Məhkəmə qərarları › İş №2(001)-5602/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5602/2023

25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5602/2023 25.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012_2521/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq bir uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra tələbini artıraraq, əlavə olaraq uşaqların xəstəliyi ilə bağlı təyin olunmuş aliment məbləğinin də artırılaraq hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat alimentin müəyyən edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-6197/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün bir uşaq üçün 108 manat olmaqla ümumilikdə 216 manat aliment ödənilməsi qət edilmişdir. Daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-2403/2017 saylı qətnaməsi ilə həmin məbləğ hər ay sabit pul məbləğində bir uşaq üçün 136 manat olmaqla, ümumilikdə 272 manat alimentin tutulması qət edilmişdir. Sonradan Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2521/2018 saylı qətnaməsi ilə həmin məbləğ hər ay bir uşaq üçün 154 manat olmaqla, ümumilikdə 308 manat olaraq təyin edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibətləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, onun xəstə uşaqları vardır və cavabdeh indiyənədək uşaqların saxlanılmasında iştirak etməmişdir. O uşaqlarını təkbaşına böyütmək məcburiyyətində qalmışdır. Halbuki cavabdeh öz kefindədir və qətnamə ilə müəyyən edilən alimenti vermir. Bununla bağlı hətta 7000 manat borcu olan zaman barəsində məhkəmə hökmü çıxarılaraq azadlıqdan məhrum edilmişdir. Hazırki iddianı qaldırmaqda məqsədi həm qanunla ona verilmiş hüququnu realizə etmək və cavabdehin barəsində yenidən cinayət işi qaldırmaqdır. Belə ki, ona bildirilmişdir ki, eyni qətnamənin icrası ilə bağlı bir dəfə cinayət işi qaldırılmışdır və yenidən cinayət işi qaldırmaq üçün yeni qətnamənin qəbul edilməsi gərəkdir.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları:

6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-2403/2017 saylı qətnaməsi ilə X3 müalicəsi ilə bağlı əlavə xərclərə görə Cavabdeh Safa oğlundan 100 manat, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-3271/2018 saylı qətnaməsi ilə X6 müalicəsi ilə bağlı əlavə xərclərə görə Cavabdeh(qətnamədə Neyman qeyd edilmişdir) Safa oğlundan 100 manat məbləğində aliment tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir.

7. Bundan başqa Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 2521/2018 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli qətnaməsi ilə 21 sentyabr 2006-cı il təvəllüdlü X6 və 03 aprel 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulması qət edilmiş cəmi 272 manat məbləğində alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində müəyyən edilmişdir.

8. İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, qeyd edilən icra vərəqələri üzrə Cavabdeh 38984 manat məbləğində aliment borcu vardır.

9. Hazırda iddiaçı işsiz olduğuna və uşaqların xəstəliyi ilə bağlı əvvəlki sənədlərə istinad edərək həm uşaqların saxlanılması ilə bağlı, həm də müalicəsi ilə bağlı müəyyən edilən alimentin artırılmasını xahiş edir. Tətbiq edilən maddi hüquq normaları və məhkəmənin hüquqi əsaslandırması:

10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

11. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

13. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

14. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

15. İddia tələbinin əsaslandırılmasından və işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı alimentin artırılmasını ona görə tələb edir ki, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu artmışdır və o, işsiz olduğuna görə uşaqların həm müalicəsini, həm saxlanılmasını təmin edə bilmir.

16. Uşaqlar üçün yaşayış minimumu ilə bağlı qanunvericiliyin hazırki mübahisələrə tətbiqi baxımından Ali Məhkəmənin Plenumunun və Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarları mövcuddur. Həmin qərarlarda mövqe ondan ibarət olmuşdur ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan başqa həmin qərarlarda qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi mövqe ondan ibarət olmuşdur ki, alimentin artırılması tələbinə baxarkən yalnız uşağın təminat səviyyəsi deyil, eyni zamanda aliment ödəyənin maddi vəziyyəti də nəzərə alınmalıdır.

17. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdehin hazırda təqribən 39000 manat məbləğində icra edilməmiş aliment öhdəliyi vardır və cavabdeh tərəfindən hər hansı ödəniş edilmədiyindən və qüvvədə olan icra sənədləri olduğundan həmin məbləğ artmaqda davam edir.

18. Göründüyü kimi 39000 manat məbləğində borcu olan cavabdehə qarşı alimentin artırılması tələbi formal əsaslara söykənməklə uşaqların təminat səviyyəsinin artırılmasına yönəlməmişdir. Üstəlik 39000 manat aliment borcunun mövcudluğu nəzərə alınarsa, yaşayış minimumu səviyyəsinin artması özlüyündə aliment ödəməli olan şəxsin maddi vəziyyətində dəyişiklik olduğu qənaətini yaratmır. Bundan əlavə cavabdehin məhkəmə qətnaməsini icra etməməsinə görə məsuliyyətə cəlb edilməsi onun yenidən davam edən əmələ görə məsuliyyətini istisna etmir və bu məqsədlə alimentin artırılması tələbi formallıqdan kənara çıxmır. Halbuki məhkəmə qətnaməsi mülki mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

19. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılması barədə tələb hazırki halda əsassız olduğundan təmin edilməməlidir. Tətbiq edilən prosessual normalar:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

21. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

23. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

24. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilməlidir.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar