Məhkəmə qərarları › İş №2(001)-5554/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5554/2022

26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5554/2022 26.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.578,93 manat məbləğində əsas, 2.890,97 manat məbləğində faiz, cəmi 7.469,90 manat məbləğində borcun, ödənilmiş 94.70 manat dövlət rüsumunun və müvəqqəti təminat tədbirinə dair ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan “Nissan X-Trail” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, avtomobilin satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin cavabdehdən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunan sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, tutmanın yönəldilməsi haqqında bildiriş cavabdehə (ipotekaqoyana) xx.xx.2022-ci il tarixdə göndərilsə də, qeydiyyat ərizəsi ipotekanın qeydiyyatı orqanına xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir (bu məktub iddia ərizəsinə əlavə edilməmişdir). Bununla da bu prosedurun həyata keçirilməsi üçün müəyyən edilmiş 7 günlük müddət pozulmuşdur. Məhz bu səbəbdən tutmanın ipotekaya yönəldilməsi proseduru davam etdirilə bilməz və iddia ərizəsi geri qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (2018-ci il tarixədək qüvvədə olan redaksiyada): 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1-ci maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanının dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 39.2-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır; 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir; 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İddia ərizəsi geri qaytarıldıqdan ödənilmiş dövlət rüsumunun da bu ödənişi həyata keçirən iddiaçıya büdcədən geri qaytarılması təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Ödənilmiş 94,70 (doxsan dörd manat, yetmiş qəpik) manat məbləğində dövlət rüsumu, bu ödənişi həyata keçirən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına büdcədən geri qaytarılsın. Qərardaddan surəti təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar