Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5562/2022 31.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə 31 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2019-cu il tarixli, 01106986 saylı (birinci) müqaviləyə əsasən, Cavabdeh ümumi dəyəri 2561 manat olan 1 ədəd “Samsung Galaxy S10 Dual” modelli mobil telefonu “Samsung” markalı mirko kart ilə birlikdə 293 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay ərzində aylıq 126 manat ödəmək şərti ilə kreditlə almışdır. Tərəflər arasında bağlanmış 06 aprel 2021-ci il tarixli, 01 nömrəli əlavə sazişə əsasən, ödəniş müddəti 15 noyabr 2022-ci il tarixədək uzadılmışdır. Tərəflər arasında bağlanmış 08 dekabr 2019-cu il tarixli, 01110305 saylı (ikinci) müqaviləyə əsasən, Cavabdeh dəyəri 527 manat olan 1 ədəd “Samsung” markalı mirko kartı 18 ay ərzində aylıq 29 manat ödəmək şərti ilə kreditlə almışdır. Tərəflər arasında bağlanmış 06 aprel 2021-ci il tarixli, 01 nömrəli əlavə sazişə əsasən, ödəniş müddəti 15 mart 2023-cü il tarixədək uzadılmışdır. Tərəflər arasında bağlanmış 05 mart 2020-ci il tarixli, 20144925 saylı (üçüncü) müqaviləyə əsasən, Cavabdeh dəyəri 3365 manat olan 1 ədəd “Apple iPhone 11 Pro” modelli mobil telefonu 215 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay ərzində aylıq 175 manat ödəmək şərti ilə kreditlər almışdır. Tərəflər arasında bağlanmış 06 aprel 2021ci il tarixli, 01 nömrəli əlavə sazişə əsasən, ödəniş müddəti 15 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Tərəflər arasında bağlanmış 17 may 2020-ci il tarixli, 20284620 saylı (dördüncü) müqaviləyə əsasən, Cavabdeh dəyəri 792 manat olan 1 ədəd “Apple AirPods Pro” modelli qulaqcığı 24 ay ərzində aylıq 33 manat ödəmək şərti ilə kreditlər almışdır. Tərəflər arasında bağlanmış 06 aprel 2021-ci il tarixli, 01 nömrəli əlavə sazişə əsasən, ödəniş müddəti 15 mart 2024-cü il tarixədək uzadılmışdır. Cavabdeh hər dörd müqavilə üzrə borc məbləğini müqavilədə və onlara əlavələrdə nəzərdə tutulan qaydada ödəməyi öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində iddiaçı tərəfindən təqdim edilmiş 10 avqust 2022-ci il tarixli maliyyə arayışına əsasən həmin tarixə birinci müqavilə üzrə 906,8 manat əsas, 162,2 manat dəbbə, ikinci müqavilə üzrə 349 manat əsas, 54 manat dəbbə, üçüncü müqavilə üzrə 2746 manat əsas, 330 manat dəbbə, dördüncü müqavilə üzrə isə 720,24 manat əsas, 75,76 manat dəbbə borcu yaranmışdır. "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 73,44 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, onun məhkəmə iclaslarında iştirakının təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqavilələrə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh müqavilələrə əsasən "xxxx" MMCdən aldığı əşyaların dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 1-ci müqavilə üzrə 906,8 manat, 2-ci müqavilə üzrə 349 manat, 3-cü müqavilə üzrə 2746 manat, 4-cü müqavilə üzrə isə 720,24 manat məbləğində əsas borc Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 1-ci müqavilə üzrə hesablanmış 162,2 manat məbləğində dəbbə pulu azaldılaraq 63 manat, 2-ci müqavilə üzrə hesablanmış 54 manat məbləğində dəbbə pulu azaldılaraq 24 manat, 3-cü müqavilə üzrə hesablanmış 330 manat məbləğində dəbbə pulu azaldılaraq 192 manat, 4-cü müqavilə üzrə hesablanmış 75,76 manat məbləğində dəbbə pulu isə azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən "xxxx" MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 73,44 manat məbləğində pul vəsaitinin 70 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 07 dekabr 2019-cu il tarixli, 01106986 saylı müqavilə üzrə 906,8 manat əsas borc, 63 manat dəbbə pulu olmaqla, ümumilikdə 969,8 manat, 08 dekabr 2019-cu il tarixli, 01110305 saylı müqavilə üzrə 349 manat əsas borc, 24 manat dəbbə pulu olmaqla, ümumilikdə 373 manat, 05 mart 2020-ci il tarixli, 20144925 saylı müqavilə üzrə 2746 manat əsas borc, 192 dəbbə pulu olmaqla, ümumilikdə 2938 manat, 17 may 2020-ci il tarixli, 20284620 müqavilə üzrə 720,24 manat əsas borc, 50 dəbbə pulu olmaqla, ümumilikdə 770,24 manat, beləliklə cəmi 5051,04 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 70 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5562/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5562/2022
31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver