Məhkəmə qərarları › İş №2(001)-5523/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5523/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5523/2023 04.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 5247 manat əsas borc və 546,39 manat faiz borcu olmaqla, cəmi 5793,39 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 77,94 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, bank cavabdehə istehlak məqsədləri üçün 32 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 5247 manat məbləğində kredit vermişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, müqaviləyə görə borc verən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 16 avqust 2023-cü il tarixə 5247 manat əsas borc və 546,39 manat faiz borcu olmaqla, cəmi 5793,39 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etdiyini, Bankdan kredit götürdüyünü, maddi çətinliyi ilə əlaqədar borcunu ödəyə bilmədiyini və hazırda qeyd edilən məbləğdə borcunun olduğunu bildirmişdir. İddiaçı "xxxx" KB ASC məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul edir, bankdan qeyd edilən məbləğdə kredit götürmüş, lakin maddi vəziyyətində yaranan problemlərlə əlaqədar borcu ödəyə bilməmişdir. İddiaçının iddia tələbində qeyd edilən məbləğdə borcu vardır. Ona görə də iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 19nkSTB2/23 saylı Kredit Müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixədək, illik 18 faiz olmaqla 5247 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, 19nkSTB2/23 saylı Kredit Müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh ödənişləri hər ay müvafiq olaraq 78,90 manat və 246 manat olmaqla xx.xx.2025-ci il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə xx.xx.2023-cü il tarixli 19nkSTB2/23 saylı kredit müqaviləsi üzrə 5247 manat məbləğində əsas borc və 546,39 manat məbləğində faiz borcu olmaqla, cəmi 5793,39 manat borcu vardır. "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış 13 iyun 2023-cü il tarixli bildirişin surətindən və həmin bildirişin ünvan sahibinə göndərilməsini təsdiq edən qəbzdən görünür ki, cavabdehə xx.xx.2023-cü il tarixli, 19nkSTB2/23 saylı kredit müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 77,94 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərini yarandığı dövrdə qüvvdə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1 maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixli, 19nkSTB2/23 saylı Kredit Müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onu lazımınca icra etməmiş və "xxxx" KB ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun qaydada və müddətdə ödəməmişdir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehdən 5247 manat əsas borc və 546,39 manat faiz borcu olmaqla, cəmi 5793,39 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 77,94 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5247 (beş min iki yüz qırx yeddi) manat məbləğində əsas borc, 546,39 (beş yüz qırx altı manat 39 qəpik) manat məbləğində faiz borcu və 77,94 (yetmiş yeddi manat 94 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5871,33 (beş min səkkiz yüz yetmiş bir manat 33 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar