Məhkəmə qərarları › İş №2(001)-5384/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5384/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5384/2021 26.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X4 oğlunun iştirakı ilə İddiaçı “ABC Telecom” Açıq Səhmdar Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə 26 iyul 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “ABC Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış 30.08.2019-cu il tarixli müqaviləyə əsasən, sonuncu ümumi dəyəri 336 manat olan 2 ədəd “Hoffman X Go” markalı telefonları 24 ay müddətinə, aylıq 14 manat ödəmək şərti ilə, 23.09.2019-cu il tarixli müqaviləyə əsasən, ümumi dəyəri 282 manat olan “Xiaomi Redmi 7A2 markalı mobil telefonu 84 manat ilkin ödəniş etməklə qalan məbləği 18 ay müddətinə, aylıq 11 manat ödəmək şərti ilə və 14.01.2020-ci il tarixli müqaviləyə əsasən, ümumi dəyəri 2745 manat olan “Hoffman Seksiya” 18 ay müddətinə, aylıq 152,5 manat ödəmək şərti ilə əldə etmiş, lakin kreditor qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında icra etmədiyindən iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışına əsasən 1-ci müqavilə üzrə 238 manat əsas, 54 manat dəbbə borcu, 2-ci müqavilə üzrə 132 manat əsas, 23 manat dəbbə borcu, 3-cü müqavilə üzrə isə 2440 manat əsas, 638 manat dəbbə borcu olmaqla cəmi 3525 manat məbləğində borcu yaranmışdır. “ABC Telecom” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən məbləğdə pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 oğlu iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. “ABC Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış 30.08.2019-cu il, 29.09.2019-cu və 14.01.2020-ci il tarixli müqavilələrdə və həmin müqavilələrə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh 30.08.2019-cu il, 29.09.2019cu və 14.01.2020-ci il tarixli müqavilələrə əsasən “ABC Telecom” MMC-dən aldığı əşyaların dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, hər üç müqavilə üzrə yaranmış müvafiq olaraq 238 manat, 132 manat və 2440 manat məbləğində əsas borc Cavabdeh tutularaq “ABC Telecom” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə birinci müqavilə üzrə 238 manat məbləğində əsas borca tənasübsüz olaraq 54 manat, ikinci müqavilə üzrə 132 manat məbləğində əsas borca 23 manat, üçüncü müqavilə üzrə 2440 manat məbləğində əsas borca 638 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 30.08.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 54 manat məbləğində dəbbə pulu azaldılaraq 5 manat, 23.09.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 23 manat məbləğində dəbbə pulu azaldılaraq 3 manat və 14.01.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 638 manat məbləğində dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “ABC Telecom” MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 24 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “ABC Telecom” MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 30.08.2019-cu il tarixli müqavilə üzrə 238 manat əsas borc, 5 manat dəbbə pulu, 23.09.2019-cu il tarixli müqavilə üzrə 132 manat əsas borc, 3 manat dəbbə pulu, 14.01.2020-ci il tarixli müqavilə üzrə 2440 manat əsas borc, 50 manat dəbbə pulu, ümumilikdə 2868 manat məbləğində pul vəsaiti tutularaq “ABC Telecom” MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 24 manat məbləğində pul Cavabdeh tutularaq “ABC Telecom” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar