Məhkəmə qərarları › İş №2(001)-5569/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5569/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5569/2022 06.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən bosch blender, ətçəkən üçün 416 manat ödənilməmiş hissə, 41 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********79104 olan İphone 12 Pro Max markalı telefon üçün 997,4 manat ödənilməmiş hissə, 99,6 manat cərimə, olmaqla, ümumilikdə, 1554 manat borc, 35,54 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, bosch blender, ətçəkən və İMEİ kodu **********79104 olan İphone 12 Pro Max markalı telefon almış və nəticədə 1554 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 523,8 manat (18 ay x 29,1 manat + 0 manat ilkin ödəniş) bosch blender, ətçəkən üçün ümumilikdə, 457 manat olmaqla ondan, 416 manat ödənilməmiş hissə, güzəşt olunaraq 41 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4207,6 manat (18 ay x 228,2 manat + 100 manat ilkin ödəniş) İMEİ kodu **********79104 olan İphone 12 Pro Max markalı üçün ümumilikdə, 1097 manat olmaqla ondan, 997,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 99,6 manat cərimə, cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********79104 olan İphone 12 Pro Max markalı telefonu xx.xx.2021-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 2000 manat qiymətləndirilib, borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1210,2 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 2000 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 107,8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən iddiaçının tələbinə dair cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh bildirişi almasına baxmayaraq, məhkəməyə əsaslandırılmış etiraz təqdim etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 may 2021-ci il tarixli, №23033190 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişsiz bosch blender, ətçəkən almış və 18 ay müddətinə ayda 29,1 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 01 may 2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №23033190 saylı müqaviləyə əsasən bosch blender və ətçəkəni tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2021-ci il tarixli, №22287506 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişlə İMEİ kodu **********79104 olan İphone 12 Pro Max markalı telefon almış və 18 ay müddətinə ayda 228,2 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 13 fevral 2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №22287506 saylı müqaviləyə əsasən Hoffmann kondisioneri tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 15 avqust 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 416 manat əsas, 41 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 997,4 manat əsas, 99,6 manat cərimə olmaqla, 2 müqavilə üzrə ümumilikdə 1554 manat məbləğində borcu var. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; Həmçinin xx.xx.2022-ci il tarixində borcluya ünvanlanan bildirişdə, öz razılığı ilə qaytardığı İMEİ kodu **********79104 olan İphone 12 Pro Max markalı telefonun 2000 manat dəyərində qiymətləndirildiyi və borcundan silindiyi bildirilmiş, lakın qalıq borcun məhkəməyə qaytarılması xahiş edilmişdir. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 35,54 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2 müxtəlif tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. 01 may 2021-ci il tarixli, №23033190 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişsiz Cavabdeh nisyə satmış, cavabdeh isə həmin əşyanı qəbul etmiş və 18 ay müddətinə aylıq 29,1 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 13 fevral 2021-ci il tarixli, №22287506 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişsiz Cavabdeh nisyə satmış, cavabdeh isə həmin əşyanı qəbul etmiş və 18 ay müddətinə aylıq 228,2 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Cavabdeh tərəfindən xx.xx.2021-ci tarixində 13 fevral 2021-ci il tarixli, №22287506 saylı müqavilənin predmeti olan telefon iddiaçıya geri qaytarılmış, telefon 2000 manat məbləğində qiymətləndirilərək, əsas borcundan silinmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. Cavabdeh iddiaya dair bildirişi almasına baxmayaraq, iddiaya etiraz etməmişdir. İddiaçı tərəfindən 35,54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 645.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 645.1. və 645.2-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə müqavilə ləğv edildikdən sonra onun əvəzinə başqa əqd bağlanmamışsa və həmin malın cari qiyməti varsa, tərəf müqavilədə müəyyənləşdirilmiş qiymətlə müqavilənin ləğv edildiyi məqamdakı cari qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilər. İşin halları ilə müəyyən edildiyi kimi satıcı ilə alıcı arasında müxtəlif tarixlərdə əşyaların nisyə alqı-satqısı barədə 2 müqavilə bağlanmışdır. Birinci müqavilə üzrə satıcı məişət əşyası olan “Bosch Blender” markalı ətçəkən avadanlığı alıcıya vermiş, lakin alıcı müqavilədə nəzərdə tutulmuş qaydada öhdəliyini icra etməmiş və müqavilə şərtlərini pozmuşdur. Bu halda satıcının öhdəliyin icrasını tələb etməklə alıcıdan müqavilə üzrə yaranmış borcun tutulması barədə iddiası əsaslıdır. Belə ki, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. İkinci müqavilə üzrə isə alıcı əvvəlcə 4207.6 manat dəyərində olan “İphone 12 Pro Max” markalı telefonu nisyə almış və 10 ay sonra telefonu qaytarmaqla müqavilədən imtina etmək istəmişdir. Satıcı isə qaytarılan telefonu 2000 manat məbləğində qiymətləndirmiş və alıcının borcundan silmişdir. Bu halda da satıcının müqavilənin ləğv edildiyi məqamdakı cari qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ əsaslıdır. Təqdim edilmiş maliyyə arayışını məhkəmə əksi sübut edilmədiyinə və şübhə doğuran məqamlar müəyyən edilmədiyinə görə mötəbər sübut kimi qiymətləndirmişdir. Lakin məhkəmə cavabdehdən tələb edilən cərimə məbləğini tənasübsüz surətdə yüksək hesab edir və azaldılmalı olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən norma məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir. Odur ki, məhkəmə iddia tələbinin cərimə məbləğinin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği müəyyən edilərkən əsas borca və işin hallarına münasibətdə tənasüblük qorunmamışdır. Bu səbəbdən hər iki müqavilə üzrə hesablanmış cərimə məbləği endirilməli və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 40 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 01 may 2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 416 manat, cərimə borcuna görə 20 manat, 13 fevral 2021-ci il tarixli müqavilədən qalıq qalan əsas borca görə 997,4 manat, cərimə borcuna görə 40 manat olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 1473,4 manat məbləğində pul vəsaiti və 35,54 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 may 2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 416 manat, cərimə borcuna görə 20 manat, 13 fevral 2021-ci il tarixli müqavilədən qalıq qalan əsas borca görə 997,4 manat, cərimə borcuna görə 40 manat olmaqla ümumilikdə 1473,4 (bir min dörd yüz yetmiş üç manat, qırx qəpik) manat məbləğində pul vəsaiti və 35,54 (otuz beş manat, əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar