Məhkəmə qərarları › İş №2(001)-537/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-537/2021

14.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-537/2021 14.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi və qeyrilərinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə- İstehsalat İdarəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYP İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin X3rşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehlərdən zərərin əvəzi olaraq 8470 manat məbləğində pulun və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, 20.05.2019-cu il tarixdə saat 10:45 radələrində özünə məxsus “X6” markalı **-BJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu H.Əliyev prospekti ilə Yevlax şəhəri istiqamətində hərəkət olarkən, K.Cabbarov küçəsi ilə kəsişməyə çatdığı zaman svetoforun qırmızı işığının yanmadığından və əsas yolda olduğu üçün hərəkətini davam etdirmişdir. Bu zaman K.Cabbarov küçəsində hərəkətdə olan X2 idarə etdiyi “X5” markalı **-LB-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə əyləcdən istifadə etmədən onun qarşısına çıxmış, nəticədə avtomobillərə toqquşaraq ciddi zərər görmüşlər. Müəyyən olunmuşdur ki, onun hərəkətdə olduğu istiqamətdə svetoforun qırmızı işığı, digər avtomobilin hərəkət istiqamətində isə svetoforun yaşıl işığı yanmamışdır. Svetoforun nasazlıq faktını digər avtomobilin sürücüsü Kamal Atakişiyev, hadisə yerinə gələn YPX-nin əməkdaşları öz izahatlarında təsdiq etmiş və həmin fakt tərəflər tərəfindən mübahisələndirilməmişdir. Hadisədən sonra “Siqnal” İLİ-nin əməkdaşları hadisə yerinə gələrək svetoforu təmir etmişlər. Bunu “Siqnal” İLİ-nin Ağdam istismar sahəsinin rəisi öz izahatında təsdiq etmişdir. Bütün bunlara baxmayaraq Bərdə RPŞ-nin DYPB-nin YPX əməkdaşının qəbul etdiyi TYP 120274 saylı, 22.05.2019-cu il tarixli qərarı ilə İXM-nin 327.2cı maddəsi ilə 60 manat məbləğində cərimə-inzibai tənbeh tətbiq edilmişdir. Həmin qərardan verilmiş şikayət nəticəsində Bərdə Rayon Məhkəməsinin qərarı ilə TYP 120274 saylı, 22.05.2019-cu il tarixli qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Zərər dəymiş avtomobil barədə məlumat haqqında 30.05.2019-cu il tarixli ilkin qiymətləndirmə aktına əsasən, iddiaçının mülkiyyətində olan “X6” markalı **-BJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün təmir işlərinin ümumi xərci 8470 manat müəyyən olunmuşdur. Yol-nəqliyyat hadisəsi BDYPİ-nin “Siqnal” İLİ İdarəsinin əməkdaşları tərəfindən lazımı şəkildə nəzarətin həyata keçirilməsi səbəbindən baş verdiyindən, zərərin əvəzinin ödənilməsi məqsədilə cavabdehlərə yazılı şəkildə ərizələr göndərilsə də, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər hansı cavab verilmədiyindən, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin 20.10.2020-ci il tarixli iclasında iddiaçının nümayəndəsi-vəkili iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlərdən müştərək qaydada zərərin əvəzi olaraq 8470 manat məbləğində pulun, ödənilmiş 31 manat məbləğində dövlət rüsumun, vəkilin göstərdiyi yardıma görə 400 manat, yol xərcinə görə 150 manat, notariat xərcinə görə 12 manat, zərərin müəyyənləşdirilməsi üçün avtomobilin müayinəsinə görə 48 manat olmaqla, cəmi 9111 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bərdə Rayon Məhkəməsinin 3(021)-527/2019 saylı, 05.07.2019-cu il tarixli qərarına əsasən, İddiaçı şikayəti təmin edilmiş, Bərdə RPŞ-nin DYPB-nın TYP № 120274 22.05.2019cu il tarixli qərarın ləğv edilməsi, TYP № 120274 22.05.2019-cu il tarixli inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - 30.05.2019-cu il tarixli zərər dəymiş avtomobil barədə ilkin qiymətləndirmə aktına əsasən “X6” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi dəyəri 8470 manat təşkil etmişdir. - İnzibati Xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında XP1558947 nömrəli Qərardan görünür ki, İddiaçı barəsində tərtib edilmiş TYP 120274 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin 23.02.2021-ci il tarixli, 9/6056 nömrəli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, fiziki şəxs V.Salmanov tərəfindən təqdim edilmiş 30.05.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “X6” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6562 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinı əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. -1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Yolnəqliyyat hadisəsi cavabdehlər tərəfindən lazımı şəkildə nəzarətin həyata keçirilməməsi səbəbindən baş verdiyindən və buna görə də iddiaçıya dəymiş ziyan bilavasitə cavabdehlərin səhvi ucbatından vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən dəymiş ziyan cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin Xİİ hissəsinin tələblərinə əsasən yollarda svetoforların qurulması və onların lazımi vəziyyətdə işləməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Həmin Qanununun 75-ci maddəsinin İV bəndinə müvafiq olaraq yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. Həmin Qanununun 85-ci maddəsinin İ bəndinə əsasən, bu Qanunun tələblərinə ciddi əməl etməklə yollarda hərəkət təhlükəsizliyinə nəzarəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmədaşları həyata keçirirlər. Məhkəmə iddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş TYP № 120274 22.05.2019-cu il tarixli qərarın ləğv edilməsi, TYP № 120274 22.05.2019-cu il tarixli inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərarı Azərbaycan Respublikası MPM-nin 82.4cü maddəsinə müvafiq olaraq həmin qərar məhkəmə üçün məcburi olmasa da, yol nəqliyyat hadisəsinin məhz cavabdehlərin səhvinə görə baş verdiyi göstərilən qərarla sübuta yetirilmiş və buna görə də cavabdeh tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş TYP № 120274 22.05.2019-cu il tarixli qərarı ləğv edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Odur ki, cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə- İstehsalat İdarəsinin Ağdam İstismar Sahəsindən dəymiş zərərin əvəzi olaraq 6562 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə- İstehsalat İdarəsindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Ağdam İstismar Sahəsindən dəymiş zərərin əvəzi olaraq 6562 (altı min beş yüz altmış iki) manat məbləğində pul və 30(otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Ağdam İstismar Sahəsindən tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar