Məhkəmə qərarları › İş №2(001)-5394/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5394/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5394/2020 28.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X7 Təşkilatı (BOKT) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbi barədə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 19541,46 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsi”nə dair xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən, bankın problemli aktivlərinin tələb hüququ iddiaçıya keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar iddiaçı tərəfindən bankdan problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X1 dair sənədlər S-AVK-1493 saylı, xx xxxxxx 2017-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçıya verilmişdir. “xxxx” ASC-nin Suraxanı filialı ilə cavabdeh arasında xx xxxx 2013-cü il tarixli, 01138 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdehə illik 19 faiz dərəcəsi ilə 36 ay müddətinə 51500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdehin mülkiyyətində olan “VAZ-21074” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomoil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-145/2019 saylı qətnaməsinə əsasən, 42396,94 ABŞ dolları əsas, 11037,11 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 53434,05 ABŞ dolları məbləğində pulun Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulması qərara alınmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx xxxxxxxx 2020-ci il tarixədək 19541,46 ABŞ dolları məbləğində əldən çıxmış fayda hesablanmışdır. Sonda P.N.Əzimova məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan: - xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinin bitdiyi xx xxxx 2016-cı il tarixdən xx xxxxxxxx 2020-ci il tarixdək dəymiş zərər qismində 19541,46 ABŞ dolları məbləğində borcu yaranmışdır. - “xxxx” ASC ilə İddiaçı BOKT QSC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli “ “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə gözəşt edilməsinə dair” müqavilənin surətindən görünür ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 nömrəli Fərmanına uyğun olaraq “xxxx” ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, İddiaçı QSC-nin idarəetməsinə vermiş və eyni zamanda, həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə gözəşt etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunun tutulması ilə bağlı iddiaçının nümayəndəsinin izahatında göstərilənlərdən bəlli olduğu kimi, məhkəmə qətnaməsi mövcud olduğundan, kredit müqaviləsinin müddəti xx xxxx 2016-cı il tarixdə bitdiyindən və borc məbləği hazıradək ödənilmədiyindən, iddiaçının gecikdirilmiş faiz borcunun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əldən çıxmış fayda qismində 19541,46 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə Cavabdeh tutularaq İddiaçı BOKT QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X7 Təşkilatı Qapalı Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Əldən çıxmış fayda qismində 19541,46 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə Cavabdeh tutularaq İddiaçı BOKT QSC-yə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı BOKT QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar