Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5286/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 22 iyul 2021-ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 4000 manat əsas borc, 200 manat faiz borcunun tutulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında 01 aprel 2020-ci il tarixli yazılı borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh 1 ay müddətə, yəni 30 aprel 2020-ci il tarixədək geri qaytarmaq şərti ilə 4.000 manat borc pul vermişdir. Borcun qaytarılma müddəti bitdikdən sonra cavabdehə borcun qaytarılması ilə bağlı dəfələrlə müraciət etsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək borcun qaytarılmasından boyun qaçırmışdır. Cavabdeh sözügedən kredit müqaviləsi üzrə borc aldığı 4000 manat borc puldan heç bir ödəniş etməmişdir. Odur ki, cavabdehin bu günə olan əsas borcu 4.000 manat təşkil edir. Hesab edir ki, Cavabdeh onun xeyrinə 4000 manat əsas borc, həmin borcun gecikdirildiyi 2020-ci il üzrə gecikdirilməsinə görə illik 5 faiz olmaqla (4000 man x 5% (2020)) 200 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında borc müqaviləsi bağlanmışdır. İddiaçı olan borcundan 1.100 manat ödəmişdir. Ona görə də iddia tələbini həmin hissədə qəbul etmir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə Cavabdeh arasında 01 aprel 2020-ci il tarixdə bağlanmış borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 1 ay müddətinə - 30 aprel 2020-ci il tarixədək qaytarmaq şərti ilə 4.000 manat borc pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin hallarına qiymət verərək, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh borc müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən irəli gələn borcun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, həmin hissədə iddia əsaslı hesab edilməli, Cavabdeh 4.000 (dörd min) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Bu məqamda məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçıya olan borcundan 1.100 manat qaytardığını bildirsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmiş, habelə onun bildirdikləri iddiaçı tərəfindən də təsdiq edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Təsvir olunanara əsasən məhkəmə hesab edir ki, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçı eyni zamanda cavabdehdən 200 (iki yüz) manat məbləğində faiz borcunun alınaraq ona verilməsi barədə tələb irəli sürmüşdür. Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunun mənasına görə kreditor icranın gecikdirilməsinə görə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqaviləyə uyğun hesablanmış faizləri və dəbbə pulunu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə gecikdirilmiş vaxta görə illik beş faiz, yaxud ona əlavə zərərin vurulduğunu sübut edə bilərsə daha artıq məbləğ tələb edə bilər. Məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün illik 5% ödənilməsi ilə bağlı hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında kredit müqaviləsinin bitdiyi 30.04.2021-ci il tarixdən sonrakı dövr nəzər alınmaqla 14.06.2021-ci il tarixədək ödənilməmiş 4000 manat əsas borc məbləğinə illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün 4000x5%=200; 200:12ay=16,6; 16,6x14 ay (müqavilə müddəti bitdiyi dövrdən məhkəməyə verilən müddət) ödənilməlidir. Bu məqamda məhkəmə nəzərə alır ki, iddiaçı gecikməyə görə 200 manat faiz tələb etdiyindən iddia həmin həddə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Təsvir olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4.000 (dörd min) manat məbləğində borc, 200 (iki yüz) manat hesablanmış faiz, 30 (otuz) manat dövlət rüsumu, cəmi 4230 (dörd min iki yüz otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması təsbit edilmişdir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4.000 (dörd min) manat məbləğində borc, 200 (iki yüz) manat hesablanmış faiz və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 4230 (dörd min iki yüz otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5286/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5286/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver