Məhkəmə qərarları › İş №2(001)-5381/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5381/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5381/2021 29.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx (Azərbaycan)” ASC-yə (03.10.2019-cu il tarixdə iddiaçının ərizəsi əsasında işə cavabdeh qismində cəlb edilmiş, 15.10.2019-cu il tarixdə isə cavabdehlər sırasında çıxarılmışdır) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Çinqiz qızı ilə "xxxx” (Azərbaycan) ASC arasında 22 aprel 2013-ci il tarixli 112149-1-6156 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən 16837 ABŞ dolları məbləğində pul Cavabdeh1 Çinqiz qızına 16 faizlə illik 36 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə verilmişdir. Kredit borcunun təminatı olaraq, Cavabdeh1 Çinqiz qızı ilə kreditor "xxxx” (Azərbaycan) ASC arasında 22 aprel 2013-cü il tarixli 112149-16-8056 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tələbinə əsasən cavabdehə məxsus olan 2012-ci il buraxılışlı Chevrolet markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh "xxxx” (Azərbaycan) ASC qarşısında üzərinə düşən kredit borcun qismən ödənişini təmin etmiş, ondan sonra cavabdehlə iddiaçı arasındakı razılaşmaya əsasən özünə məxsus olan avtomobili iddiaçıya 23 mart 2014-cü il tarixli etibarnamə əsasında satmışdır. Həmin tarixdən sonra cavabdehin kredit üzrə qalıq borcunun ödənişini iddiaçı öz öhdəsinə götürmüşdür. Cavabdehlə iddiaçı arasında olan razılaşmaya əsasən iddiaçı cavabdehin kredit borcu üzrə olan 5983 ABŞ dolları məbləğində borcunu kreditor "xxxx” (Azərbaycan) ASC-yə tam ödədikdən sonra cavabdehə məxsus olan avtonəqliyyat vasitəsi iddiaçının mülkiyyətinə keçirilmişdir. Bundan sonra Azərbaycan Respublikası prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanı qəbul etmişdir. İddiaçının cavabdehin əvəzinə kreditor "xxxx" (Azərbaycan) ASC-yə ödənilmiş pul vəsaitinə görə kompensasiya ayrılmış, lakin cavabdeh pulun iddiaçıya ödənilməsindən imtina edir. 15 oktyabr 2019-cu il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddianın həcmini artırmış, 4532,08 manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli, 2(001)-5798/2019 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 4532,08 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh1 27.05.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli, 2(001)-5798/2019 saylı qiyabi qətnaməsinin surətinin ona təqdim edilməsini xahiş etmiş, həmin tarixdə qətnamənin surəti ona təqdim edilmiş və və, 08.06.2021-ci il tarixdə o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli, 2(001)-5798/2019 saylı qiyabi qətnaməsinin ləğvi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(001)-5381/2021 qərardadə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli, 2(001)- 5798/2019 saylı qiyabi qətnaməsi ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. 25.06.2021-ci il tarixdə Cavabdeh1 iddia ərizəsinə etirazla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehlə “xxxx (Azərbaycan)” ASC arasında bağlanmış 22 aprel 2013-ci il tarixli 112149-1-6156 saylı “Avtomobil krediti müqaviləsi”nə əsasən cavabdehə “Chevrolet Aveo” markalı avtomobilin satın alınması üçün 36 ay müddətinə illik 16% hesablanmaqla 16837 dollar məbləğində kredit verilmişdir. “Chevrolet Aveo” markalı avtomobilin alınması üçün cavabdeh tərəfindən banka ilkin olaraq 2000 manat ödəniş edilmişdir. Bundan əlavə cavabdeh tərəfindən İddiaçıa etibarnamə verilməmişdir. O, kredit müqaviləsi üzrə zamin X1 etibarnamə vermişdir. İddiaçı 2015- 2018-ci illərdə 5983 ABŞ dolları ödəniş etməsi isə inandırıcı deyil. Belə ki, “xxxx (Azərbaycan)” ASC tərəfindən 15.07.2015-ci il tarixdə ona və kredit müqaviləsi üzrə digər iki zaminə 22 aprel 2013-ci il tarixli 112149-1-6156 saylı “Avtomobil krediti müqaviləsindən irəli gələn pul tələblərinin ödənilməsinə dair Pretenziya məktubu göndərilmişdir. Həmin pretenziya məktubunda 6105 ABŞ dollarını 5 iş günündə Banka ödənilməsi tələb edilmişdir. İddiaçı Cavabdeh1 hazırkı mülki iş üzrə cavabdeh olaraq göstərməsi qanunsuz və əsassıdır. Belə ki, cavabdehlə Bank arasında müqavilə bağlanmış və Bank tərəfindən ona pul ödənilmişdir. Cavabdeh1 ilə iddiaçı arasında heç bir müqavilə olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, etirazın dəlilləri ilə tanış olaraq məhkəməyə bildirdi ki, 22 aprel 2013-ci il tarixli “Avtomobil krediti müqaviləsi”nə əsasən yaranmış borcu avtomobili alandan sonra ona təqdim edilmiş ödəniş cədvəlinə əsasən ödəmiş və həmin cədvəli, etibarnamənin təsdiq olunmuş surəti ilə birlikdə məhkəməyə təqdim edir. Cavabdeh onun tərəfindən Banka 5983 ABŞ dolları məbləğində pulun ödənilməsini şübhə altına qoyur, lakin o, ödənişləri təsdiq edən bütün qəbzləri məhkəməyə təqdim etmişdir. Bələliklə, o, tələblərini tam əsaslandırmış və sübut etmiş, cavabdeh isə etirazında yalnız şübhə və ehtimallara əsaslanmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 aprel 2013-cü il tarixli, 112149-1-6156 nömrəli Avtomobil kredit müqaviləsindən görünür ki, həmin müqavilə “xxxx (Azərbaycan)” ASC ilə Cavabdeh1 arasında bağlanılmış və müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illki 16% ödəmək şərti ilə 16837 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan 22 aprel 2013-cü il tarixli, 112149-16-8056 nömrəli İpoteka müqaviləsindən görünür ki, Cavabdeh1 Bank qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka predmeti olan Chevrolet markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 23 mart 2014-cü il tarixli etibarnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 həmin tarixdə İddiaçı ümumi etibarnamə vermiş, etibarnamə 04.02.2044-ci ilədək qüvvədədir və Cavabdeh1 bütün daşınar əmlakının İddiaçı tərəfindən idarə edilməsini və hətta həmin səlahiyyətlərin başqa şəxslərə verilməsini də nəzərdə tutur. İş materiallarında olan 112149-1-6156 nömrəli Kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşmadan görünür ki, Kredit alanın Banka 09 sentyabr 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 5736 ABŞ dolları məbləğdə müəyyən edilmişdir. İş materiallarında olan 22 aprel 2013-cü il tarixli, 112149-16-8056 saylı İpoteka müqaviləsinə Dəyişiklik edilməsi barədə 01 saylı Razılaşmadan görünür ki, həmin razılaşmada artıq İddiaçı da adı qeyd olunmuşdur. İş materiallarında olan möhürlü ödəniş qəbzlərinin əsllərindən görünür ki, İddiaçı Cavabdeh1 krediti üzrə 25.08.2015-ci il tarixdə 300 ABŞ dolları, 06.10.2015-ci il tarixdə 500 ABŞ dolları, 10.11.2015-ci il tarixdə 500 ABŞ dolları, 15.01.2016-cı il tarixdə 261 ABŞ dolları, 18.01.2016-cı il tarixdə 237 ABŞ dolları, 09.02.2016-cı il tarixdə 500 ABŞ dolları, 04.03.2016-cı il tarixdə 300 ABŞ dolları, 10.03.2016-cı il tarixdə 200 ABŞ dolları, 11.04.2016-cı il tarixdə 500 ABŞ dolları, 22.04.2016-cı il tarixdə 2394 ABŞ dolları, 01.06.2016-cı il tarixdə 291 ABŞ dolları olmaqla, cəmi 5983 ABŞ dolları ödəniş etmişdir. İş materiallarında olan “xxxx (Azərbaycan)” ASC tərəfindən məhkəmənin göndərdiyi sorğuya verilmiş cavabda aşağıdakılar göstərilmişdir: “ ... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanla bağlı Cavabdeh1 15 may 2019-cu il tarixində 4532.08 manat məbləğində AZ98VTBA**********2149AZN001 saylı cari kart manat hesabına kompensasiya ayrılmışdır. Müştəri tərəfindən 07 oktyabr 2019-cu il tarixinədək 4530 AZN vəsait məxaric edilmişdir və 14 oktyabr 2019-cu il tarixinə müştərinin hesabında 2.08 AZN məbləğ mövcuddur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləlilklə, məhkəmə Cavabdeh1 tərəfindən İddiaçı 23 mart 2014-cü il tarixdə etibarnamə verilməsini, İddiaçı adının 22 aprel 2013-cü il tarixli Kredit və İpoteka müqavilələrinə Dəyişiklik edilməsi barədə razılaşmalarda qeyd olunmasının, İddiaçı tərəfindən Cavabdeh1 Banka olan borcu üzrə 5983 ABŞ dolları ödəniş edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən həmin kredit üzrə Cavabdeh1 ayrılmış və onun tərəfindən alınmış kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, qeyd olunan Fərman vətəndaşlara dəstək və onların maliyyə yükünün azaldılması məqsədi ilə qəbul olunmuş, baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə qəbul edilmişdir. İş materiallarından göründüyü kimi, devalvasiya baş verən zaman kredit üzrə öhdəlikləri cavabdeh deyil, artıq iddiaçı icra etmiş və devalvasiya nəticəsində maliyyə itkiləri ilə məhz İddiaçı üzləşmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 4532,08 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 4532,08 (dörd min beş yüz otuz iki manat səkkiz qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar