Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-558/2020 10.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil Asi oğlunun iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan “İddiaçı" ASC-nin xeyrinə 16.997,78 ABŞ dolları məbləğində əsas, müqavilənin bitdiyi tarixə hesablanmış 933,93 ABŞ dolları məbləğində faiz, 4.495,92 ABŞ dolları məbləğində cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 979,40 ABŞ dolları məbləğində faiz, cəmi 23.407,03 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli, 037T09175844 nömrəli “Kredit kartının verilməsi və istifadəsi üzrə” müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən illik 11,5 faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 12 ay müddətinə 17.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2019-cu il tarixinədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 16.997,78 ABŞ dolları məbləğində əsas, müqavilənin müddətinin bitdiyi tarixə hesablanmış 933,93 ABŞ dolları məbləğində faiz, 4.495,92 ABŞ dolları məbləğində cərimə, müqavilə müddətinin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 979,40 ABŞ dolları, cəmi 23.407,03 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borc ödəməkdən boyun qaçırır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə X3 xx xxxxxx 2017-ci il tarixli, 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2-1(103)-3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, X2 İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X5 əvvəlki məhkəmə iclaslarında iştirak etmiş, lakin sonradan ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının sayının çoxluğu səbəbindən məhkəmə iclasında iştiraklarının mümkün olmayacağını bildirmiş və bu səbəbdən məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin ərizəsini nəzərə alıb, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, onunla İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 90006055 nömrəli “Bank əmanəti” müqaviləsinə əsasən Banka 25.811 ABŞ dolları məbləğində əmanət yerləşdirmişdir. Məhz həmin əmanətə uyğun olaraq ona 17.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. O, da həmin kredit məbləğini istifadə edərkən, Bankda olan əmanətinə qüvvənmişdir ki, borcu qaytara bilməsə, əmanətindən silinsin. Lakin sonradan Bank müflis elan olunmuş və o, özünə məxsus əmanətini Bankdan geri ala bilmir. Hesab edir ki, iddiaçı onun Banka olan borcunu, Bankda olan əmanətinin müvafiq hissəsi ilə əvəzləşdirməlidir. Lakin Bank onun pulunu qaytarmır, əvəzinə isə hələ ondan pul tələb edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil Asi oğlu iddianı qəbul etməmiş və Cavabdeh izahatına uyğun izahat verərək, iddianın rədd edilməsini xahi etmişdir. Məhkəmə iddia ərizəsinin məzmununu nəzərə alıb, cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC iilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 8 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixədək illik 11,5% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 17.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş məbləğdə krediti almış və müqavilədə göstərilmiş qaydada kredit üzrə borcun qaytarılması, habelə ona hesablanmış faiz məbləğinin və gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2018-cı il tarixdə bitmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qanuni qüvvəsini almış 2-1(103)- 3194/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılması və X1 İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Hazırda iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə cavabdehə qarşı iddia qaldırmış və həmin kredit müqaviləsi üzrə cavabdehin 16.997,78 ABŞ dolları məbləğində əsas, müqavilə üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2018-ci il tarixə hesablanmış 933,93 ABŞ dolları məbləğində faiz, 4.495,92 ABŞ dolları məbləğində cərimə, müqavilənin bitdiyi, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 979,40 ABŞ dolları məbləğində faiz, cəmi 23.407,03 ABŞ dolları məbləğində borcunun yarandığını iddia edir və bu məbləğin tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçı ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Bank əmanəti” müqaviləsinə əsasən Banka 25.811 ABŞ dolları məbləğində əmanət yerləşdirdiyini və həmin məbləğin iddiaçı tərəfindən bugunədək ona qaytarılmadını, yaranmış borcunun da həmin əmanət məbləği hesabına silinməli olduğunu bildirir. Eyni zamanda, cavabdeh ondan tələb edilən borc məbləği ilə razılaşmamış və onun vəsatəti əsasında mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş ekspert rəyində cavabdehin kredit müqaviləsi üzrə 16.997,78 ABŞ dolları məbləğində əsas, kredit müddətinin bitdiyi, yəni xx.xx.2018-ci il tarixinə 1.107,69 ABŞ dolları məbləğində faiz borcunun yarandığı, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi tarixdən sonra hər hansı ödənişin aparılmadığı göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinəəsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmişöhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsinigecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Bununla belə, məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunu ayrıayrılıqda nəzərdən keçirib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 2808 saylı ekspert rəyini və iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını müqayisəli şəkildə təhlil edib, habelə iddiaçının kredit müddətinin sonuna hesablanmış faiz borcu ilə bağlı tələbini əsas götürüb, hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh 16.997,78 ABŞ dolları məbləğində əsas və kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2018-ci il tarixə hesablanmış 933,93 ABŞ dolları məbləğində faiz borcu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmaqla cavabdehdən 979,40 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qanuni qüvvəsini almış 2-1(103)-3194/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılması və X1 İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Hüquqi nəticə etibarı ilə xx.xx.2017-cı il tarixdən sonra “xxxxxxxxx” ASC faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirmişdir. Bu onunla bağlıdır ki, ləğv prosesində olan Bank həmin tarixdən artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirə bilmir. Belə olan halda onun əldən çıxmış faydası da ola bilməz. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit müddəti isə xx.xx.2018-ci il tarixdə, yəni bank məcburi ləğv edildikdən sonra bitmişdir. Bu səbəbdən də Bank illik 5% dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən əldən çıxmış fayda qismində faiz tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 4.495,92 ABŞ dolları məbləğində cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış və tələb edilən cərimə məbləği endirilməli və 500 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin mövqeyi ilə bağlı qeyd edir ki, onunla iddiaçı arasında “Bank əmanəti” müqaviləsinin bağlanması və ona məxsus 25.811 ABŞ dolları məbləğində pul vəsaitinin hazırda iddiaçıda olması hazırki iddianın rədd edilməsi üçün əsas ola bilməz. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 16.997,78 ABŞ dolları məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2018-ci il tarixinə hesablanmış 933,93 ABŞ dolları məbləğində faiz, 500 ABŞ dolları məbləğində cərimə, cəmi 18.431,71 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, həmçinin 30 manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidır. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət mədaxilinə alınmalıdır. Belə ki, mülki iş üzrə məhkəməmühasibat ekspertizası məhz cavabdehin vəsatəti əsasında təyin edilmiş və nəticədə məhkəmə eksperti tərəfindən hesablanmış əsas borc məbləği ilə iddia üzrə tələb edilən əsas borc məbləği eynilik təşkil edir, hesablanmış faiz borcu isə iddia üzrə tələb edilən faiz borcundan da çoxdur. Başqa sözlə, iddiaçı tərəfindən iddia üzrə real əsas və fair borcu tələb edilmişdir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 16.997,78 (on altı min doqquz yüz doxsan yeddi ABŞ dolları, yetmiş səkkiz sent) ABŞ dolları məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2018-ci il tarixinə hesablanmış 933,93 (doqquz yüz otuz üç ABŞ dolları, doxsan üç sent) ABŞ dolları məbləğində faiz, 500 (beş yüz) ABŞ dolları məbləğində cərimə, cəmi 18.431,71 (on səkkiz min dörd yüz otuz bir ABŞ dolları, yetmiş bir sent) ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət mədaxilinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-558/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-558/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver