Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5308/2021 27.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.05.2018-ci il tarixli, 2(103)-5429/2018 saylı qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 20.02.2018-ci il tarixli, 2(001)- 2222/2018 saylı qətnaməsi cavabdehin maddi vəziyyətinin aşağı olması nəzərə alınaraq dəyişdirilmiş və 22.10.2010-cu il təvəllüdlü X2 və 31.01.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Aldığı aliment ona uşaqlarını saxlaması üçün kifayət etmir, cavabdeh uşaqları ilə maraqlanmır və hər hansı əlavə kömək etmir, ona görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı uşaqların maraq və mənafeyi naminə əvvəl müəyyən olunmuş aliment məbləğinin artırılaraq hər uşağa görə 2021-ci il üçün ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş 175 manat səviyyəsinə yüksədilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 22.10.2010-cu il təvəllüdlü X2 və 31.01.2013-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.05.2018-ci il tarixli, 2(103)-5429/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh 22.10.2010-cu il təvəllüdlü X2 və 31.01.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə müvafiq olaraq, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, “… aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. … məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir”. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2021-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə uşaqların maraqlarını əsas götürərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.05.2018-ci il tarixli, 2(103)-5429/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh 22.10.2010-cu il təvəllüdlü X2 və 31.01.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə müvafiq olaraq, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.05.2018-ci il tarixli, 2(103)- 5429/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh 22.10.2010-cu il təvəllüdlü X2 və 31.01.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-5308/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5308/2021
27.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver