Məhkəmə qərarları › İş №2(001)-5340/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5340/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5340/2023 27.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 27 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin Halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 36300 manat məbləğində borcun, habelə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 03 avqust 2022-ci il tarixdə notariat ofisində kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən, iddiaçı 40000 manat pulu borc olaraq cavabdehə verməyi, cavabdeh isə həmin məbləğdə pulu 03 avqust 2023-cü il tarixədək iddiaçıya geri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, lakin, cavabdeh müqavilədə nəzərdə tutulan son müddət bitməsinə baxmayaraq, hal-hazıradək cəmi 3300 manat ödəniş etməklə, 36300 manat pulu geri ödəməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini bildirib, ərizəyə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş həm poçt vasitəsilə, həm də “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “SMS bildiriş” tətbiqi vasitəsilə mobil telefonuna göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya yazılı münasibətini bildirməmişdir. Mülki iş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 03 avqust 2022-ci il tarixli “kredit müqaviləsi”ndən görünür ki, həmin tarixdə İddiaçı Cavabdeh 40000 manat məbləğində pulu borc verməyi, Cavabdeh isə krediti 03 avqust 2023-cü il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi: Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir ki, həmin maddəyə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin müəyyən olunmuş halları ilə müəyyən olunur ki, tərəflər arasında 03 avqust 2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən, iddiaçı 40000 manat pulu borc olaraq cavabdehə verməyi, cavabdeh isə həmin məbləğdə pulu 03 avqust 2023-cü il tarixədək iddiaçıya geri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, lakin, cavabdeh müqavilədə nəzərdə tutulan son müddət bitməsinə baxmayaraq, hal-hazıradək cəmi 3300 manat ödəniş etməklə, 36300 manat pulu geri qaytarmamışdır. Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür. İş üzrə araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçı borc verən kimi cavabdehə 03 avqust 2022-ci ildə 40000 manat pul verdiyini sübut etmişdir. Bu məbləğdən 3300 manatın qaytarıldığını iddiaçı etiraf etsə də, qalan 36300 manatın ödənilməsi ilə bağlı casvabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında borc müqavilənin bağlanması yazılı qaydada tərtib olunmuş və notariat qaydasında təsdiq olunmuş müqavilə ilə təsdiq olunur. Eyni zamanda müqavilədə göstərilən borc alan tərəfindən borcu qaytarmaq şərti cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı həmin müqavilə üzrə 36300 manat borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır və ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilsin. 36300 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar