Məhkəmə qərarları › İş №2(001)-5532/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5532/2021

22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5532/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(001)-5039/2019 saylı qətnaməsi ilə cavabdehdən 06 avqust 2007-ci il təvəllüdlü X2 və 04 fevral 2009-cu il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının artılaraq hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlə nikahları 29 sentyabr 2007-ci il tarixdə bağlanmışdır. Onların birgə nikahlarından 2 övladları - 06 avqust 2007-ci il təvəllüdlü X4 və 04 fevral 2009-cu il təvəllüdlü X5 anadan olmuşdur. Tərəfindən cavabdehə qarşı bundan öncə aliment tələbinə dair iddia ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Həmin məhkəmənin 21 iyun 2019-cu il tarixli, 2(001)- 5039/2019 saylı qətnaməsi ilə onların birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat cavabdehdən tutulub ona verilməsi qət edilmişdir. Bundan sonra, cavabdeh ona qarşı nikahın pozulması və uşaqların himayəyə verilməsi tələbinə dair iddia ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, cavabdehin iddiası təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(005)-2141/2020 saylı qətnaməsi ilə 29 sentyabr 2007-ci il tarixdə bağlanmış nikah pozulmuş, uşaqların onun yanında qalması müəyyən olunmuşdur. Hazıda cavabdehdən məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği uşaqlarının saxlanmasına kifayət etmir. Cavabdehlə arasında alimentin artırılması barədə razılıq əldə edilməmiş və müvafiq saziş bağlanmamışdır. Dəfələrlə cavabdehə göstərilən məbləğin az olmasını, uşaqlarının saxlanmasına kifayət etmədiyini bildirsə də, ona əlavə heç bir köməklik göstərmək istəmir. Uşağın müalicəsi, təlim-tərbiyəsi, təhsili, sağlam böyüməsi və inkişafı ilə o, təkbaşına məşğul olur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh iddianı qəbul edərək, hər uşağa hər ay 175 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirdi. O, bu barədə məhkəməyə yazılı ərizə də təqdim etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(005)2141/2020 saylı qətnaməsinin surətindən görünür ki, Qurbanova (Məmmədova) Arzu Alı qızı ilə Cavabdeh arasında 29 sentyabr 2007-ci il tarixdə bağlanmış və 1153 nömrə ilə Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 06 avqust 2007-ci il təvəllüdlü X2 və 04 fevral 2009-cu il təvəllüdlü X3 anaları Qurbanova (Məmmədova) Arzu Alı qızının yanında qalmaları müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, 06 avqust 2007-ci il təvəllüdlü X2 və 04 fevral 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 22 may 2019-cu il tarixdən başlayaraq Cavabdeh sabit pul məbləğində hər ay hər bir uşağa görə 160 manat, cəmi 320 manat alimentin sabit pul məbləğində alınıb İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iş üzrə tərəflərin birgə nikahlarından 06 avqust 2007-ci il təvəllüdlü X4 və 04 fevral 2009-cu il təvəllüdlü X4 doğulmuş, tərəflər arasında bağlanmış nikah sonradan pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5039/2019 saylı, 21 iyun 2020-cu il tarixli qətnaməsi ilə alimentin məbləği cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər bir uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində iddiaçının xeyrinə tutulmuşdur. Hazırda isə iddiaçı qeyd olunan qətnamə ilə tutulan alimentin miqdarının artırılmasını məhkəmədən xahiş edir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 1 ildən çox vaxt keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin tələb olunan alimenti ödəməyə razı olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, 06 avqust 2007-ci il təvəllüdlü X2 və 04 fevral 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(001)-5039/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 06 avqust 2007-ci il təvəllüdlü X6 oğlunun və 04 fevral 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(001)-5039/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar