Məhkəmə qərarları › İş №2(001)-5523/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5523/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5523/2021 04.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi-vəkili X2 iştirrakı ilə, İddiaçı oğunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 34000 manat, Cavabdeh2 isə 46000 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 “Hyunday Sonata” markalı avtomobilini ona satmaq adı ilə 14 fevral 2020-ci il tarixdə ondan 20000 (iyirmi min) ABŞ dolları, 19.02.2020-ci il tarixdə isə 5000 (beş min) ABŞ dolları məbləğində pul almışdır. Cavabdeh2 avtomobil satışı üzrə digər şəriki, hazırki iş üzrə Cavabdeh1 25.02.2020-ci il tarixdə, 25.04.2020-ci il tarixədək qaytarmaq şərti ilə notarial qaydada ondan 34000 (otuz dörd min) manat məbləğində pulu borc götürmüşdür. Daha sonra Cavabdeh2 04 mart 2020-ci il tarixdə ondan 21000 (iyirmi bir min) ABŞ dolları məbləğində pulu 2 ay müddətinə, yəni 10 may 2020-ci il tarixdə qaytarmaq şərti ilə borc almışdır. Ümumilikdə, ondan Cavabdeh2 46000 (qırx altı min) ABŞ dolları, Cavabdeh1 isə 34000 (otuz dörd min) manat məbləğində pul almışlar. Cavabdeh2 və Cavabdeh1 qabaqcadan əlbir olaraq, onlara olan etibarından sui-istifadə edərək, onu aldadaraq ona qarşı dələduzluq cinayəti törədərək, ona külli miqdarda ziyan vurmuşlar. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 avtomobillərini ona satmaq, borc adı ilə və başqa bəhanələrlə ondan aldıqları pulları bu günə kimi qaytarmamışlar. Pullarının geri qaytarılması məqsədilə cavabdehlərlə bu barədə dəfələrlə görüşmüş, telefonla danışmış, lakin onlar hər dəfə müxtəlif bəhanələrlə söhbətlərdən yayınmış, yalanlar uyduraraq onu aldatmışlar. Göstərdiyi bütün cəhdlər boşa çıxdığından pozulmuş hüquqlarının bərpa olunması, verdiyi pulların cavabdehlərdən alınaraq ona qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili E.Səfərov iddianı qismən qəbul etdiyini, lakin borcunun o qədər olmadığını bildirdi. O, borcun 17000 ABŞ dolları olduğunu və Cavabdeh1 həmin borcu qaytarmağa hazır olduğunu bildirdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əlyazma ilə yazılmış qəbzlərdən görünür, Cavabdeh2 İddiaçı 14.02.2020-ci il tarixdə 20000 ABŞ dolları, 19.02.2020-ci il tarixdə 5000 ABŞ dolları və 04.03.2020-ci il tarixdə 21000 ABŞ dolları borc aldığını qeyd edərək, bunu imzası ilə təsdiq etmişdir (işin mübahisəsiz halıdır). İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında 51 saylı Notarial Ofisində bağlanmış 25.02.2020-ci il tarixdə Kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 25.04.2020-ci il tarixədək qaytarmaq şərti ilə 34000 manat məbləğində pul borc vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -740-cı maddəsinə uyğun olaraq borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsinə dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 əlyazma formasında, Cavabdeh1 isə borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin cavabdehlər əlyazma formasında və borc müqaviləsi əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmişlər, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişlər. Odur ki, cavabdehlər borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 34000 manat (otuz dörd min), Cavabdeh2 isə 46000 ABŞ dolları (qırx altı min) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 34000 manat (otuz dörd min), Cavabdeh2 46000 ABŞ dolları (qırx altı min) məbləğində pul vəsaiti (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar