pulu olmaqla, ümumilikdə 2262 manat, beləliklə cəmi 5010,8 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 68 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar