Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5313/2020 12.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 10.000 (on min) manat icra olunmayan öhdəliklərinə görə, 500 (beş yüz) manat cərimə faizi, 12 (on iki) manat notarial xərci və 31 (otuz bir) manat dövlət rüsumu olmaqla, cəmi 10543 (on min beş yüz qırx üç) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin zabitidir. İşlədiyi müddət ərzində daim vətənin adının ucalığı naminə çalışmış, vətənin qorunmasında yaxından iştirak etmiş və bundan sonra da edəcəkdir. Hər bir zabit kimi o da ailə şəraitinin yaxşılaşdırılması üçün qəpik-qəpik toplayıb özünə (ailəsinə) ev almışdır. Mənzil şəraitinin yaxşılaşdırılması və ümumən mənzilin təmir olunnması üçün mənzilinin təmir olunması haqqında qərar vermişdir. Mənzilin təmir olunması üçün özünü ev təmiri edən ustaları olan briqadir kimi təqdim edən hazırkı iş üzrə Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh ona mənzilin tam onun istəyinə uyğun təmir edərək verəcəyini bildirmiş və bunu tam keyfiyyətlə icra edəcəyini bildirmişdir. Cavabdeh onu tam arxayın etmişdir ki, hər şey onun istəyinə uyğun ediləcəkdir. Bu səbəbdən o, cavabdehlə podrat müqaviləsi bağlamağı təklif etmişdir. Cavabdeh onun bu təklifini qəbul etmiş və onlar cavabdehlə birlikdə Binəqədi rayonunun ərazisində yerləşən 11 saylı Notariat Kontoruna getmiş və müqaviləni bağlamışlar. Müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış və cavabdeh müqavilə üzrə ödəliklərini tam olaraq xx.xx.2019-cu il tarixədək yekunlaşdıracağını və təhvil verəcəyini qəbul etmişdir. Müqavilə şərtlərinə görə təmir xidmətlərinin ümumi dəyəri 16000 (on altı min) manat təşkil etmişdir. Müqavilə məbləğinin 10000 (on min) manat hissəsini müqavilənin bağlandığı gün təqdim etmişdir. Qalan 6000 (altı min) manat hissəsini isə 6 (altı) ay ərzində ödəməli olmuşdur. Lakin, müqavilə bağlandıqdan sonra o, cavabdehlə faktiki əlaqəni itirmişdir. Həmin gündən o, cavabdehin müxtəlif bəhanələri ilə üzləşmişdir. Cavabdeh ona məxsus mənzili təmir etməmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirərək yayınmışdır. Amma ona mənzilini təmir etdirərək evə girmək lazım olduğundan məcbur qalaraq bankdan kredit götürərək mənzilini təmir etdirmişdir. Sonra isə cavabdehdən pulunu geri tələb etmişdir. Cavabdeh həmişəki kimi yenə müxtəlif bəhanələr gətirmiş və faktiki olaraq onu başından etmişdir. Dəfələrlə cavabdehlə telefonda danışmış və whatsapp şəbəkəsi üzərindən yazışmışdır. Hər dəfə aldığı pulu geri qaytaracağına söz vermiş amma bu zamana kimi pulu geri qaytarmamışdır. Eyni zamanda o da artıq evini təmir etdirmişdir. Bu səbəbdən məcbur qalıb məhkəməyə müraciət edmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh onun xeyrinə 10.000 (on min) manat icra olunmayan öhdəliklərinə görə, 500 (beş yüz) manat cərimə faizi, 12 (on iki) manat notarial xərci və 31 (otuz bir) manat dövlət rüsumu olmaqla, cəmi 10543 (on min beş yüz qırx üç) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri 11 saylı Notariat Kontorunda bağlanmış və notariat qaydasında təsdiq olunaraq reyestrdə 3M-709 nömrə ilə qeydə alınmış xx xxx 2019-cu il tarixli podrat müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 22, mənzil 94, yeni qaydalarla; ünvan 1 M14, m3 ünvanında yerləşən ümumi sahəsi 83,1 kv.m təşkil edən mənzilin təmir ediliərək təhvil verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, həmin müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri 16000 (on altı min) manat təşkil edir. Sifarişçi həmin məbləğin 10000 (on min) manatını müqavilə bağlandığı gün ödəmiş, 6000 (altı min) manatı 6 (altı) ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən Cavabdeh sifariş edilmiş mənzili xx.xx.2019-cu il tarixində yaşayış üçün hazır vəziyyətdə sifarişçiyə təhvil verməyi, İddiaçı isə həmin mənzili təhvil almağı öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Məhkəmə işin təsvir edilmiş mübahisəsiz hallarını və Mülki Məcəllənin göstərilən müddəalarını nəzərə alaraq hesab edir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Eyni Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında iddiaçıya məxsus evin təmirinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı evin təmirinə görə Cavabdeh müəyyənləşdirdikləri məbləğdə pul verməyi, Cavabdeh isə bu müqavilədə müəyyən olunmuş müddətdə işləri tikinti qaydalarına uyğun və keyfiyyətli yerinə yetirib iddiaçıya təhvil verməyi üzərilərinə götürmüşlər. İş üzrə İddiaçı pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh razılaşma üzrə öhdəliyi lazımınca icra etməməklə razılaşmanın şərtlərini pozmuşdur. İşin hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh öhdəliyini icra etmədiyindən, iddiaçı həmin öhdəlikdən yaranan 10.000 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı eyni zamanda cavabdehdən 500 (beş yüz) manat məbləğində faiz borcunun alınaraq ona verilməsi barədə tələb irəli sürmüşdür. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə isə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Qeyd olunan maddi hüquq normalarından göründüyü kimi, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, borclu, borcu nəzərdə tutulmuş müddətdə qaytarmadıqda borc verən borcun qaytarılmasını və ona dəymiş zərərin əvəzini ödəməyi tələb etmək hüququna malik olur. Konkret bu halda müqavilənin predmetini pul məbləği təşkil etdiyi üçün iddiaçı cavabdehdən həm pul məbləğini, həm də pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə puldan faydalanmağa görə həmin vəsaitin məbləğindən hesablanan faizlərin ödənilməsini tələb edə bilər. Bu məqamda xüsusilə vurğulanmalıdır ki, iddiaçının pul vəsaitlərinin qaytarılmasının gecikdirilməsi ona birbaşa maddi zərər vurmaqla nəticələnir, cavabdeh tərəfindən pulun qaytarılmaması isə, həmçinin özgənin pul vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Buna görə də məhkəmə, cavabdehin iddiaçı qarşısında öz öhdəliyini icra etməli olduğu tarixdən, yəni 2019-cu ilin avqust ayından qətnamənin qəbul olunduğu günədək əsas götürülməklə faiz hesablanmasını ədalətli hesab edir (10.000 manat x 5 % = 500 manat / 12 ay = 41,7 manat (aylıq faiz) x 15 ay (öhdəliyin icra olunmadığı müddət) = 625,5 manat). Bu məqamda məhkəmə nəzərə alır ki, iddiaçı gecikməyə görə 500 manat faiz tələb etdiyindən iddia həmin həddə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı sözügedən iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu, sənədlərin (podrat müqaviləsinin və şəxsiyyət vəsiqəsinin) fotosurətinin düzgünlüyünün təsdiq edilməsi üçün cəmi 12 manat notariat xərci ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən 30 (otuz) manat dövlət rüsumu ödənilsə də, iddiaçı dövlət rüsumuna görə cavabdehdən 31 (otuz bir) manat tələb etmişdir. Ona görə də məhkəmə dövlət rüsmunun əvəzi olaraq cavabdehdən 30 (otuz) manat, işə baxılması ilə əlaqədar olan məsrəflərə görə 12 (on iki) manat tutulmasını əsaslı hesab edir. Təsvir olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 10.000 (on min) manat, 500 (beş yüz) manat hesablanmış faiz, 30 (otuz) manat dövlət rüsumu və 12 manat notariat xərci alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 10.000 (on min) manat, 500 (beş yüz) manat hesablanmış faiz, 30 (otuz) manat dövlət rüsumunun əvəzi və 12 manat notariat xərci olmaqla, cəmi 10.542 (on min beş yüz qırx iki) manat alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5313/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5313/2020
12.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver