Məhkəmə qərarları › İş №2(001)-5355/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5355/2022

07.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5355/2022 07.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə 07 oktyabr 2022ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından olan 06 oktyabr 2013-cü il təvəllüdlü X6 adlı uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirib izahatında göstərdi ki, o, 02 oktyabr 2012-ci il tarixdə cavabdehlə ailə qurmuşdur, birgə nikahlarından bir yetkinlik yaşına çatmaya uşaqları vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli, 2(004)-5738/2017 saylı qətnaməsinə əsasən, cavabdehlə aralarındakı nikah pozulmuş, uşağın onun yanında saxlanması və cavabdehdən hər ay 137 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qərara alınmışdır. Hazırki dövrdə ayda 137 manatla uşağın təminatlarını ödəmək mümkün deyil. Belə ki, uşaq orta məktəbin 4-cü sinfində, habelə, musiqi məktəbinin 2-ci sinfində təhsil alır. Uşağın bütün xərclərini o qarşılayır. Halbuki, cavabdeh özəl şirkətdə işləyir, kifayət qədər yaxşı əmək haqqı alır, həmçinin, 2022-ci il üçün uşaqlar üzrə yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərmişdir ki, o, "xxxx" MMC-nin Anbar Təsərrüfatı və Logistika Departamentində sürücü köməkçisi işləyir, aylıq əmək haqqı 300 manat təşkil edir, əlavə gəliri yoxdur. Valideynləri, 7 ailə üzvü ilə birlikdə maddi imkanı zəif olduğundan 2 otaqlı kiçik evdə yaşayırlar. Atası yataq xəstəsidir, qulluğa, müalicə olunmasına, dərmanlara ehtiyacı vardır. Anası evdar qadın olmaqla, atasına qulluq edir, o isə müalicə xərclərini ödəyir, evin gündəlik dolanışığını təmin edir. Belə olan halda ayda 193 manat aliment ödəməyə maddi imkanı çatmır. Ayda 150 manat aliment ödəməyə etiraz etmir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2017ci il tarixli, 2(004)-5738/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X4 arasındakı nikah pozulmuş, birgə nikahlarından olan 06 oktyabr 2013-cü il təvəllüdlü X6 adlı uşağın anasının himayəsinə verilməsi, uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 137 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 03 avqust 2022-ci il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh MMC-nin Anbar Təsərrüfatı və Logistika Departamentində sürücü köməkçisi işləyir, aylıq əmək haqqı 300 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, yaşını, normal, yəni qida rasionalarına uyğun qidalanmasını, geyimi, təhsili və s. ilə bağlı xərclərin mövcudluğunu nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği 193 manat müəyyən edilməli, bu məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı tarixdən aparılmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Lakin, nəzərə alınmalıdır ki, həmin qərar qəbul edilən zaman alimentin tutulması ilə bağlı məhkəmə aktları Mülki Prosessual Məcəllənin 234-cü maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin maddəyə 20 dekabr 2016-cı il tarixdə edilmiş dəyişikliyə əsasən, alimentin alınması barədə qətnamələrin dərhal icra olunması təsbit edilmişdir. Məhkəmə cavabdeh tərəfindən verilmiş etirazda göstərilənlərə münasibətdə qeyd edir ki, cavabdehin ata-anasının qayğısına qalmağı, birlikdə yaşadıqları ailə üzvlərinin maddi tələbatlarını ödəməsi onun uşağının saxlanması üçün qanunvericiliklə nəzərdə tutulmuş minimum həddə aliment öhdəliyindən azad edilməsi üçün əsas hesab edilə bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli, 2(004)- 5738/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 06 oktyabr 2013-cü il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı 07 oktyabr 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar