Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5260/2022 13.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh2 (əvvəlki adı Cavabdeh1) qarşı alimentin artırılması tələbinə dair mülki işə 13 sentyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından olan 01 fevral 2009-cu il təvəllüdlü X7 adlı uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, təərflər 11 mart 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, birgə nikahlarından bir yetkinlik yaşına çatmaya uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli qətnaməsinə əsasən, tərəflər arasındakı nikah pozulmuş, uşağın anasının yanında saxlanması və cavabdehdən hər ay 136,6 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qərara alınmışdır. Həmin miqdarda aliment hazırda uşağın heç bir tələbatının ödənilməsinə kifayət etmir. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 (əvvəlki adı Cavabdeh1) iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, o, hazırda işləmir, iddiaçıya əvvəlki qətnamə ilə müəyyən edilmiş alimenti anasının pensiyası hesabına ödəyir. Həmçinin, o, yenidən ailə qurmuş və yeni nikahından üç yetkinlik yaşına çatmayan uşağı vardır. Sonda Cavabdeh2 məhkəmədən qətnamə çıxarılarkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X4 birgə nikahlarından 01 fevral 2009-cu il təvəllüdlü X7 adlı uşaqları vardır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(001)- 4804/2017 saylı qətnaməsinə əsasən, həmin məhkəmənin 01 aprel 2016-cı il tarixli, 2(001)-2658/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, 01 fevral 2009-cu il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh1 hər ay 136,6 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. - “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, 19 yanvar 2019-cu il tarixdə Cavabdeh1 soyadı “İsmayılov”dan “Həsənov”a, adı “Qurban”dan “Ruslan”a dəyişdirilmişdir. - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh1 ilə X5 nikahlarından 20 noyabr 2012-ci il təvəllüdlü X12, 26 noyabr 2014-cü il təvəllüdlü X10, 12 fevral 2016-cı il təvəllüdlü X8 adlı üç yetkinlik yaşına çatmamış uşaqları vardır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 X1 Filialı tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 barədə hazırda qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmamışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddianın qismən təmin edilməlidir. Belə ki, alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 75.1-ci maddəsinin məzmunundan görünür ki, uşaqların saxlanması yalnız atanın deyil, hər 2 valideynin həm vəzifəsi, həm də hüququ kimi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, yaşını, normal, yəni qida rasionalarına uyğun qidalanmasını, geyimi və s. ilə bağlı xərclərin mövcudluğunu, habelə, Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərini, cavabdehin hazırki ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği 160 manat müəyyən edilməli, bu məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı tarixdən aparılmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Lakin, nəzərə alınmalıdır ki, həmin qərar qəbul edilən zaman alimentin tutulması ilə bağlı məhkəmə aktları Mülki Prosessual Məcəllənin 234-cü maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin maddəyə 20 dekabr 2016-cı il tarixdə edilmiş dəyişikliyə əsasən, alimentin alınması barədə qətnamələrin dərhal icra olunması təsbit edilmişdir. Məhkəmə cavabdehin izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, cavabdehin yenidən digər şəxslə ailə qurması, həmin nikahdan iki uşağının olması və digər göstərilən dəlillər onun əvvəlki nikahdan olan uşağına münasibətdə aliment öhdəliyindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia qismən təmin edildiyinə və 1 illik ödəmənin məcmusu (əvvəli alimentin məbləği ilə hazırki qətnamə ilə müəyyən edilmiş məbləğ arasındakı fərq – 23,4 manat) 1000 manatdan az olduğuna (23,4 manat x 12 ay) və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 25 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi kimi 40 manat cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(001)- 4804/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 01 fevral 2009-cu il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh2 (əvvəlki adı Cavabdeh1, FİN – xxxxxxx) hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı 13 sentyabr 2022-ci il tarixdən hesablansın. 25 manat məbləğində dövlət rüsumu Cavabdeh2 (əvvəlki adı Cavabdeh1, FİN – xxxxxxx) tutularaq dövlət büdcəsinə, 40 manat mediasiya xərci isə Cavabdeh2 (əvvəlki adı Cavabdeh1, FİN – xxxxxxx) tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5260/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5260/2022
13.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver