Məhkəmə qərarları › İş №2(001)-5545/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5545/2022

18.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5545/2022 18.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 2(025)-3015/2016 saylı, 26 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, azyaşlı 02 sentyabr 2009-cu il təvəllüdlü X2, 13 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 200 manat olmaqla, ümumilikdə 400 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-3015/2016 saylı 26 dekabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında 25 iyun 2008-ci il tarixdə Qəbələ rayon İHB-nin Bunud kənd İnzibati Ərazi Nümayəndəliyində bağlanaraq, 06 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 02 sentyabr 2009-cu ildə anadan olmuş X2 və 13 avqust 2013-cü ildə anadan olmuş X3 anaları İddiaçı himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onların saxlanılması məqsədilə Cavabdeh xx.xx.2016-cı il tarixdən hesablanmaqla, hər ay sabit pul məbləğində 200 manat (uşaqların hər birinə 100) alimentin alınaraq ona verilməsi qət edilmişdir. Himayəsində olan azyaşlı uşaqları orta məktəbdə təhsil alırlar. Ehtiyacları artmışdır. Yəni, 2016-cı illə münasibətdə azyaşlı uşaqların saxlanma xərcləri və yaşayış minimumu artırılmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianı etiraf edir, hər ay hər uşaq üçün 200 manat aliment ödəməyə razıdır. Növbəti məhkəmə iclasının isə iştirakı olmadan keçirilməsini xahiş edir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Qəbələ Rayon Məhkəməsinin 2(025)-3015/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 25 iyun 2008-ci il tarixdə Qəbələ rayon İHB-nin Bunud kənd İnzibati Ərazi Nümayəndəliyində bağlanaraq, 06 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 02 sentyabr 2009-cu ildə anadan olmuş X2 və 13 avqust 2013-cü ildə anadan olmuş X3 anaları İddiaçı himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onların saxlanılması məqsədilə Cavabdeh xx.xx.2016-cı il tarixdən hesablanmaqla, hər ay sabit pul məbləğində 200 manat (uşaqların hər birinə 100) alimentin alınaraq, İddiaçı verilməsi qət edilmişdir.

8. Qəbələ rayon Bunud kənd inzibati ərazi ümayəndəliyi tərəfindən verilən doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 02 sentyabr 2009-cu il təvəllüdlü X2 və 13 avqust 2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

9. Cavabdeh ilə İddiaçı arasında 25 iyun 2008-ci il tarixdə nikah bağlanmış, tərəflər arasında olan nikah Qəbələ Rayon Məhkəməsinin 2(025)-3015/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnməsi ilə pozulmuşdur.

10. Həmin qətnamə ilə birgə nikahdan olan 02 sentyabr 2009-cu il təvəllüdlü X2 və 13 avqust 2013-cü il təvəllüdlü X3 anaları İddiaçı himayəsində saxlanılması və onların saxlanılması üçün hər birinə 100 manat olmaqla, ümumilikdə 200 manat alimentin tutulması qət edilmişdir.

11. Hazırda iddiaçı Qəbələ Rayon Məhkəməsinin 2(025)-3015/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir.

12. Tələbini isə ölkə ərazisində yaşayış minimumunun artması, uşağın tələbatlarının artması və özünün təkbaşına uşağın saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir.

13. Cavabdeh isə iddian etiraf edərək, hər uşaq üçün hər ay 200 mnaat olmaqla, ümumilikdə 400 manat alimentin tutulmasına, yəni alimentin artırılmasına razı olduğunu bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

14. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

15. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

16. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

17. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

18. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

19. Məhkəmə cavabdeh tərəfindən iddianın etiraf edilməsini qanuna uyğun hesab edir və o qənaətə gəlir ki, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.

20. Odur ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay, hər uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməlidir.

21. Nəzərə alınmalıdır ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

22. Tətbiq edilən prosessual normalar:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

26. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;

27. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

29. 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir.

30. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Nəticə:

31. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 2(025)-3015/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 02 sentyabr 2009-cu il təvəllüdlü X1 və 13 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

32. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı alimentin tutulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq ((400- 200)x12=2400), yəni 44 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 2(025)-3015/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 02 sentyabr 2009-cu il təvəllüdlü X1 və 13 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 200(iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar