Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5353/2025 06.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, iddiaçı – İddiaçı cavabdeh – Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı ilə cavabdeh xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 5018 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahlarından bir övladları – xx.xx.2023-cü il təvəllüdlü X10 doğulmuşdur.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2648/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir.
3. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün borclu Cavabdeh öz xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində 246 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı xx.xx.2025-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh mediasiyaya müraciət oldunduğu tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 246 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2648/2024 saylı, xx.xx.2024 tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4726/2024 nömrəli, xx.xx.2024 tarixli qətnaməsi ilə MŞB/18/2023-01718 nömrəli xx.xx.2023 tarixli barışıq sazişinə əsasən xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi barədə qətnamə qəbul olunmuşdur. Hazırda Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş qətnamədə qeyd olunmuş 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment uşağın tələbatını ödəmir. Həmçinin uşağın xəstəliyi ilə bağlı “kəllədaxili beyin təzyiqi" diaqnozu qoyulub bununla bağlı olaraq gözündə çəplik yaranıb, bunların aradan qaldırılması üçün davamlı olaraq müalicə alır. Müalicəsində istifadə olunan dərman preparatlarının alınması və digər ehtiyaclarını tamamilə iddiaçı ödəyir. Uşağın bütün qayğısını ehtiyacını iddiaçı ödəyir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çətindir. Alimentin artırılması ilə bağlı xx.xx.2024-cü il tarixində mediasiya prossesi keçirilmiş, lakin heç bir razılaşma əldə edilməmişdir. Mediasiya təşkilatı tərəfindən MŞB18/2024-00623 nömrəli, xx.xx.2024 tarixli arayış təqdim olunmuşdur. Buna görə də iddiaçı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.
Cavabdehin etirazları:
6. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.
Tərəflərin izahatları:
7. İddiaçı iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunda izahat verərək iddia tələbini müdafiə etdiyini və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasında taksi fəaliyyətindən gündəlik 23 manat qazandığını, 3 uşağa aliment ödədiyini, himayəsində təkbaşına saxladığı azyaşlı uşaq olduğunu, əmlakının olmadığını, aliment borcu barəsində 4 ay məlumatı olmadığını, alimentin 220 manat olduğu təqdirdə 300 manat ödədiyini, son zamanlar bəzi problemləri olduğuna görə az ödəniş etdiyini qeyd edərək iddia tələbini qəbul etmədiyini bildirmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
9. İş materiallarında olan AZ-İV nömrəli, 944697 saylı doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X10 xx.xx.2023-cü il tarixində doğulmuşdur.
10. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-2648/2024 saylı qətnaməsindən müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilərək tərəflər arasındakı xx.xx.2022-ci il tarixində 3 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış, 5018 № ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir.
11. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-4726/2024 saylı qətnaməsindən müəyyən edilir ki, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qeyd edilməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təstiq edilməsi barədə ərizəsi təmin edilərək Cavabdeh 2024-cü il yanvar ayından başlayaraq, xx.xx.2023-cü il tarixdə doğulmuş X6 yekinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və qətnamənin dərhal icra edilməsi qət edilmişdir.
12. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış X16 klinikası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəydən müəyyən edilir ki, xx.xx.2023-cü il təvəllüdlü X8 bilaterial İ dərəcəli simmetrik ventrikulomeqaliya diaqnozu qoyulmuşdur.
13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli həkim reseptlərindən müəyyən edilir ki, xx.xx.2023-cü il təvəllüdlü X8 xəstəliklə bağlı həkim tərəfindən bır sıra dərman pereparatlarının qəbul edilməsi təyin edilmişdir.
14. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən tərtib edilmiş qətnamədən müəyyən edilir ki, iddiaçı X2 Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılması tələbi” barədə iddiası təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü və xx.xx.2010-cu il təvəllüdlü Hakanın yetkinlik yaşına çatanadək qədər saxlanılması üçün Cavabdeh X2 xeyrinə hər ay tutulan sabit pul məbləğində alimentin miqdarının artırılması və hər uşağa görə (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində pulun xx.xx.2024-cü il tarixindən başlayaraq tutulması qət edilmişdir.
15. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli, AZ-İV № 099693 qeydiyyat nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X12 xx.xx.2018-ci il tarixində doğulmuşdur.
16. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ № 469701 qeydiyyat nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən müəyyən edilir ki, Cavabdeh X1 doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X7 atası hesab edilir.
17. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ № 362797 qeydiyyat nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X3 xx.xx.2023-cü il tarixində vəfat etmişdir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Konstitusiyası: - Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. - Maddə 34. İİİ. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. - Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
19. Beynəlxalq hüquqi aktlar: BMT-nin 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”: - Maddə 25. Analıq və körpəlik xüsusi himayə və yardım hüququ verir. Nikahlı və yaxud nikahsız doğulmuş bütün uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. BMT-nin 19 dekabr 1966-cı il tarixli qətnaməsi ilə təsdiq edilmiş “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ı: - Maddə 10. Cəmiyyətin başlıca özəyi olan ailəyə imkan dairəsində, ələlxüsus onun yaranma dövründə və öhdəsinə kiçik yaşlı uşaqların böyüdülməsi və tərbiyə olunması məsuliyyəti düşdüyü zaman hərtərəfli mühafizə və kömək təmin olunmalıdır. Nikah ona daxil olanların azad razılığı ilə bağlanmalıdır. BMT-nin 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında Konvensiya”sı: - Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. - Maddə 18. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. - Maddə 27. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (AR AM): - Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. - Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. - Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
21. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu: - Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı: “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8- 2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli: - 8. Məhkəmələr nəzərə alsınlar ki, aliment tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər (MPM-in 36.3-cü maddəsi). Aliment ödəyən şəxs tərəfindən alimentin miqdarının azaldılması barədə iddia isə MPM-in 35.1-ci maddəsinin tələbinə müvafiq olaraq yalnız cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. - 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). - 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. - 8.11. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. - 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPMin 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. - 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam şəkildə nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır.
25. Belə ki, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşağını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar.
26. Məhkəmə qeyd edir ki, əvvəldə də göstərildiyi kimi, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir.
27. Göstərilən müddəadan da müəyyən edilir ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zəruriliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir.
28. Məhkəmə onu da qeyd edir ki, cavabdehdən 2023-cü ilin dekabr ayından tərəflər arasında bağlanmış barışıq sazişi əsasında alimentin tutulmasına başlanmış, həmin barışıq sazişi isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Ötən dövr ərzində cavabdehin maddi vəziyyətində müsbətə doğru hər hansı bir dəyişiklik baş verməmiş (ən azından iddiaçı tərəfindən bu halı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir), əksinə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehin öncəki nikahından doğulmuş iki uşağına görə ödədiyi alimentin məbləği artırılaraq hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində alimentin tutulması qət edilmişdir.
29. Məhkəmə onu da vurğulayır ki, yuxarıda qeyd edilənlərdən əlavə cavabdehin himayəsində hazırki iddiaçıdan olan övladına alimentin ödənilməsinə dair razılığa gəldiyi dövrdə də, hazırki iddiaya baxıldığı dövrdə də vəfat etmiş X1 dünyaya gəlmiş xx.xx.2018ci il təvəllüdlü bir uşağı daha vardır. Ona görə də məhkəmə hesab edir ki, hazırki iddianın qaldırıldığı və ona baxıldığı dövrdə cavabdehin maddi vəziyyətində hər hansı bir dəyişiklik baş vermədiyindən alimentin artırılmasına dair iddia təmin edilə bilməz.
30. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin rayon (şəhər) və apellyasiya məhkəmələrinə ünvanladığı xx.xx.2025-ci il tarixli izahatında qeyd edilənləri də rəhbər tutaraq qeyd edir ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, habelə 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən, minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması bu əsasla verilmiş iddia tələblərinin və ərizələrin təmin edilməsinə yol vermir.
31. Məhkəmə vurğulayır ki, hazırda iddiaçı uşaqların saxlanması üçün minimum dolanacaq xərclərinin artırılaraq 246 manat olduğunu vurğulamış və ona görə də cavabdehdən 220 manat sabit pul məbləğində tutulan alimentin məbləğinin artırılaraq 246 manat olmasını məhkəmədən xahiş edir. Məhkəmə bu qətnamənin 29-cu bəndində qeyd edilənləri rəhbər tutaraq bildirir ki, iddia tələbi uşaqların saxlanılması üçün minimum dolanacaq xərclərinin artmasına əsaslandığından əsassızdır və rədd edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
32. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 88, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
3. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Anar Rzayev