Məhkəmə qərarları › İş №2(001)-5597/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5597/2023

17.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5597/2023 17.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6100/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh uşağın saxlanılması üçün onun xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilməsi, cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit məbləğdə 220 manat məbləğində tutulmasına və mediasiya xərci olaraq ödənilmiş 60 manat pulun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikah münasibətlərinə girərək, evlənib, ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X2 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6100/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit məbləğdə 154 manat aliment tutulması qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən aliment uşağın maddi təlabatlarının ödənilməsinə kifayət etmir. Özünün təkbaşına uşağın bütün maddi tələbatını ödəmək imkanı yoxdur. Alimentin artırılması uşağın sağlam və normal inkişafı üçün vacibdir. Cavabdeh də, bir valideyn kimi uşağın maddi tələbatının ödənilməsində iştirak etməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, uşaq hazırda 6-cı sinifdə oxuyur və hazırlıqlara gedir. Cavabdehin ödədiyi 154 manat onun xərclərini qarşılamağa kifayət etmir. Ümumiyyətlə, cavabdeh aliment ödənişindən başqa uşağa çəkilən heç bir xərcdə iştirak etmir. Bir dəfə uşaq üçün idman geyim dəsti alıb. Hazırda Abşeron rayonu, Digah qəsəbəsində ailəsi ilə birlikdə qalır. Opera və Balet teatrında inzibatçı vəzifəsinə işə düzəlmiş və 700 manat əmək haqqı alır. 18 yaşından 6 aylıq uşaq saxlayır. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Belə ki, özünün olan, lakin başqalarının adına olan avtomobilləri icarəyə verməklə dolanır.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Hazırda alimenti tələb edilən həcmdə ödəmək imkanı yoxdur. Taksi fəaliyyəti ilə məşğul olur. Özünün deyildiyi kimi avtomobilləri yoxdur və avtomobil alışısatışı ilə məşğul olmur. İkinci dəfə nikaha daxil olmuşdur. Həmin nikahdan da, iki oğlu var. Özü hepatit B, qaraciyər xəstəsidir. Heç öz müalicəsi üçün vəsait təmin edə bilmir. Ölkədə aliment məbləği arta bilər. Lakin artımla yanaşı onun da, maddi vəziyyəti nəzərə alınmalıdır. Belə ki, təyin olunan alimenti ödəyə bilməsə, böyük ehtimal ki, gərək həbs olunsun. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)- 6100/2018 saylı qətnaməsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-1258/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi və.s qət edilmişdir.

6. Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İİİ seriyalı, 041753 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2012-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

7. Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində keçirilmiş mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)- 6100/2018 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-1258/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılmışdır. Hazırda Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilir.

9. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-6100/2018 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir. Tələbini isə uşağın tələbatının artması, yaşayış minimumu məbləğinin artması ilə əlaqələndirir.

10. Cavabdeh isə işsiz olduğunu, ikinci dəfə nikaha daxil olduğunu, həmin nikahdan iki oğlunun da, olduğunu və xəstə olduğunu əsas gətirməklə iddia tələbini qəbul etmir.

11. Elektron məhkəmə informasiya sistemindən sorğulanmış məlumatlara əsasən, iddiaçının bildirdiyi kimi cavabdehin adına 6 nəqliyyat vasitəsi qeydə alınmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

13. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

14. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

15. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

16. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

17. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

18. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

19. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

20. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

21. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2023-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, uşağın maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməlidir.

22. Belə ki, sabit pul məbləğində müəyyən edilən alimentin uşaqlar üçün həmin dövr üçün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum ehtiyaclarının qarşılanmasına yönəlmiş hüquqi tədbirdir. Belə olduqda isə cavabdeh bir valideyn kimi uşaqlarının maddi tələbatlarını ödəməyə borcludur. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh isə əmək qabiliyyətli bir valideyn kimi harada işləməsindən, hansı məbləğdə əmək haqqı almasından asılı olmayaraq övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını yüksək saxlamalı və bununla bağlı vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideyn olaraq yerinə yetirməli olduğu vəzifələrini şərtsiz qəbul etməklə, uşağının qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq üçün qanunla qadağan edilməyən formada tədbirlər görməlidir. Hazırki iş üzrə isə cavabdehin bu vəzifələrini icra etməkdən yayınması üçün hər hansı üzrlü səbəb yoxdur. Digər tərəfdən cavabdeh xəstə olduğunu və müalicə ala bilmədiyini iddia etsə də, xəstəliyi və bununla bağlı xərclərinə dair məhkəməyə sübut təqdim etməmişdir. Eyni zamanda cavabdehin mülkiyyətində bir neçə nəqliyyat vasitəsinin olması nəzərə alındıqda onun artırılması tələb edilən miqdarda aliment vermək iqtidarında olması qənaətini gücləndirir. Bununla yanaşı cavabdehin himayəsində digər nikahdan 2 yetkinlik yaşına çatmayan uşağın olması onun əmlak vəziyyəti ilə müqayisədə tələbin əsaslılığını istisna etmir.

23. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

24. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

25. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

26. Odur ki, Cavabdeh 24 iyun 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etmədiyindən 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

30. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

31. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-6100/2018 saylı ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

32. İddiaçının ödədiyi 50 manat məbləğində mediasiya xərci(iddiaçı 60 manat ödəsə də, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda mediasiya xərcinin 50 manat olduğu göstərilmişdir) Cavabdeh tutularaq İddiaçı verilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-6100/2018 saylı ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220(iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar