Məhkəmə qərarları › İş №2(001)-5243/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5243/2024

30.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5243/2024 30.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki iş (açar sözlər: aliment, artırılma) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, aliment miqdarı artıraraq, alimentin müəyyən olunmuş məbləğinin artırılaraq Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun xeyrinə hər ay, hər uşağa sabit pul məbləğində 235 manat, cami 470 manat alimentin məhkəməyə müraciət edildiyi vaxtdan başlayaraq tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Məhkəməsinin 2(001 3681/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsində bağlanmış 3006 saylı nikah qeydi ilə qeydə alınmnış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 onun yanında saxlanılması, xx.xx.2022-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatanadak hər iki övladının saxlanılması üçün cavabdehdən hər uşağa görə hər ay 193 manat məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsi qət edilmişdir. Artıq iki il müddətində övladları böyüyür, onların gündəlik ehtiyaclarının, zəruri taələbatları da artır. Məhkəmə qətnaməsində qeyd olunmuş aliment məbləği uşaqların gündəlik ehtiyaclarını qarşılamağı mümkün deyildir. Hazırda özünün rəsmi gəlir yeri yoxdur. Mövcud qanunvericiliyə əsasən hər uşaq üçün alimentin sabit pul məbləği 235 manat müəyyən edilib. Hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment uşaqların saxlanılmasına çatmır və buna görə də iddiaçı alimentin məhkəmə qaydasında artırılmasını istəyir. Uşaqlar orta məktəbdə təhsil alır, məsrəfləri daha da artmışdır.

İİ. Tərəflərin mövqeləri:

Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini üəbul etməyərək bildirdi ki, onun gəlirləri sabitdir, aylıq əmək haqqı 560 manat təşkil edir və hər uşaq üçün 193 manat aliment ödəməklə ona 112 manat məbləğində vəsait qalır. Özü yenidən ailə qurmuşdur. Hazırda valideynlərinin maddi dəstəyi ilə maddi tələbatlarını qarşılayır. Qeyd edilən aliment məbləğindən artıq aliment ödəmək iqtidarında deyil. İddiaçı özü boşanıb, boşanma onun secimi olmayıb. İddianın rədd edilməsini xahiş edir.

İİİ. İşin faktiki halları:

İş materiallarına əlavə olunmuş:

- AA5550363 nömrəli və AA5951894 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 anadan olmuşlar. -AZ-İV 548721 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018ci il təvəllüdlü X4 Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X2r. - AZ-İV 548721 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021ci il təvəllüdlü X3 Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X2r. - Bakı şəhəri Binəqədi Məhkəməsinin 2(001)-3681/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment cavabdehdən Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Elektron məhkəmə informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də aylıq əmək haqqı 560 manat olmaqla assistent-kino vəzifəsində işləyir.

İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:

Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə müvafiq olaraq, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, “… aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. … məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir”. Məhkəmə işin hallarını, sonuncu aliment məbləğinin 2022-ci il tarixdə müəyyən edilməsini, uşağın üstün maraqlarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyil. Uşağın valideynləri dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. 2022-ci il tarixdən hazırki müddətədək dəyişən şəraitə və tələbatlara müvafiq aliment məbləğinin müəyyən edilməsi (dəyişdirilməsi) üzrə tələblərin yenidən baxılmasını istisna edilmir. Hazırki münasibətlər həddində qeyd edilməlidir ki, artıq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmiş yaşayış minimumu üzrə tələbat artmışdır. Alimentin minimum yaşayış səviyyəsinə uyğunlaşdırılması böyüməkdə olan uşağın artan tələbata uyğun bütün təminatlarını əhatə etmir və bu baxımdan diqqətə çatdırılmalıdır ki, digər tələbatlar uşaqlarla yaşayan valideyn tərəfindən qarşılandığı hamıya bəlli olan haldır və əlavə sübuta ehtiyacı yoxdur. Cavabdehin yenidən ailə qurması, onun öhdəliklərinin olması, gəlirlərinin az olması onu ata kimi qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Beləliklə məhkəmə uşağın maraqlarını əsas götürərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Məhkəməsinin 2(001)-3681/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı; hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 230 manat olmaqla, ümumilikdə 460 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinin tələbinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübut etməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 5520 manat təşkil etdiyinə və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 75,2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş vəsaitin əvəzi kimi 50 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3681/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 230 manat olmaqla, ümumilikdə 460 (dörd yüz almış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 75,2 (yetmiş beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar