Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-548/2020 20.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Nasurullayevnanın iştirakları ilə, İddiaçı Cavabdeh Nasurullayevnaya qarşı maneələrin aradan qaldırılması və pozulmuş mülkiyyət hüququnun bərpası tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Nasurullayevnaya qarşı maneələrin aradan qaldırılması və pozulmuş mülkiyyət hüququnun bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Binəqədi rayonu, 28 May qəsəbəsi, 7-ci küçə, 1-ci paralel (əvvəlki Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq yaşayış massivi) ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş daş tikilinin (hasarın) cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və mülkiyyətinə olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdehə məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq yaşayış massivi ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsini almış, bu barədə də məlumat daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 105 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daha sonra sözügedən ərazi Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Binəqədi rayonu, 28 May qəsəbə inzibati ərazisinə verilmiş və hal-hazırda ünvan 28 May qəsəbəsi 7-ci küçə 1-ci paralel kimi qeydiyyata alınmışdır. O, alqı-satqı ilə əldə etdiyi torpaq sahəsində hər hansı bir tikili aparmadığından və yaşayış yeri fərqli olduğundan mülkiyyətində olan torpaq sahəsində hər hansı bir özbaşına müdaxilə olub olmaması, zəbt edilməsi kimi hallardan vaxtında xəbəri olmamışdır. Cavabdeh sözügedən torpaq sahəsini ona satdıqdan sonra xəbəri olmadan mülkiyyətində olan torpaq sahəsinə müdaxilə edərək bir hissəsini zəbt etməklə hasara almışdır. Hal-hazırda o, ona məxsus 0,03 ha torpaq sahəsi üzərində tam olaraq sahiblik və istifadə hüququnu həyata keçirə bilmir, mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh hasarı onun torpaq sahəsi başlanan yerdə inşa etmiş və bu səbəbdən o, yaşayış evini də həmin hasar başlanan yerdə inşa edəcəkdir. Belə ki, cavabdehin inşa etdiyi hasar cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilməmişdir, cavabdeh öz sahəsindən 3 metr kənara çıxaraq həmin hasarı inşa etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddia əsassızdır, belə ki, onun tərəfindən tikilmiş hasar iddiaçıya məxsus torpaq sahəsində tikilməmişdir. Bu barədə ekspert də rəy vermişdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının əsassız iddiası nəticəsində o, vaxt itkisinə məruz qalmış və maddi ziyana düşmüşdür. Həmçinin, iddiaçı ona hasarın pulunun bir hissəsini də ödəməlidir. Bununla bağlı məhkəməyə müraciət edəcəkdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh Nasurullayevna (satıcı) və İddiaçı (alıcı) arasında bağlanmış xx xxxx 2007-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq yaşayış massivində yerləşən yaşayış sahəsi 15,84 kv.m olan 2 otaqlı 1 mərtəbəli 28 saylı fərdi yaşayış evinin 0.08 ha həyətyanı torpaq sahəsindən 0.03 ha torpaq sahəsini alıcıya satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq yaşayış massivində yerləşən 0.03 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçirilmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin 28 May qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli, 1287 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı məxsus torpaq sahəsinin hazırki ünvanı Binəqədi rayonu, 28 May qəsəbəsi, 7-ci küçə, 1-ci paraleldir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, Quşçuluq yaşayış massivi, 28 saylı ev (evin sahəsi 15.84 kv.m, torpaq sahəsi 0.05 ha) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh Nasurullayevnanın adına qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 10/2023 nömrəli ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan və 28 May qəsəbəsi, 1-ci Paralel küçəsində yerləşən 300 kv.m torpaq sahəsində Cavabdeh Nasurullayevna tərəfindən hər hansı daş tikili (hasar) inşa edilməmişdir. Həmçinin rəydə qeyd edilmişdir ki, mülki iş materialarında torpaq sahəsinə dair baza məlumatları olmadığından, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların, baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. xx xxxxxxxx 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edildi ki, hazırki ünvanı Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi olan ərazidə cavabdehə məxsus fərdi yaşayış evinin 0.08 ha həyətyanı torpaq sahəsindən 0.03 ha torpaq sahəsi xx xxxx 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmışdır. Hazırda iddiaçı onun mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən daş hasarın tikildiyini iddia edərək, həmin daş hasarın cavabdehin hesabına sökülməsini, ərazinin boşaldılmasını və onun torpaq sahəsində yaradılmış maneələrin aradan qaldırılmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində daş hasarın tikildiyini iddia etsə də, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan 28 May qəsəbəsi, 1-ci Paralel küçəsində yerləşən 300 kv.m torpaq sahəsində Cavabdeh Nasurullayevna tərəfindən hər hansı daş tikili (hasar) inşa edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi torpaq sahəsində inşa edilmiş daş tikilinin (hasarın) cavabdehin hesabına sökülməsi hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin “ərazinin boşaldılması və mülkiyyətə olan maneələrin aradan qaldırılması” hissələri ilə əlaqədar isə qeyd edir ki, iddia tələbinin bu hissələri törəmə tələblərdir və bu tələblərin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin “tikilinin (daş hasarın) cavabdehin hesabına sökülməsi” hissəsinin təmin olunub-olunmamasından asılıdır. Bunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissələrdə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh Nasurullayevnaya qarşı maneələrin aradan qaldırılması və pozulmuş mülkiyyət hüququnun bərpası tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-548/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-548/2020
20.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver