Məhkəmə qərarları › İş №2(001)-53/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-53/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-53/2021 23.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçı, birləşdirilən iddia üzrə Cavabdeh6 ASC-nin etibarnamə əsasında nümayəndəsi X1, İlk iddia üzrə cavabdeh, birləşdirilən iddia üzrə İddiaçı2 iştirakları ilə İddiaçı Cavabdeh6 ASC-nin cavabdehlər Cavabdeh1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və “TAPAT” firmasına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” və iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, “Tapat” firmasının Cavabdeh6 ASC-yə qarşı “ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsi” tələblərinə dair bir icraatda birləşdirilmiş mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Cavabdeh6 ASC Cavabdeh1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və “TAPAT” firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh6 ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 avqust 2015-ci il tarixli 122903-1-10915/2 saylı kredit müqaviləsi üzrə 06.02.2019-cu il tarixdə Banka borclu olduğu 636.952,93 manat məbləğində əsas borcu, 138.917,53 manat məbləğində faiz borcu, 70236 manat məbləğində cərimə borcu, ümumilikdə isə 846.106,46 (səkkiz yüz qırx altı min yüz altı manat 46 qəpik) manat məbləğində pulun, həmçinin 30 manat məbləğində məhkəmə üçün və 90 manat ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün cəmi 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, İddiaçı2, İddiaçı3 və “TAPAT” firmasından Cavabdeh6 ASC-nin xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiymətlərini müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etməklə cavabdehlərdən tutulmalı olan pul məbləğinin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 125 ünvanında yerləşən ümumi sahəsi 123,5 kv.m ibarət qeyri-yaşayış sahəsinə, ünvan 2 ünvanında yerləşən 170,3 kv.m ümumi, 121,1 kv.m yaşayış, 49,2 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 9 saylı mənzilə, ünvan 2 ünvanında yerləşən 69,3 kv.m ümumi, 38,1 kv.m yaşayış, 31,2 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 71A saylı mənzilə yönəldilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin “İddiaçı1-nə ödənilməsi, qeyriyaşayış sahəsinə tutma yönəldildikdən və satıldıqdan sonra əmlakın boşaldılması, mənzillərə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyan İddiaçı3 və İddiaçı4 ya şayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, onların mənzillərdən məcburi qaydada çıxarılmaları və mənzillərin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bankın iddia tələbləri belə əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış 01.05.2014-cü il tarixli 122903-1-10915 saylı “Baş kredit razılaşması” əsasında “Bank” “Kredit alan”a 120 (yüz iyirmi) ay müddətinə 5.000.000 (beş milyon) ABŞ dolları və ya manat ekvivalentində olan məbləğdə kredit xətti açmışdır. Bank ilə İddiaçı2 arasında bağlanmış 01 may 2014-cü il tarixli 103783-NEDVİJ-2689 saylı “Daşınmaz əlakın ipoteka müqaviləsi”nə əsasən “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 məxsus ümumi sahəsi 123,5 kv.m. ibarət qeyri-yaşayış sahəsi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə İddiaçı3 arasında bağlanmış 01 may 2014-cü il tarixli, 117214-NEDVİJ-2688 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı3 məxsus olan ünvan 2 ünvanında yerləşən 170,3 kv.m. ümumi, 121,1 kv.m. yaşayış, 49,2 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 9 saylı mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə İddiaçı4 arasında bağlanmış 14 avqust 2014-cü il tarixli, 235158 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı4 məxsus olan ünvan 2 ünvanında yerləşən 69,3 kv.m. ümumi, 38,1 kv.m. yaşayış, 31,2 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 71A saylı mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı2, İddiaçı3 və “TAPAT” firması müvafiq olaraq 02 may 2014-cü il tarixli 103783-7-7163 saylı, 02 may 2014-cü il tarixli 117214-7-7164 saylı və 12 may 2014-cü il tarixli 24275-G_RAN-134 saylı zaminlik müqavilələri əsasında Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlər. Bank ilə Cavabdeh1 arasında bağlanmış 24 avqust 2015-ci il tarixli 12903-1-10915/2 saylı “Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh1 cari fəaliyyətinin maliyyələşdirilməsi məqsədi üçün illik 15,5 (on beş tam onda beş) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. Lakin borclu Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəliklərini 25.01.2016-cı il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 636.952,93 (altı yüz otuz altı min doqquz yüz əlli iki, 93) manat məbləğində əsas borcu, 138.917,53 (bir vüz otuz səkkiz min doqquz yüz on yeddi, 53) manat məbləğində faiz borcu, 70.236 (yetmiş min iki yüz otuz altı) manat məbləğində cərimə borcu, ümumilikdə isə 846106,46 (səkkiz yüz qırx altı min bir yüz altı, 46) manat məbləğində borcu qalmışdır. Bundan əlavə, Bank ilə İddiaçı2, İddiaçı3 və “TAPAT” firması arasında bağlanmış zaminlik müqavilələrinin tələbinə görə “kredit alan” kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, “zamin” “kredit alan” ilə birlikdə Bank qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin təblərinə əsasən Cavabdeh1, İddiaçı2, İddiaçı3 və “TAPAT” firması Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabehlərə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda Bank ilə ipoteka qoyanlar arasında bağlanmış ipoteka müqavilərinin tələbinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Həmçinin, ipoteka predmetlərinin ilkin satış qiymətləri qətnamədə göstərilməli olduğundan onların ilkin satış qiymətləri məhkəmə tərəfindən müəyyən edilməlidir. Bununla yanaşı, iddiaçı Bank tələbin ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldilməsini və yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən gec bir ay ərzində tərk etməsini tələb etməkdə haqlıdır. Bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, həmçinin, ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumu da cavabdehlərdən tutulmalıdır. İddiaçı2, İddiaçı3, İddiaçı4, “Tapat” firması isə Cavabdeh6 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh6 ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 may 2014-cü il tarixli, 122903-1-10915 saylı “Baş kredit razılaşması”na əsasən öhdəliklərin icrasının təmin edilməsi barədə bank ilə İddiaçı2 arasında 01 may 2014-cü il tarixli, 103783-NEDVİJ-2689 saylı, İddiaçı4 arasında 14 avqust 2014-cü il tarixli, 235158 saylı, İddiaçı3 arasında 01 may 2014-cü il tarixli, 117214-NEDVİJ-2688 saylı Daşınmaz əmlakın ipoteka müqavilələrinin və bank ilə İddiaçı2, İddiaçı3 və “TAPAT” firması arasında müvafiq olaraq bağlanmış 02 may 2014-cü il tarixli, 103783-7-7163 saylı, 02.05.2014-cü il tarixli, 117214-7-7164 saylı və 12.05.2014-cü il tarixli, 124275-G_RAN- 134 saylı zaminlik müqavilələrinin ləğv edilməsi, ipoteka ilə yüklü edilmiş İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri,Yasamal rayonu, Nəriman Nərimanov prospekti 125 ünvanında yerləşən ümumi sahəsi 125,5 kv.m ibarət qeyri-yaşayış sahəsinin, İddiaçı4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 71A saylı mənzilin və Taleh İsmayılovun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilin yüklülüyünün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmin iddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh6 ASC ilə Cavabdeh1 arasında 01.05.2014-cü il tarixdə 122903-1- 10915 saylı “Baş kredit razılaşması” bağlanmışdır. Həmin razılaşmaya əsasən, Cavabdeh1 120 (bir yüz iyirmi) ay müddətinə 5 000 000 (beş milyon) ABŞ dolları və ya manat ekvivalenti olan məbləğdə kredit xətti açılmışdır. “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh Bank ilə İddiaçı2 arasında 01.05.2014-cü il tarixli, 103783-NEDVİJ- 2689 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” bağlanaraq onun mülkiyyətində olan Yasamal rayonu, Nəriman Nərimanov prospekti 125 ünvanında yerləşən, ümumi sahəsi 125.5 kv.m ibarət qeyri-yaşayış sahəsi, cavabdeh Bank ilə İddiaçı4 arasında bağlanmış 14 avqust 2014-cü il tarixli, 235158 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən ona məxsus olan ünvan 2 ünvanında yerləşən 71A saylı mənzil və cavabdeh Bank ilə İddiaçı3 arasında bağlanmış 01 may 2014-cü il tarixli, 117214-NEDVİJ-2688 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən İddiaçı3 məxsus olan ünvan 2 ünvanında yerləşən 9 saylı mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin təmin edilməsi məqsədilə cavabdeh Bank ilə iddiaçılar arasında 02 may 2014-cü il tarixli 103783-7-7163 saylı, 02 may 2014-cü il tarixli 117214-7-7164 saylı və 12 may 2014-cü il tarixli 124275- G_RAN-134 saylı zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrdən təxminən 1 il sonra Zamin və İpoteka qoyanlara heç bir məlumat verilmədən və onlarla razılaşdırılmadan, habelə ipoteka və zaminlik müqavilələrinə bu barədə əlavə və dəyişilik edilmədən həmin təminatlar əsasında Bank ilə Cavabdeh1 arasında bağlanmış 24.08.2015-ci il tarixli, 122903-1-10915/2 saylı saylı “Kommersiya krediti müqaviləsi” bağlanmış, müqaviləyə əsasən, Cavabdeh1 illik 15.5 faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 1 500 000 (bir milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. Yuxanda qeyd edilənlərdən də göründüyü kimi, Baş kredit razılaşması və sonradan bağlanmış kredit xətti müqavilələri zamin və ipoteka qoyanın, eləcə də MMC-nin iştirakçılarının hüquqlarını kobud şəkildə pozmaqla bağlanmışdır. Belə ki, borcalan Cavabdeh1 ilə cavabdeh Bank arasında imzalanmış “Baş kredit razılaşması”nın 2.3-cü bəndində qeyd edilir ki, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi, və digər şərtləri hər dəfə tərəfər arasında bağlanan və bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan Kredit müqavilələri ilə müəyyən edilir. Kreditlər “Borcalana” bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit sazişləri ilə müəyyən edilir. Bu Müqavilə “Borcverən”in kredit vermək vədini ifadə etmir. Eyni zamanda cavabdehlə iddaçılar arasında bağlanmış ipoteka və zaminlik müqavilələrinin müddəalarına əsasən, müqavilə ilə ipotekaya qoyulmuş əmlak, eyni zamanda zamin durmuş şəxs cavabdeh Bank ilə borcalan Cavabdeh1 arasında bağlanmış kredit xəttinin açılması barədə müqavilə və bu kredit müqaviləsinin ayrılmaz, tərkib hissələri olan ayrıca sazişlər üçün ayrılmış bütün vəsaitlərin qaytarılmasının təminatı kimi çıxış etdiyi qeyd edilsə də, bu öhdəliklərin vacib şərtlərini müəyyən etmək mümkün deyil. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, birləşdirilən iddia üzrə Cavabdeh6 ASCnin etibarnamə əsasında nümayəndəsi X3 bankın iddia tələblərini müdafiə edərək, onun təmin olunmasını, birləşdirilən iş üzrə iddianın isə əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, onlar faiz hesablanmasını 3 ay sonra dayandırırlar. Odur ki, iddia tələbi ilə ekspert rəyləri üst-üstə düşmür. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh İddiaçı2 ona aid hissədə bankın iddiasını qəbul etmədiyini bildirməklə həmin iddia tələblərinin təmin olunmamasını, birləşdirilən iş üzrə iddianın isə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ilk iddia üzrə cavabdehlər, birləşdirilən iddia üzrə iddiaçılar Cavabdeh1, İddiaçı3, İddiaçı4 və “TAPAT” firmasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk və birləşdirilən iş üzrə iddia tələbləri qismən təmin olunmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə, Cavabdeh6 ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 may 2014-cü il tarixli 122903-1-10915 saylı Baş Kredit razılaşmasına əsasən Cavabdeh1 həmin tarixdən 01 may 2024-cü il tarixədək (120 ay müddətinə) ******* (beş milyon) ABŞ dolları və ya manat ekvivalentində olan məbləğdə tam və ya hissələrlə verilən kreditlər üçün kredit xətti açılmış, müqavilənin 2.1-ci bəndində həmin razılaşmanın bankın kredit vermək öhdəliyini ifadə etmədiyi və kreditin tərəflər arasında müxtəlif formada bağlanmış müqavilələr və razılaşmalar əsasında veriləcəyi nəzərdə tutulmuşdur. İş materiallarından aydın olur ki, Cavabdeh6 ASC ilə İddiaçı2 (etibarnamə əsasında X4 çıxış etmişdir) arasında 01 may 2014-cü il tarixdə bağlanmış 103783-NEDVİJ-2689 saylı ipoteka müqaviləsinə əsasən, 01 may 2014-cü il tarixli 122903-1-10915 saylı Baş Kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn bütün öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr. 125 ünvanında yerləşən ümumi sahəsi 123,5 kv.m. ibarət qeyri-yaşayış sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmış, ipoteka müqaviləsində Kredit xəttinin məbləği ******* (beş milyon) ABŞ dolları, müddəti isə 120 ay kimi göstərilmişdir. İş materiallarından həmçinin aydın olur ki, Cavabdeh6 ASC ilə İddiaçı3 arasında 01 may 2014-cü il tarixdə bağlanmış 117214-NEDVİJ-2688 saylı ipoteka müqaviləsinə əsasən, 01 may 2014-cü il tarixli 122903-1-10915 saylı Baş Kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn bütün öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 170,3 kv.m. ümumi, 121,1 kv.m. yaşayış, 49,2 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 9 saylı mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmış, ipoteka müqaviləsində Kredit xəttinin məbləği ******* (beş milyon) ABŞ dolları, müddəti isə 120 ay kimi göstərilmişdir. İşin mübahisəsiz digər halına əsasən, Cavabdeh6 ASC ilə İddiaçı4 arasında 14 avqust 2014-cü il tarixdə 235158 saylı ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən, 01 may 2014-cü il tarixli 122903-1-10915 saylı Baş Kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn bütün öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 69,3 kv.m. ümumi, 38,1 kv.m. yaşayış, 31,2 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 71A saylı mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmış, ipoteka müqaviləsində Kredit xəttinin məbləği ******* (beş milyon) ABŞ dolları, müddəti isə 120 ay kimi göstərilmişdir. İşin mübahisəsiz halı həmçinin ondan ibarətdir ki, Cavabdeh6 ASC ilə İddiaçı2 arasında bağlanmış 02 may 2014-cü il tarixli 103783-7-7163 saylı, Bank ilə İddiaçı3 arasında bağlanmış 02 may 2014-cü il tarixli 117214-7-7164 saylı və Bank ilə “TAPAT” firması arasında bağlanmış 12 may 2014-cü il tarixli 124275-G_RAN-134 saylı zaminlik müqavilələrinə əsasən, zaminlər Cavabdeh1 01 may 2014-cü il tarixli 122903-1-10915 saylı Baş Kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən irəli gələn pul öhdəliklərinin tam icra edilməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşlər. İşin mübahisəsiz halı həm də ondan ibarətdir ki, Cavabdeh6 ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 avqust 2015-ci il tarixli 122903-1-10915/2 saylı “Kommersiya krediti müqaviləsi”nə əsasən, borcalana illik 15,5 (on beş tam onda beş) % olmaqla, 36 ay müddətinə 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində kreditin verilmiş, həmin müqavilə üzrə hesablanmış faizlərin və əsas borcun dövri ödənilməsi qaydası cədvəl şəklində müəyyənləşdirilmişdir. İş materiallarından həmçinin aydın olur ki, iddiaçı bank cavabdehlərə ünvanlanmış bildirişlər göndərməklə onları borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. İşin digər halına görə, yuxarıda qeyd edilən ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh6 Açıq Səhmdar Cəmiyyətinin 06.02.2019-cu il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 24 avqust 2015-ci il tarixli 122903-1-10915/2 saylı “Kommersiya krediti müqaviləsi” üzrə əsas borcu 636.952,93 manat, faiz borcu 138.917,53 manat və cərimə borcu 70236 manat olmaqla cəmi borcu 846.106,46 (səkkiz yüz qırx altı min yüz altı manat 46 qəpik) manat manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2020-ci il tarixli 9/4229 saylı rəyində ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, hesabdan çıxarış məlumatları və 24 avqust 2015-ci il tarixli 122903-1-10915/2 saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 Cavabdeh6 ASC-nə 24 avqust 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 457.805,74 manat faiz borcu, 06 fevral 2019-cu il tarixə (iddia tarixinə) 637.053,32 manat əsas borcu müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərardadına əsasən iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında Cavabdeh1 ilə Cavabdeh6 ASC arasında bağlanmış 01.05.2014-cü il tarixli № 122903-1-10915 saylı “Baş Kredit Razılaşması”na və 24.08.2015-ci il tarixli, № 122903-1- 10915/2 saylı “Kommersiya Krediti Müqaviləsi”nə əsasən Cavabdeh1 06.02.2019-cu il tarixə əsas borcu, 24.08.2018-ci il tarixə faiz borcu nə qədər təşkil etməsi barədə sual qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2021-ci il tarixli 9/1204 saylı rəyində ekspert qarşısında qoyulan suala cavab olaraq göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan məlumatlara və məhkəmənin 01.02.2021-ci il tarixli qərardadında göstərilən hallara əsasən, tərəflər arasında imzalanmış 24 avqust 2015-ci il tarixli, 122903-1-10915/2 saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 iddiaçı Cavabdeh6 Açıq Səhmdar Cəmiyyətinə olan borcun düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. İş üzrə əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2021-ci il tarixli 9/3275 saylı rəyinə görə isə, hesabdan çıxarış məlumatları və 24 avqust 2015-ci il tarixli 122903-1-10915/2 saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 Cavabdeh6 ASC-nə 13 mart 2018-ci il tarixə (iddiaçının faizlərin dayandırıldığını bildirdiyi tarixə) 415.866,39 manat faiz borcu, 06 fevral 2019-cu il tarixə (iddia tarixinə) 637.053,32 manat əsas borcu müəyyən edilmişdir. İlk növbədə ilk iddia tələbinə qiymət verməyi məqsədəmüvafiq hesab edən məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739.2). Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bunu etməmişdir. Cavabdehdən tutulmalı olan pul vəsaitinin məbləği ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı bankın təqdim etdiyi maliyyə arayışlarına görə, borclunun 24 avqust 2015-ci il tarixli 122903-1-10915/2 saylı “Kommersiya krediti müqaviləsi” üzrə 636.952,93 manat əsas borcu, 138.917,53 manat faiz borcu və 70236 manat cərimə borcu olmaqla cəmi 846.106,46 (səkkiz yüz qırx altı min yüz altı manat 46 qəpik) manat məbləğində borcunun yarandığı göstərilmiş, məhkəmə araşdırması zamanı təyin olunmuş ekspertiza rəyləri ilə isə 06 fevral 2019-cu il tarixə (iddia tarixinə) 637.053,32 manat əsas borcunun, o cümlədən birinci ekspert rəyi ilə 24 avqust 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 457.805,74 manat, digər rəylə isə 13 mart 2018-ci il tarixə (iddiaçının faizlərin dayandırıldığını bildirdiyi tarixə) 415.866,39 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən 24 avqust 2015-ci il tarixli 122903-1-10915/2 saylı “Kommersiya krediti müqaviləsi” üzrə əsas borca görə 636.952,93 manat, faiz borcuna görə isə 138.917,53 manat pul tutularaq iddiaçı banka ödənilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə “cərimə borcunun tutulması” hissəsində iddia tələbini qismən əsaslı hesab edir; belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Bu mənada məhkəmənin qənaəti ondan ibarətdir ki, Cavabdeh1 tutulmalı dəbbə pulunun məbləğinin 2000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə ilk iddianın, “pulun kredit alanla birlikdə zaminlərdən də tutulması, pulun tutulması tələbinin Bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin Banka ödənilməsi və əmlakların boşaldılması” hissəsi, habelə birləşdirilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd edir: Yuxarıda da qeyd edildiyi kimi işin mübahisəsiz hallarına görə, Cavabdeh6 ASC ilə Cavabdeh1 arasında 01 may 2014-cü il tarixli 122903-1-10915 saylı Baş Kredit razılaşması bağlanaraq ona 120 ay müddətinə ******* (beş milyon) ABŞ dolları və ya manat ekvivalentində olan məbləğdə kredit xətti açılmış, müqavilənin 2.1-ci bəndində həmin razılaşmanın bankın kredit vermək öhdəliyini ifadə etmədiyi və kreditin tərəflər arasında müxtəlif formada bağlanmış müqavilələr və razılaşmalar əsasında veriləcəyi nəzərdə tutulmuşdur. Qeyd olunan Baş Kredit razılaşmasının və borcalanın həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn öhdəliklərin təminatı kimi Bankla ilə İddiaçı2, İddiaçı3 və İddiaçı4 arasında müvafiq olaraq 01 may 2014-cü il tarixdə bağlanmış 103783-NEDVİJ-2689 saylı, 01 may 2014-cü il tarixdə bağlanmış 117214-NEDVİJ-2688 və 14 avqust 2014-cü il tarixdə 235158 saylı ipoteka müqavilələri bağlanmışdır. Eyni zamanda Cavabdeh6 ASC ilə İddiaçı2, İddiaçı3 və “TAPAT” firması arasında müvafiq olaraq 02 may 2014-cü il tarixli 103783-7-7163 saylı, 02 may 2014-cü il tarixli 117214-7-7164 saylı və 12 may 2014-cü il tarixli 124275-G_RAN-134 saylı zaminlik müqavilələri bağlanaraq sonuncular Cavabdeh1 01 may 2014-cü il tarixli 122903-1-10915 saylı Baş Kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən irəli gələn pul öhdəliklərinin tam icra edilməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşlər. Lakin kredit vəsaitinin verilməsi ilə bağlı müqavilə bağlanarkən ipoteka qoyaların (İddiaçı2, İddiaçı3 və İddiaçı4) və zaminlərin (İddiaçı2, İddiaçı3 və“TAPAT” firmasının) razılıqları alınmamışdır. Belə ki, Bank ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və ona illik 15,5 (on beş tam onda beş) % olmaqla, 36 ay müddətinə 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində kredit verilmiş, həmin müqavilə üzrə hesablanmış faizlərin və əsas borcun dövri ödənilməsi qaydası cədvəl şəklində müəyyənləşdirilmişdir. Göründüyü kimi, kreditin verilməsinə dair müqavilələrdə borc verilən vəsaitin konkret məbləği, valyutası, müddəti və faiz dərəcəsi qeyd edilsə də, ipoteka qoyanlar və zaminlər ilə bağlanmış müqavilələrdə kredit müqaviləsinin həmin mühüm şərtləri razılaşdırılmamış və ya sonradan buna dair onun razılıqları alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarının 3-cü bəndinə əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin müddətində faiz dərəcəsinin valyuta və s., zəruri şərtlərin göstərilməsini ehtiva edir. “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-inin 307.4, 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Həmin Qərarının nəticə hissəsində deyilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddianın qeyd edilən hissəsi əsassız, birləşdirilmiş iddia tələbi isə qismən əsaslıdır. Belə ki, Cavabdeh6 ASC ilə Cavabdeh1 arasında 01 may 2014-cü il tarixli 122903-1-10915 saylı kredit xəttinin açılması barədə müqavilə, habelə həmin müqavilə üzrə təminat qismində bağlanmış ipoteka və zaminlik müqavilələri kredit verilməsinin mühüm şərtlərini əks etdirmədiyi, habelə mühüm şərtlər barədə tələblərin ipoteka və zaminlik müqavilələri bağlanarkən də pozulduğu üçün, Bank ilə İddiaçı2, İddiaçı3 və“TAPAT” firması arasında bağlanmış zaminlik müqavilələrinə xitam verilməli, İddiaçı2, İddiaçı3 və İddiaçı4 arasında bağlanmış ipoteka müqavilələri üzrə ipoteka yüklülüyü isə ləğv edilməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ilk və birləşdirilmiş iddia iddia qismən təmin olunduqlarından iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, habelə bildirişlərin qeydiyyata alınması üçün ödənilmiş rüsum və xidmət haqqı tərəflərin özlərinə aid edilməlidir. Habelə, 350 manat (05.11.2020-ci il tarixli ekspert rəyi üzrə 100 manat+15.03.2021-ci il tarixli ekspert rəyi üzrə 100 manat+30.06.2021-ci il tarixli ekspert rəyi üzrə 150 manat) ekspertiza xərcinin 28 manatı iddiaçı Cavabdeh6 ASC-dən, 322 manatı Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh1dan 24 avqust 2015-ci il tarixli 122903-1-10915/2 saylı “Kommersiya krediti müqaviləsi” əsasən 636.952,93 manat məbləğində əsas borc, 138.917,53 manat məbləğində faiz borcu, 2000 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 777870,46 manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh6 Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İlkin iddia tələbinin qalan hissəsi təmin edilməsin. Birləşdirilmiş iddia tələbi qismən təmin olunsun. Cavabdeh6 ASC ilə İddiaçı2 arasında bağlanmış 02 may 2014-cü il tarixli 103783- 7-7163 saylı, Bank ilə İddiaçı3 arasında bağlanmış 02 may 2014-cü il tarixli 117214-7- 7164 saylı və Bank ilə “TAPAT” firması arasında bağlanmış 12 may 2014-cü il tarixli 124275-G_RAN-134 saylı zaminlik müqavilələri xitam edilsin. İpoteka ilə yüklü edilmiş və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr. 125 ünvanında yerləşən ümumi sahəsi 123,5 kv.m. ibarət qeyri-yaşayış sahəsinin, İddiaçı3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 170,3 kv.m. ümumi, 121,1 kv.m. yaşayış, 49,2 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 9 saylı mənzilin və İddiaçı4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 69,3 kv.m. ümumi, 38,1 kv.m. yaşayış, 31,2 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 71A saylı mənzilin ipoteka yüklülüyü ləğv edilsin. Birləşdirilmiş iddia tələbinin qalan hissəsi təmin olunmasın. İddialar üzrə ödənilmiş dövlət rüsumları, habelə bildirişlərin qeydiyyata alınması üçün ödənilmiş rüsum və xidmət haqqı tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 350 manatın 28 manatı iddiaçı Cavabdeh6 ASC-dən, 322 manatı Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar