Məhkəmə qərarları › İş №2(001)-5342/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5342/2022

02.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5342/2022 02.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 sentyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək borcludan 2192,39 manat borcun, 20 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının kreditorun xeyrinə tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 29 mart 2007-ci il tarixli, 10 sentyabr 2008-ci il tarixli, 94349, ******* saylı müqavilələr əsasən, kreditor tərəfindən borclunun istifadəsinə 400 00 05; *** ** ** telefon nömrələri verilmişdir. Borclu müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə mobil telefon nömrələrindən istifadəyə görə 2192,39 manat borcu yaranmış, borc bugünədən ödənilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli, 2(001)- 16725/2017 saylı məhkəmə əmrinə əsasən, ərizə təmin edilmişdir. 19 iyul 2022-ci il tarixdə Cavabdeh məhkəmə əmrinin ləğvinə dair etirazla məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(001)-16725/2017 saylı qərardadına əsasən, məhkəmə əmri ləğv edilmiş, ərizə üzrə materiallar iddia icraatına keçirilmiş, mülki işə 2(001)-5342/2022 sıra nömrəsi verilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, ərizəyə onların iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia müdətinin tətbiqi barədə ərizə təqdim edərək, izahatında göstərdi ki, iddiaçı tərəfindən tələb edilən borc 2008-ci ilə aid olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş 01 yanvar 2008-ci il tarixli hesabdan müəyyən olunur ki, cavbadehin iddiaçıua 2192,39 manat borcu yaranmışdır. Bu isə o deməkdir ki, iddiaçı sözügedən borcu 3 il ərzində tələb etməli olduğu halda, bunu vaxtında etməmiş və yalnız 14 ildən sonra tələb etmişdir. İddia müddətinin keçməsi səbəbindən iddia rədd edilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 29 mart 2007-ci il tarixli, 94349 saylı “Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda” müqavilə, həmçinin xidmətin göstərilməsinə dair “Müqaviləyə əlavə” bağlanmış, cavabdehə 70 400 00 05 mobil nömrəsi verilmiş, müqavilənin şərtlərinə əsasən, iddiaçı nömrə, rabitə xətti ayırmağı və rabitə xidmətləri ilə təmin etməyi, cavabdeh isə xidmətlərə görə bu müqavilə, qaydalar və tarif planına əsasən ödəniş həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmçinin, iddiaçı ilə cavabdeh arasında 10 sentyabr 2008-ci il tarixli, ******* saylı “Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda” müqavilə, həmçinin xidmətin göstərilməsinə dair “Müqaviləyə əlavə” bağlanmış, cavabdehə 70 400 00 06 mobil nömrəsi verilmiş, müqavilənin şərtlərinə əsasən, iddiaçı nömrə, rabitə xətti ayırmağı və rabitə xidmətləri ilə təmin etməyi, cavabdeh isə xidmətlərə görə bu müqavilə, qaydalar və tarif planına əsasən ödəniş həyata keçirməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş faktura məlumatlarından görünür ki, Cavabdeh 01 yanvar 2008-ci il tarixə 2168,24, 01 fevral 2008-ci il tarixə 24,15 manat borc hesablanmışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. İddiaçı 29 mart 2007-ci və 10 sentyabr 2008-ci il tarixli abunə müqavilələri əsasında cavabdehin istifadə etdiyi xidmətlərə görə hesablanmış və sonuncu tərəfindən ödənilməmiş borcun ödənilməsini tələb edir. Yəni, iddiaçının tələbi vaxtaşırı ödənişlərlə bağlıdır. Digər tərəfdən, fakturanın verildiyi 01 fevral 2008-ci il tarixdən sonrakı müddətdə ödənişin icra edilməməsi işin mübahisəsiz halıdır. Habelə, tərəflər arasında ikinci müqavilə 10 sentyabr 2008-ci il tarixdə bağlanmasına baxmayaraq, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 01 yanvar və 01 fevral 2008-ci il tarixli fakturalarda göstərilən ümumi borc məbləği iddia tələbi ilə eynilik təşkil edir. Yəni, fakturalar tərtib olunan zaman hələ tərəflər arasında ikinci müqavilə bağlanmamışdır. Belə olan halda iddiaçının hər iki müqavilə üzrə iddia tələbində göstərilən məbləğdə borcun ödənilməsini tələb etməsi üçün heç bir əsas yoxdur. Hazırki halda 5 illik iddia müddəti tətbiq olunduqda iddiaçının hazırki tələblə məhkəməyə müraciəti üçün son tarix 01 fevral 2013-cü il olduğu halda, iddiaçı məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə 01 dekabr 2017-ci il tarixdə müraciət etmişdir. Buna görə də, iddia rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə iddiası təmin edilməsin, məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar