Məhkəmə qərarları › İş №2(001)-5605/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5605/2023

24.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5605/2023 24.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X3 uşaqların saxlanması üçün hər ay hər uşağa 220 manat, toplam 440 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2018-ci il tarixində Binəqədi Rayon Məhkəməsində nikahları pozulmuşdur. Binəqədi rayon məhkəməsinin 2(001)-4543/2021 saylı qətnaməsi ilə birgə nikahlarından doğulan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 165 manat olmaqla, 330 manat məbləğində aliment tutulmuşdur. Hazırda uşaqlar böyüyür, tələbatları da, böyüyür. Uşaqlar hazırlıqlara gedir və özü təkbaşına bunların öhdəsindən gələ bilmir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin başqa nikahdan uşağının olması, əvvəlki nikahdan olan uşaqlarına baxmaması üçün əsas deyil. Uşaqların hazırlıqlarına 150 manat, məktəb formalarına 190 manat pul verir. Ödənilən aliment məbləği ilə uşaqların tələbatlarını ödəyə bilmir.

4. Əvvəlki məhkəmə iclasında iddiaçı bildirmişdir ki, o, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi şəxsində Texnik, farmakologiya vəzifəsində işləyir, bu ilin iyul ayından işi ilə əlaqədar Qəbələ rayonundan Bakı şəhərinə köçmüşdür. Uşaqları oxumağa çox həvəslidirlər, belə ki, böyük oğlu məntiq üzrə rayonda birinci yerə, region üzrə isə ikinci yerə layiq görülüb,kiçik oğlu isə Şahmat üzrə birinci yerə çıxıb. Cavabdehin ferması, iki evi və kafesi var. Lakin heç bir əmlak cavabdehin adına deyil. Cavabdeh hazırda qardaşı ilə birlikdə restoran işlədir. Cavabdehin İsmayıllı rayonunda “Bədo” adlı istirahət mərkəzi də var. Bundan başqa cavabdeh uşaqlara siqaret təklif edir, uşaqlara onu pisliyir, pul ilə şirnikləndirməklə öz yanında saxlamağa çalışır. Bundan başqa nikahda olan vaxt cavabdeh bankda, sonra özəl müəssisədə işləyirdi, daha sonra isə qardaşı ilə restoran işlətməyə başladı. Uşağın liseyə daxil olması üçün hazırlığa qoymuş və bunun üçün hər ay 180 manat ödəniş edir. Ona məxsus olan avtomobili atası almış və cavabdehin də avtomobili var. Hazırda Sulutəpə ərazisində qardaşının evində yaşayır.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Hazırda alimenti tələb edilən həcmdə ödəmək imkanı yoxdur. İki nəfərə 220 manatdan, aylıq ödəniş 440 manat edəcək. Özünün isə rəsmi iş yeri yoxdur. Əvvəlki məbləğin saxlanılmasını xahiş edir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, qarşılıqlı iddia verərkən əsas niyyətim alimentin azaldılması yox, əvvəlki məbləğdə sabit saxlanılmasına nail olmaq olmuşdur. Həmçinin qarşı tərəf 4 ildir ki, uşaqlarını görməyinə mane olur. Hazırda işsizdir və müvafiq dövlət orqanın da, işsiz kimi qeydiyyatdadır. Adına hər hansı əmlak yoxdur. Faktiki olaraq atasının evində yaşayır. Alimentin ödənilməsinə atam kömək edir. Özü iqtisadçı olduğu üçün iş düşdükcə qazandığını alimentə verir. 2020ci ildə ikinci dəfə nikaha girmiş, həmin nikahdan xx.xx.2021-ci il tarixində bir övladı olub. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 4543/2021 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1870/2020 saylı, 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 18 mart 2012-ci il təvəllüdlü X6 və 11 yanvar 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 165 manat, cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X1 verilməsi və s. qət edilmişdir.

8. Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İİİ seriyalı, 003339 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2012-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X2r.

9. Bakı şəhəri 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİİ seriyalı, 554531 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X2r. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 4543/2021 saylı qətnaməsi ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 29001)- 1870/2020 saylı, 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılmışdır. Hazırda Cavabdeh 18 mart 2012-ci il təvəllüdlü X9 və 11 yanvar 2014-cü il təvəllüdlü X7 üçün hər ay 165 manat olmaqla, 330 manat sabit pul məbləğində aliment tutularaq X1 verilir.

11. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-4543/2021 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin artırılaraq, hər ay hər uşaq üçün 220 manat olmaqla, 440 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir. Tələbini isə uşaqların tələbatlarının artması, yaşayış minimumu məbləğinin artması ilə əlaqələndirir.

12. Cavabdeh isə işsiz olduğunu, ikinci dəfə nikaha daxil olduğunu, həmin nikahdan uşağının olduğunu əsas gətirməklə iddia tələbini qəbul etmir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

14. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

15. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

16. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

17. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

18. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

19. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

20. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

21. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

22. Məhkəmə, hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2023-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, uşaqların maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməlidir.

23. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdehin başqa nikahdan da yetkinlik yaşına çatmayan uşağının olması aliment ödədiyi övladına qarşı valideynlik vəzifəsini yerinə yetirmək vəzifəsindən azad etmir. Hansı ki, alimentin artırılması tələb olunan məbləğ uşağın minimal ehtiyaclarını qarşılamağa yönəlmişdir və bir valideyn olaraq cavabdeh uşağını ən azından minimal səviyyədə saxlamaq vəzifəsini dərk etməlidir.

24. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

25. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

29. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

30. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-4543/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, 18 mart 2012-ci il təvəllüdlü X6 və 11 yanvar 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-4543/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 18 mart 2012-ci il təvəllüdlü X6 və 11 yanvar 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar