Məhkəmə qərarları › İş №2(001)-5599/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5599/2023

26.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5599/2023 26.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə anadan olmuş 10 oktyabr 2006-cı il təvəllüdlü X5 və 17 iyun 2011-ci il təvəllüdlü X1 üçün bir uşağa görə, sabit pul məbləğində 170 (yüz yetmiş) manat olan alimentin miqdarı 50 (alli) manat artırılaraq, 220 (iki yüz iyirmi) manat alimentin sabit pul məbləğində tutulması, iki uşağın saxlanması üçün isə 440 (dörd qırx) manat, məhkəmə xərclərinə görə çəkdiyim xərcə görə, 17,40 (on yeddi manat qırx qapik) manat, Bakı 8 saylı Mediyasiya Təşkilatı 51 (əlli bir) manat Cavabdeh alınaraq, mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ila 17 iyun 2005-ci il tarixdə toyları olub və onunla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki uşaqları var. 10 oktyabr 2006-cı il təvəllüdlü X5 və 17 iyun 2011-ci il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdeh bir neçə il birgə yaşadıqdan sonra, o, cavabdehi məhkəməyə verərək, aralarında olan nikahımızın pozulmasına, uşaqların ana ilə saxlanmasının müəyyən olunması və alimentin sabit alimentin tutulması tələbinə dair iddia tələbi irəli sürmüş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (işa baxan hakim Fərid Hətəmzadə) xx.xx.2020-cu il tarixdə işə baxılmış, iddia tələbi təmin edilərək, aralarında olan 14 iyun 2005-ci il tarixdə Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsində bağlanmış 492 saylı akt qeydi ilə rəsmləşdirilmiş nikah pozulmuş, 10 oktyabr 2006-cı il təvəllüdlü X5 va 17 iyun 2011-ci il təvəllüdlü X4 onun, yəni İddiaçı yanında saxlanılmış, 10 oktyabr 2006-cı il təvəllüdlü X5 və 17 iyun 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatına qədər saxlanması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat, iki uşağa görə cəmi 340 (üçyüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və 09 oktyabr 2019-cu il tarixdən başlanması qət edilmişdir. Xüsusən qeyd edir ki, hal-hazırda azyaşlı uşaqları onunla qalır və hesab edir ki, bu günkü bahalıqla əlaqədar olaraq, uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə bir uşağa görə sabit pul məbləğində 170 (yüz yetmiş) manat, iki uşağın saxlanması üçün 340 (üç yüz qırx) manat aliment çox az olduğundan alimentin artırılmasına dair müraciət etmək qərarına gəlmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, ailə münasibətləri ilə əlaqədar olan mübahisələrə görə, mediasiya şurasına müracət etmiş. Orada mənim müraciətimə əsasən mediator tayin edildi, mediatora onun tərəfdən 51 (əlli bir) manat dövlət rüsumu ödənilmiş, NeMSB/8/2023-01543 nömrəli, xx.xx.2023-cü tarixdə, Bakı 8 saylı Mediyasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 8 saylı Mediyasiya Təşkilatı tərəfindən arayış verilmişdir. Hesab edir ki, indiki bahalıqla əlaqədar olaraq, bir uşağın saxlanması üçün 170 (yüz yetmiş) manat pul məbləği uşağın yaşayış minimumundan az olduğundan, 50 (ǝlli) manat artırılaraq, bir uşağa görə 220 (iki yüz iyirmi) manat, iki uşağa görə isə cəmi 440 (dörd yüz qırx) manat alimentin sabit pul məbləğində tutulması, məhkəmə xərclərinə görə, 17,40 (on yeddi manat qırx qəpik) manat, Bakı 8 saylı Mediyasiya Təşkilatında çəkdiyi 51 manat Cavabdeh alınaraq ona ödənilməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, böyük qızı 11-ci sinifə oxuyur və 6 fəndən hazırlıqlara gedir. Kiçik oğlu fudbola gedir, əlavə olaraq 2 fəndən hazırlığa edir. Cavabdehin hazırda aliment borcu yoxdur. Cavabdehlə danışmasa da, baldızı və qayınanası ilə danışır. Cavabdeh özü aşbaz işləyir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-583/2020 saylı, xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş məhkəmə qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 14 iyun 2005-ci il tarixdə Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsində bağlanmış, 492 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin ümumi uşaqları - xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 İddiaçı yanında saxlanılmaları, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 09 oktyabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat aliment sabit pul məbləğində tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamənin notarial qaydada təsdiqinə 8 manat haqq ödənilmişdir.

7. Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 363858 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixində pozulmuşdur. Nikah pozulandan sonra qadında “Əliyeva” soyadı saxlanılmışdır. Şəhadətnamənin surətinin notarial qaydada təsdiqinə 3 manat haqq ödənilmişdir.

8. Doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 doğulmuşlar. Şəhadətnamələrin surətlərinin təsdiqinə 3 manat olmaqla, 6 manat haqq ödənilmişdir.

9. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü ildə keçirilmiş mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirakdan imtina etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-583/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iki uşaq üçün ümumilikdə, 340 manat aliment aliment ödəyir.

11. İddiaçı isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-583/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi tutulan aliment məbləğinin artırılaraq, hər ay hər uşaq üçün 220 manat olmaqla, 440 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir.

12. Tələbini isə uşaqlarının yaşlarına uyğun tələbatlarının artması və özünün təkbaşına uşaqlarının saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir.

13. İddiaçı mediasiya mərhələsində iştirak etməklə 50 manat mediasiya xərci və iş materialların təsdiqi üçün 17 manat haqq ödəmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

15. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

16. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

19. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

21. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

22. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

23. Məhkəmə, hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2023-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2020-ci ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməlidir.

24. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir. Uşaqlardan birinin isə artıq 17 yaşı tamam olmuşdur. Cavabdeh artırılmış məbləğdə alimenti həmin uşağa cəmi 1 il ödədikdən sonra ona münasibətdə alimetnt ödənişindən azad olacaq.

25. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin artırılmış miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlanmalıdır.

26. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

27. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

28. Odur ki, Cavabdeh 08 avqust 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etmədiyindən 50 manat məbləğində mediasiya xərci cavabdeh X6 tutularaq İddiaçı ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

33. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

34. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

35. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-583/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

36. 50 manat məbləğində mediasiya xərci və 17,40 manat məhkəmə xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-583/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. 50 manat məbləğində mediasiya xərci və 17,40 manat məhkəmə xərci olmaqla, ümumilikdə 67,40 (altmış yeddi manat, qırx qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar