Məhkəmə qərarları › İş №2(001)-560/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-560/2020

26.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-560/2020 26.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxxxxxx” MMC-yə qarşı qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxxxxxx” MMC-yə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxxx” MMC-yə ödədiyi 4.500 manat vəsaitin və dövlət rüsumu kimi ödədiyi 30 manatın hər iki cavabdehdən, üçüncü əməliyyat üçün ödədiyi 2.000 manatın və mənəvi ziyana görə 5.000 manatın Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sol çiyninin bir neçə dəfə çıxması çiyin nahiyəsində ağrılara və hərəkət məhdudluğuna səbəb olduğu üçün “HB Güven” klinikasına müraciət etmişdir. Burada ortoped travmatoloq kimi çalışan həkim Cavabdeh1 tərəfindən ona “sol bazu oynağının təkrari çıxığı, sol çiyində bankart zədəsi” diaqnozu qoyulmuş və xx xxxxxx 2018-ci ildə “Sol çiyində Bankart” əməliyyatı olunmuşdur. Bir gün sonra ambulator müalicə üçün evə buraxılmışdır. Bu əməliyyat üçün 2.800 manat məbləğində pul ödəmişdir. Əməliyyat düzgün aparılmadığından yenidən sol çiynində ağrılar və hərəkət məhdudluğu yaranmışdır. Həkim Cavabdeh1 ona “sol bazu oynağında absesləşmiş hematoma” diaqnozu qoymuş və 550 manat məbləğində pul ödəməklə ikinci dəfə xx xxxxxx 2019-cu ildə əməliyyat olunmuşdur. Əməliyyatdan sonrakı müddətdə bir gün 25 manat olmaqla 45 günlük fizioterapiyaya cəlb olunmuş, bunlara baxmayaraq ağrıları azalmış və sol qolunda hərəkət məhdudluğu davam etmişdir. “Eğe Hospital”da sol bazu oynağının rentgenoqrafiyasında “sol bazu oynağının artriti” diaqnozu qoyulmuş və müəyyən olunmuşdur ki, əvvəlki əməliyyat düzgün aparılmayıb, ora qoyulmuş mil ağırlaşma vermişdir. Digər klinikada əməliyyata qədər cavabdeh klinikaya müayinə, əməliyyat, fizioterapiya və dərmanlara 4.500 manatdan çox xərci çıxmışdır. Digər Klinikadakı xərcləri isə 2.000 manatdan artıqdır. Cavabdeh klinikada həkimin səhvi nəticəsində ona ziyan vurulduğunu bildirsə də, ödənilmiş pulun geri qaytarılmasının mümkün olmayacağını bildirmişlər. Hər iki cavabdehlərin hərəkətləri qanunsuzdur, bütün bunlar ona sadəcə maddi ziyan vurmaqla bitməmiş, həmçinin mənəvi cəhətdən də sarsıntı keçirmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, onun birinci əməliyyatdan sonra möhkəm ağrıları olmuş və agrıdan gecələr yata bilmədiyinə görə təkrar həkimə müraciət etmişdir. O, həkimə yıxıldığını deməmişdir, çünki elə bir hadisə ümumiyyətlə baş verməmişdir. İkinci əməliyyatdan sonra həkim Cavabdeh1 qəbuluna gedərək, ona etirazımı bildirmişdir. İkinci əməliyyatdan sonra həkim Cavabdeh1 qəbulunda olarkən onun düzgün əməliyyat etmədiyini ona bidirərək, əməliyyata və fizioterapiyaya verdiyi pulu qaytarmağını ondan tələb etmişdir. Lakin həkim ona kobud cavab verərək, onu klinikadan çıxartmışdır. Ona görə də, o, “Ege” Hospitala gedərək orada dörd dəfə MRT olunmuş və aşkar olunmuşdur ki, əməliyyat olunmuş yerə çirk yığılmış və sümüyü çürüyür, sümüyün bərpa olunması mümkün olmadığına görə ona implant qoyulmalıdır. İmplantın qiyməti 15.000 manat olduğuna görə, həmin pulu ödəməyə imkanı çatmamışdır. Daha sonra qohumları “xxxxxxxx” Hospitalını ona məsləhət bilmişlər və o, ora müraciət etmiş, həkimlə məsləhətləşmiş və üçüncü dəfə orada əməliyyat olunmuşdur. Fizioterapiyaya ödədiyi məbləğlərin qəbzləri ona verilməmişdir. Həmçinin fizioterapiya baha olduğundan, həkimə demişdir ki, imkanı çatmadığına görə daha gələ bilmiyəcəkdir, həkim ona hörmət edib zəng vurub tapşırmışdır ki, bir neçə gün 15 manatdan ödəsin, sonra heç ona da imkanı çatmadığını bildirmiş, bir neçə gün ödənişsiz getmiş, lakin heç bir nəticəsi olmamışdır, ağrıları dayanmamışdır. İş üzrə verilmiş məhkəmə-tibb ekspertizasının rəyi ilə razı deyil. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiaçının izahatına uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iş üzrə keçirilmiş ekspertizalar üzrə verilmiş rəylər ilə razı deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı xx xxxxxx 2018-ci il tarixdə keçirtdiyi əməliyyatdan sonra bir gün klinikada saxlanılmış və özünü yaxşı hiss etdiyinə görə evə buraxılmışdır. İddiaçı dörd aydan sonra müraciət edərək, yıxıldığını və buna görədə ağrıları olduğunu bildirmiş və yenidən cavabdehə müraciət etmişdir. Həkim Cavabdeh1 müayinə aparan zaman hematoma aşkar edilmiş və buna görə də ikinci əməliyyat olunmasının vacib olduğunu bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı təkrar əməliyyat olunmuş, bir gündən sonra özünü yaxşı hiss etdiyini qeyd edərək evə buraxılmışdır. Əməliyyatdan sonra reabilitasiya olunması üçün fizioterapiyaya göndərilmiş, bir neçə gün fizioterapiyaya getmiş, daha sonra özünü yaxşı hiss etdiyini və fizioterapiyaya ehtiyac olmadığını bildirərək fizioterapiyaya davam etməmişdir. Daha sonra iddiaçının özü yox, qohumları klinikaya gələrək həkimdən pul tələb etmişlər. Həmin zaman iddiaçının qohumlarına qarşı heç bir kobud hərəkət olmamış, əməliyyatın düzgün aparıldığı və Cavabdeh1 peşəkar həkim olduğu bildirilmişdir. İş üzrə verilmiş ekspert rəyləri ilə razıdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh xxxxxxxxxxxxxxxasına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsinin iştirakını təmin etməmiş, lakin xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki,iddiaçı iddia ərizəsinin məzmununda işin faktiki hallarını təhrif etməklə iddiasını işin əsl faktiki halları ilə uzlaşmayan hallarla, yəni həqiqətin yalnış təhrif edilməsi ilə əsaslandırmışdır. Belə ki, o, xx xxxxxx 2019-ci il tarixində "xxxxxxxxxxxxxxx" MMC-yə müraciət etmiş, bundan sonra o, həkim Cavabdeh1 tərəfindən müvafiq qaydada müayinə olunmuş və MRT müayinəsindən keçmişdir. Xəstə öz xəstəlikləri ilə bağlı şikayətləri dinlənildikdən, eləcə də o, həkim tərəfindən müayinə edildikdən və MRT müayinəsindən keçdikdən sonra ona “sol bazu oynağı təkrari çıxığı, sol çiynində bankart zədəsi" diaqnozu qoyulmuş və ona müvafiq əməliyyat olunması uyğun görülmüşdür. xx xxxxxx 2018-ci il tarixində iddiaçı ümumi anestezi altında sol çiynində bankart əməliyyatı üzrə cərrahi əməliyyat olunmuşdur. Əməliyyatdan sonrakı dövr fəsadsız keçdiyindən və xx xxxxxx 2019-cu il tarixində ona lazımı tibbi məsləhətlər verildikdən sonra o, kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılmışdır. Eyni zamanda iddiaçı xx xxxxxx 2018-ci tarixində klinikaya müraciət edərkən sol çiyin və oynağında ağrıdan hərəkət məhdudluğundan uzun müddət şikayətləndiyini bildirərək sol çiyin oynağının bır neçə dəfə çıxdığını, son vaxtlar şikayətinin artdığını, bu səbəbdən də müayinəyə zərurəti olduğunu qeyd etmişdir. Sözügedən əməliyyatdan bir neçə ay sonra, yəni xx xxxxxx 2019-cu il tarixində təkrarən “xxxxxxxxxxxxxxx" MMC-yə, həkim Cavabdeh1 müraciət edərək təqribən 2 ay əvvəl çiyni üzərinə yıxıldığını və bu səbəbdən çiyninin şişməsini bildirmişdir. Xəstə müayinə edildikdən və MRT müayinəsindən keçdikdən sonra ona “sol bazu oynağında absesləşmiş hematoma" diaqnozu qoyulmuş və onun əməliyyat olunması uyğun görülmüşdür. xx xxxxxx 2019-cu ildə xəstə ümumi anestezi altında sol çiynində yara debridmanı üzrə cərrahın əməliyyat olunmuş, əməliyyatdan sonrakı dövr fəsadsız keçdiyindən o, xx xxxxxx 2020-ci il tarixində kafi vəziyyətdə, ambulator müalicə üçün evə buraxılmış, eləcə də ona lazımı tibbi məsləhətlər tövsiyə olunmuşdur. Lakin, iddiaçı ona verilən həkim tövsiyələrinə vaxtlı-vaxtında və tam şəkildə də əməl etməmişdir. Göstərilənlərə əsasən xxxxxxxxxxxxxxxasının həkim ortoped-travmotoloqu Cavabdeh1 tərəfindən ödənişli tibbi xidmət göstərilərkən bu və ya digər qanun pozuntusuna, o cümlədən həkim səhvinə yol verilməmiş, xəstə müvafiq tibbi prosedurlara uyğun olaraq müayinə və cərrahi əməliyyat edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə cavabdehin etiraz ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xxxxxxxxxxxxxxxasının ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışından görünür ki, xx xxx 1966-cı il təvəllüdlü İddiaçı sol çiyin oynağında ağrı, hərəkət məhdudluğu şikayəti ilə xx xxxxxx 2018-ci il tarixdə klinikaya daxil olmuş, ona sol bazu oynağı təkrari çıxığı, sol çiyində bankart zədəsi diaqnozu qoyulmuşdur. Anamnesis morbi: xəstə deməsinə görə şikayətləri uzun müddətdir ki, vardır. Sol çiyin oynağı bir neçə dəfə çıxmışdır. Son vaxtlar şikayətləri artmış, bu səbəbdən xəstə müayinə edilmiş və MRT müayinəsindən keçmişdir. Nəticə olaraq, xəstəyə əməliyyat uyğun görülmüş, bu səbəblə xəstə əməliyyat üçün klinikaya qəbul edilmişdir. Müalicə: xx xxxxxx 2018-ci il tarixdə xəstəyə ümumi anestezi altında “sol çiyində bankart əməliyyatı” icra olunmuş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Xəstənin çıxış vaxtı xx xxxxxx 2018-ci ildir, qeyd edilən tarixdən xəstə kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılmışdır. xxxxxxxxxxxxxxxasının ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışından görünür ki, xx xxx 1966-cı il təvəllüdlü İddiaçı sol çiyin oynağında ağrı, hərəkət məhdudluğu şikayəti ilə xx xxxxxx 2019-cu il tarixdə klinikaya daxil olmuş, ona sol bazu oynağında absesləşmiş hematoma diaqnozu qoyulmuşdur. Anamnesis morbi: xəstə deməsinə görə təqribən 5 ay əvvəl sol çiyində adəti çıxıq səbəbi ilə əməliyyat edilib. Əməliyyatdan sonra reabilitasiya keçib. Təqribən iki ay əvvəl çiyni üzərinə yıxılıb və çiyni şişib. xx xxxxxx 2019-cu il tarixdə klinikada müayinə edilmiş və MRT müayinəsinin nəticəsinə əsasən əməliyyat uyğun görülmüşdür. Müalicə: xx xxxxxx 2019-cu il tarixdə xəstəyə ümumi anestezi altında “sol çiyində yara debridmanı əməliyyatı” icra olunmuş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Xəstənin çıxış vaxtı xx xxxxxx 2019-cu ildir, qeyd edilən tarixdən xəstə kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılmışdır. Ege Hospitalının tibbi kartasının çıxarışından görünür ki, xx xxx 1966-cı il təvəllüdlü İddiaçı xx xxxx 2019-cu il tarixdə çiyin oynağı rentgenoqrafiyasından müayinə olunmuş, sol bazu oynağını təşkil edən sümüklərin oynaq səthləri nahamardır, sümüklərin mineral sıxlığı strukturu osteoporotikdir, oynaq səthləri deformasiyalıdır, litik dəyişikliklər qeyd edilir, oynaq yarığı mühüm dərəcədə daralıb, ətraf yumşaq toxumalarda 3 ədəd metal yad cisim izləndi. Peri və paraartiukulyar toxumaların forma və strukturu adidir. Akromioklavikulyar oynaq yarığı adidir, oynaq səthləri hamardır, kürək sümüyü adi forma və ölçüdədir. Müalicə: sol bazu oynağının artriti. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, AH seriyalı 020016 nömrəli Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixdən həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində travmatologiya-ortopediya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. X4 Hospitalın ortopediya şöbəsi tərəfindən verilmiş epikrizindən görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə sol çiyin ağrısı və ciddi hərəkət məhdudiyyəti şikayəti ilə hospitala daxil olmuş, anamnez morbi: sol çiyin adəti çıxıq səbəbi ilə təxminən 10 ay əvvəl açıq bankart əməliyyatı edilmişdir. Sonra infeksiyalaşma səbəbi ilə 1 dəfə debridman edilsə də sol çiyinndə agrıları keçməmiş və ciddi hərəkət məhdudiyyəti görülmüşdür. Cərrahi prosedurlar: sol çiyin oynağının debridmanı (eyni seansda titan vintlərin çıxarılması + antibiyotikli spacer). Tövsiyyə olunan müalicə: 3 gündən bir yara yeri sarğısı dəyişdirilməsi, cefepim 2 gr*3 antibiyotik iv vurulması, 10 gün sonra kontrol, 6 həftə ambulator müalicə məsləhət görülür. 389552, 391622, 390007, 390031,389907, 388766 və 390009 nömrəli mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən “xxxxxxxx” MMC-nin hesabına xx xxxxxx 2019cu il tarixdə 30 manat, xx xxxxxx 2019-cu il tarixdə 30 manat və 50 manat, xx xxxxxx 2019-cu il tarixdə 322 manat, 335 manat, 60 manat və 748 manat, xx xxxxxx 2019-cu il tarixdə isə 335 manat məbləğində vəsait ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 tərəfindən verilmiş 31/KEŞ nömrəli rəyindən görünür ki, 1966-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə əsasən, İddiaçı xx xxxxxx 2018-ci il tarixdə “HB Güven” Klinikasına müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “sol bazu oynağının təkrari çıxığı, sol çiyində bankart zədəsi” diaqnozu təyin edilmişdir. İddiaçı “HB Güven” Klinikasında təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində xx xxxxxx 2018-ci il tarixdə “sol çiyində bankart əməliyyatı” icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadız keçmiş və xəstə kafi vəziyyətdə xx xxxxxx 2018-ci il tarixdə ambulator nəzarətə evə yazılmışdır. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə yenidən “HB Güven” Klinikasına müraciət etmiş, müayinə zamanı onda “sol bazu oynağında absesləşmiş hematoma”nın olduğu müəyyən edilmişdir. Absesləşmiş hematomanın ilkin cərrahiyyə əməliyyatından 5 ay sonra meydana çıxması, bu pataloji prosesin təkrar travma nəticəsində əmələ gəlməsinə əsas verir və bununla əlaqədar “sol çiyində yara debridmanı” cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Cərrahiyyə əməliyyatının aparılması üçün hansı miqdarda vəsaitin lazım olmasının təyini məhkəmə-tibbi ekspert komissiyaslnln səlahiyyətlərinə aid deyil. İddiaçı üzərində “X2” Hospitalında xx xxxxxx 2019-cu il tarixdə “sol çiyin oynağının debridmanı” və xx xxxxxx 2019-cu il tarixdə “boyük oynaqlarda artrotomoiya” cərrahiyyə əməliyyatları icra edilmişdir. İcra edilmiş hər iki cərrahiyyə əməliyyatları ilkin cərrahiyyə əməliyyatının fəsadı kimi deyil, sol çiyin oynağının iltihabı xronikləşmiş proses ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/2080 nömrəli ekspert rəyindən görünür ki, “HB Güven” Klinikasında İddiaçı üzərində aparılmış cərahiyyə əməliyyatlarının və müalicənin aparılması ilə əlaqədar hər hansı qəbz, faktura, ödənişlər və sair barədə məlumat yoxdur. “xxxxxxxx” MMC-nin məsaxil qəbzlərində, ümumilikdə müalicə xərclərinə 1.575 manat ödənildiyi göstərilmişdir. Həmçinin qeyd edilmişdir ki, respublika ərazisində fəaliyyət göstərən özəl və ya təsərrüfat hesablı tibbi müəssisələrdə (xəsatəxana, klinika və sair) tibbi xidmətlərin (cərrahiyyə əməliyyatları, analizlər, məsləhətlər və sair) göstərilməsi üçün ödəniləcək məbləğ həmin tibbi müəssisələrin səviyyəsindən asılı olaraq tərəflər arasında razılaşma əsasında müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. xx xxxxxx 2019-cu il tarixli mədaxil qəbzindən görününr ki, iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 57-ci maddəsinə vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlər tərəfindən həyata keçirilmiş düzgün olmayan müalicə nəticəsində onun sağlamlığına zərər vurulduğunu iddia etsə də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehlərə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxxxxxx” MMC-yə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxxxxxx” MMC-yə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar