Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5542/2021 20.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçı, birləşdirilən iddia üzrə cavabdeh "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X1, İlk iddia üzrə Cavabdeh1 iştirakları ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə ilkin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbləri üzrə mülki işə 20 sentyabr 2021-ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən onun xeyrinə 07.04.2015-ci il tarixli, 7-07-04- 2015-YS-AAAF-RO saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 55.204,63 manat məbləğində əsas, 2.049,44 manat faiz borcu olmaqla, cəmi 57.254,04 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bankın iddia tələbləri belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 07.04.2015-ci il tarixli, 7-07-04-2015-YS- AAAF-RO nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park" yaşayış massivinin 17 saylı küçəsində inşa edilən bina C 1, 178 nömrəli mənzilin alınması üçün .180 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 61430 manat məbləğində kredit verilmiş, kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank ilə "xxxx" MMC arasında 07.04.2015-ci il tarixli, 7-07-04-2015-YS-AAAF-RO nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Borclu Cavabdeh1 kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun ve kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7-07-04-2015-YS-AAAF-RO nömrəli 07 aprel 2015-ci il tarixli Təminatlı kredit müqaviləsi üzrə ödənilməmiş 55.204,63 manat məbləğində borcun müqabilində təminat predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF-Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilən bina C1, 178 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ötürülməklə əvəzləşdirilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekt 167, “AAAF-Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilən bina C1, 178 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ötürüldükdən sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti və AAAF İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 07-04-2015-YS-AAAF-RO nömrəli 07 aprel 2015-ci il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, ilk iddia tələbinin əsasını Cavabdeh1 7-07-04-2015-YS-AAAF-RO nömrəli 07.04.2015-ci il tarixli Təminatlı Kredit müqaviləsi (daxili ipoteka krediti üçün) üzrə illik 10% faiz dərəcəsi ilə 180 ay müddətinə verilmiş 61430 manat kredit vəsaiti təşkil edir. Həmin kredit vəsaiti "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 06.04.2015-ci ii tarixli ABB YM-0325 nömrəli alqı-satqı müqaviləsi üzrə Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr.167, “AAAF Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilən bina C1, ümumi sahəsi 91.01 kv.m. ibarət 2 otaqlı 178 nömrəli mənzilin alınması üçün verilmişdir. 7-07-04-2015-YS-AAAF-RO nömrəli 07.04.2015-ci il tarixli Təminatlı Kredit müqaviləsi (daxili ipoteka krediti üçün) üzrə təminat kimi çıxış edən müqavilənin predmeti kimi Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilən bina C1, 178 nömrəli mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alındıqdan sonra Borcalan bu barədə 10 (on) iş günü ərzində Borc verənə məlumat verməli və 30 (otuz) iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında" Azerbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir. 7-07-04-2015-YS-AAAF-RO nömrəli 07.04.2015-ci il tarixli Təminatlı kredit müqaviləsinin 4.1-ci bəndinə görə, bu Müqavilə ilə müəyyən edilən kredit öhdəliklərin icrasının təminat üsulu ipoteka predmeti və həmin yaşayış sahəsi üzrə hüququn girovu çıxış edir (bundan sonra "təminat üsulu"). Bu da həmin əmlak üzrə hüququn girovu qismində çıxış edirlər /maddə 303.1./ Hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir. 7-07- 04-2015-YS-AAAF-RO nömrəli 07.04.2015-ci iİ tarixli Təminatlı kredit müqaviləsinin 12.9cu bəndinə görə, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda Borc verən Borc alandan kredit müqaviləsi üzrə təminat predmeti kimi çıxış edən 28.11.2014-cü il tarixli ABB/476 nömrəli mənzilin alqı-satqı müqaviləsinin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilən bina A, ümumi sahəsi 42.27 kv.m. ibarət 1 otaqlı 73 nömrəli mənzili boşaltmalıdır. Həmin müqavilənin 14.7-cu bəndinə əsasən, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda Borc verən Borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 06.04.2015-ci if tarixli ABB YM- 0325 nömrəli Mənzilin alqı-satqı müqaviləsinin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilən bina C1, 178 nömrəli mənzil üzərində olan bütün hüquqlar Borc verənə keçir. Beləliklə, iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin cəmi 36626.13 manat məbləğindən ibarət iddia tələbinin Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 17 saylı küçəsində inşa edilən bina C1, 178 nömrəli mənzilə dair bütün hüquqları Azərbaycan Beynəlxalq Bank ASC-nə ötürülməsi ilə əvəzləşdirilməsi daha ədalətli olardı. Çünki kredit müqaviləsinin təyinatı adından göründüyü kimi daxili ipoteka krediti olaraq mənzilin alınmasına yönəlmiş vəsaitdir. Ayrılmış kredit vəsaitinin geri qaytarılması mümkün olmadıqda həmin kredit vəsaitinə alınmış daşınmaz əmlak hesabına realizə olunması daha məqsədə müvafiqdir. Bu səbəbdən də, sözügedən 178 nömrəli mənzilə dair bütün hüquqların ilkin iddiaçı/cavabdeh "xxxx" ASC-nə ötürülməsi daha düzgündür. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASCnin etibarnamə əsasında nümayəndəsi X2 ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş, qarşılıqlı iddiaya münasibətdə isə bildirmişdir ki, qarşılıqlı iddia ərizəsini qəbul etmirlər. Hesab edirlər ki, qarşılıqlı iddia ərizəsi əsassızdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumiyyətlə həmin məsələni müzakirə etmək hüququ yoxdur. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh1 borcun mövcudluğunu qəbul edərək vaxt verildiyi təqdirdə, ödənişlərini həyata keçirəcəyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk iddia tələbi qismən təmin, qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 aprel 2015-ci il tarixli 7-07-04-2015-YS-AAAF-RO saylı Təminatlı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 10 (on) % olmaqla, 180 ay müddətinə 61430 (altmış bir min dörd yüz otuz) manat məbləğində kreditin verilmiş, həmin müqavilə üzrə hesablanmış faizlərin və əsas borcun dövri ödənilməsi qaydası cədvəl şəklində müəyyənləşdirilmişdir. Həmin cədvəldən aydın olur ki, borclu 07.05.2015-ci il tarixdən başlayaraq 07.04.2030-cu il tarixədək əsas məbləğ üzrə 61430 manat, faiz borcu üzrə 57377,15 manat olmaqla cəmi 118807,15 manat pulu hər ay 660,20 manat olmaqla iddiaçıya ödəməyi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş08.04.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, 60815 manat məbləğində pul Cavabdeh1 tərəfindən bankın kassasından qəbul edilmişdir. İşin müəyyən olunmuş digər halına görə, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 07 aprel 2015-ci il tarixli 7-07-04-2015-YS-AAAF-RO saylı zaminlik müqavilələrinə əsasən, adı çəkilən MMC, 07 aprel 2015-ci il tarixli 7-07-04-2015-YS- AAAF-RO saylı kredit müqaviləsi üzrə borcluya (Cavabdeh1) 180 ay müddətinə verilən 61430 (altmış bir min dörd yüz otuz) manat məbləğində kreditin və ona hesablanmış faizlərin (faizin dərəcəsi və ya məbləği göstərilməmişdir) qaytarılması öhdəliklərinin tam icra edilməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 27.07.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 07.04.2015-ci il tarixli, 7-07-04-2015-YS-AAAF-RO saylı Krediti müqaviləsi üzrə əsas borcu 55204,63 manat, faiz borcu isə 2049,44 manat olmaqla cəmi borcu 57254,07 manat təşkil edir. İş materiallarından aydın olur ki, iddiaçı bank cavabdehlərə xəbərdarlıqlar göndərməklə onları borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. İlk növbədə ilk iddia tələbinə qiymət verməyi məqsədəmüvafiq hesab edən məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739.2). Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bunu etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 da banka borcunun olduğunu və onun məbləğini mübahisələndirməmiş, vaxt verildiyi təqdirdə, borcunu ödəyəcəyini bildirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən 07.04.2015-ci il tarixli, 7-07- 04-2015-YS-AAAF-RO saylı Krediti müqaviləsi üzrə əsas borca görə 55204,63 manat, faiz borcuna görə isə 2049,44 manat pul tutularaq iddiaçı banka ödənilməlidir. Bununla belə məhkəmə “pulun kredit alanla birlikdə zamindən də tutulması” hissəsində ilk iddianın əsaslı hesab etmir. Yuxarıda da qeyd edildiyi kimi işin mübahisəsiz hallarına görə, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 07 aprel 2015-ci il tarixli 7-07-04-2015-YS-AAAF-RO saylı zaminlik müqavilələrinə əsasən, adı çəkilən MMC, 07 aprel 2015-ci il tarixli 7-07-04-2015- YS-AAAF-RO saylı kredit müqaviləsi üzrə borclunun (Cavabdeh1) öhdəliklərinin tam icra edilməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilədə kreditin müddəti 180 ay, məbləği isə 61430 (altmış bir min dörd yüz otuz) manat olaraq göstərilmiş, zaminin həmin məbləğlə yanaşı ona hesablanmış faizlərin qaytarılması üzrə də məsuliyyəti üzərinə götürdüyü qeyd edilsə də, faizin dərəcəsi və ya konkret məbləği göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarının 3-cü bəndinə əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-inin 307.4, 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. İlk iddia üzrə gəldiyi qənaətə uyğun olaraq məhkəmə, qarşılıqlı iddia tələbini əsassız hesab edir və həmin iddia tələbi üzrə geniş əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır. Çünki qarşılıqlı iddiaçının iddia tələbinin qanuni əsası ümumiyyətlə tapılmır. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə xüsusilə qeyd edir ki, qarşılıqlı iddiaçı digər tələblərlə yanaşı onunla bank arasında bağlanmış zaminlik müqaviləsinin də ləğv edilməsini istəsə də, həmin tələbini (borcluya məxsus (kredit vəsaiti ilə alınmış) mənzilə dair bütün hüquqların ilk iddiaçıya ötürülməsindən sonra zaminlik müqaviləsinə xitam verilməsi) şərtinə bağlamışdır ki, qeyd edilən səbəbdən iddia həmin hissədə də təmin oluna bilməz. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin olunduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh1dan 07.04.2015-ci il tarixli, 7-07-04-2015-YS-AAAF-RO saylı Kredit müqaviləsinə əsasən 55.204,63 manat məbləğində əsas borc, 2.049,44 manat məbləğində faiz borcu olmaqla, cəmi 57.254,04 manat məbləğində pul və 30,40 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İlk iddianın qalan hissəsi və qarşılıqlı iddia tələbi təmin olunmasın. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5542/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5542/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver