Məhkəmə qərarları › İş №2(001)-5431/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5431/2022

02.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5431/2022 02.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin ümumi dəyərini təşkil edən 2.277,40 manat məbləğində pulun dövlət nəfinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, İddiaçı isə məhkəməyə ərizə ünvanlayaraq mülki işə nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçı tərəfin bu barədə ərizəsini də nəzərə alıb, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin məzmununu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-160/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci və 221.1-ci maddələri ilə təqsirli bilinmiş və ona müvafiq olaraq 2 il 9 ay və 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 3 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (15 ay 22 gün) çıxılmış və üzərində qəti olaraq 2 il 5 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmuş və hökmün icrası İddiaçınə göndərilmişdir. Qeyd edilən qurumda cavabdehə üzərində olan ərazi və vaxt məhdudiyyətlərinin, habelə digər vəzifələrin icrası qaydası və şərtləri izah edilmiş, vəzifələrin icrasını pozacağı halda cəzasının daha ağır cəza ilə əvəz ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Qeyd edilənlər barədə ona məlumat verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə protokol tərtib edilmiş və cavabdeh izahat yazmışdır. Hər iki sənəd onun tərəfindən imzalanmışdır. Eyni zamanda, cavabdehə həmin tarixdə 1 ədəd “ATTENTİ” markalı, 35650164 nömrəli elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji götürücü qurğu, 1 ədəd seriya nömrəli sadə elektron qolbaq təhvil verilmiş və hökmün tələbləri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda dəyərinin özündən tutulacağı ona izah edilmiş və bu barədə tərtib edilmiş protokol cavabdeh tərəfindən imza edilmişdir. xx.xx.2022-ci il tarixdə bu barədə protokol tərtib edilməklə ******* qeydiyyat nömrəli mobil qurğunun işləmə məlumatı gəlmədiyi üçün 35655596 qeydiyyat nömrəli mobil qurğuya dəyişdirilmişdir. Protokol cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixdə yazdığı izahatda cavabdeh gecə vaxtı saat 1-2 radələrində dava edərkən ona tətbiq edilmiş mobil nəzarət qurğusunu itirdiyini etiraf etmiş, səhvini qəbul etdiyini, islah olunmaq istədiyini, eyni əməllərə bir daha yol verməyəcəyini, cəzasını çəkməyə davam etmək istədiyini, qeyd edilən əməli cəzadan boyun qaçırmaq kimi qəbul edilməməsini xahiş etmişdir. Bu barədə protokol da tərtib edilmiş və protokolda cavabdehin elektron qolbağın da açıldığının müəyyən edildiyi qeyd edilmişdir. Hər iki sənəd cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixdə bu barədə protokol tərtib edilməklə, cavabdehə 1 ədəd “ATTENTİ” markalı, 35654818 nömrəli elektron nəzarət qurğusu komlekti (1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji götürücü qurğu, 1 ədəd seriya nömrəli sadə elektron qolbaq təhvil verilmişdir. "xxxx" QSC-nin Probasiya xidmətinə ünvanlanmış məktuba əsasən itirilmiş elektron nəzarət qurğusunun dəyəri ƏDV daxil olmaqla (347,40 manat) 2.277,40 manat təşkil etmişdir. Hazırda iddiaçı cavabdehin elektron nəzarət vasitəsini daşımaq vəzifəsini pozmaqla bir neçə dəfə elektron qolbağı üzərindən açdığını, sonuncu dəfə 35655596 qeydiyyat nömrəli elektron nəzarət vasitəsini itirdiyini, bu halın sübut olunduğunu, ona xx.xx.2022-ci il tarixdə yeni elektron nəzarət vasitəsi tətbiq edildiyini, "xxxx" QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən mobil qurğunun dəyərinin 2.277,40 manat təşkil etdiyini bildirir və bu məbləğin cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir; 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” 10 aprel 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısı”na əsasən məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələri qismində elektron qolbaq, mobil nəzarət qurğusu, ev nəzarət stansiyası və ev siqnal ötürücüsü tətbiq edilə bilər. Həmin qərarla təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” Qaydalarının: 4.7-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə, müvafiq olaraq Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun tədbirlərin görülməsi üçün icra məmuru (probasiya üzrə) tərəfindən məhkəməyə təqdimat verilir. Həmin vəzifələr barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslər tərəfindən yerinə yetirilmədikdə, bu barədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə müvafiq tədbirlərin görülməsi üçün cinayət prosesini həyata keçirən orqana məlumat verilir; 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində dövlətin təmin etdiyi elektron nəzarət vasitəsi itirilmiş və bununla da dövlət büdcəsinə həmin əşyanın dəyəri məbləğində maddi zərər vurulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu törətmiş şəxs olaraq cavabdeh mülki hüquq məsuliyyəti daşımalı, onun qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi zərərin əvəzi onun tərəfindən ödənilməlidir. Məhkəmə, vurulmuş maddi zərərin məbləğini müəyyən edərkən iddiaçı tərəfindən təqdim edilən və elektron nəzarət vasitəsinin qiymətini əks etdirən məktubu mötəbər sübut kimi qəbul edib hesab edir ki, maddi zərər məbləği müəyyən edilərkən məhz həmin məktubda olan məlumatlar əsas götürülməli və vurulmuş zərərin əvəzi olaraq cavabdehdən 2.277,40 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, itirilmiş elektron nəzarət vasitəsinin dəyərini təşkil edən 2.277,40 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət nəfinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi olaraq 2.277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar