Məhkəmə qərarları › İş №2(001)-5342/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5342/2020

19.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5342/2020 19.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 170 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2008-ci il tarixli qərarı ilə onunla cavabdeh arasında nikah pozulmuşdur. Buna görə də o, aliment tələbinə dair məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli qərarına əsasən 154 manat aliment kəsilmişdir. Verilən aliment uşağın bəzi xərclərini ödəmir. Uşaq nevroloji xəstədir, aliment dərmanlara çatmır. Halhazırda cavabdeh neft şirkətində sürücü vəzifəsində işləyir, 996 manat əmək haqqı alır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə almaqla iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək iddia tələbinin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ İ seriyalı 770157 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixində, Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 4100/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Binəqədi rayon məhkəməsinin 2-1183/2010 saylı, xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 607 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən SOCAR Nəqliyyat İdarəsinin 1 saylı X1 2 saylı avtonəqliyyat və xüsusi texnika sahəsində avtomobil sürücüsü vəzifəsində işləyir, aylıq əmək haqqı 578,32 manatdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən uşağa görə aldığı 154 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). Həmin qərarın 8.12-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İş materiallarında olan AZ İ seriyalı 612828 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2010-cu il tarixində X6 ilə rəsmi nikaha daxil olmuşdur. İşdə olan AZE seriyalı № 18239008 saylı şəxsiyyət vəsiqəsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2012-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası İlyasova Güneldir. İşdə olan AZ-İV seriyalı № 173078 saylı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2018-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası X5r. Belə olan halda aydın olur ki, Cavabdeh iddiaçı ilə nikahı pozulduqdan sonra yenidən rəsmi nikaha daxil olmuş və həmin nikahdan onun iki azyaşlı övladı vardır. İşin müəyyən edilmiş həqiqi hallarına əsasən uşağın saxlanması üçün hazırda cavabdeh tərəfindən ödənilən 154 manat aliment miqdarı uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2018-ci ildə, yəni uşağın 12 yaşı olarkən təyin edilmişdir. Hazırda isə uşağın 14 yaşı vardır və ötən 2 il ərzində uşağın artan tələbatındakı dəyişiklik, o cümlədən onun geyimi, qidalanması, təhsili kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Uşağa qulluq edən, onun sağlamlıq, təhsil və məişət qayğılarını bilavasitə çəkən İddiaçı isə maddi cəhətdən imkanları məhduddur. Qeyd edilənlərə əsasən məhkəmə uşaqların saxlanması üçün artan tələbatlarının cavabdeh tərəfindən uşağa görə ödənilən 154 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin uşaq üçün 170 (yüz yetmiş) manata artırılması uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu” haqqında qanunun 8.1.1-ci maddəsinə görə məhkəməyə verilən iddia ərizələri üzrə iddianın qiyməti 500 (beş yüz) manatadək olduqda, dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat miqdarında müəyyən edilmişdir. Məhkəmə bir il ərzində ödəmənin artrıldığı məbləğin 500 manatadək olacağını nəzərə alıb hesab edir ki, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4100/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan 154 manat miqdarında alimentin məbləği dəyişdirilməli, xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər ay 170 (yüz yetmiş) manat miqdarında aliment tutularaq İddiaçı verilməli, həmin aliment məbləği tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və qanunla müəyyən edilmiş qaydada ölkədə yaşayış minimumunun uşaqlar üçün müəyyən edilmiş məbləğdən aşağı olmaması nəzərə alınmaqla ədalətli hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4100/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan alimentin miqdarı artırılsın. xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündənhər ay 170 (yüz yetmiş) manat miqdarında aliment sabit pul məbləğində tutularaq İddiaçı verilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar