Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5610/2022 01.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı BOKT MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) X2 iştirakı ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 2.002,04 manat məbləğində əsas, 362,32 manat məbləğində faiz, 171,30 manat məbləğində cərimə, cəmi 2.535,66 manat məbləğində borcun və ödənilmiş 70,22 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi (qanuni təmsilçisi) X3 iddianı müdafiə etmiş və təqdim edilmiş sübutlara əsaslanaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdilər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, aylıq 40 faiz dərəcəsi ilə faiz hesablamaq və borcu ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 2.575 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği iddiaçıdan qəbul etmiş və bu kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi, müəyyən olunmuş müddətlərdə və məbləğlərdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faizləri və gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək, borc məbləği barədə məlumat verilməklə, ondan borcun ödənilməsini tələb etmiş, əks halda yaranmış borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə ona məlumat verilmişdir. Lakin bu da bir nəticə verməmiş, cavabdeh bundan sonra da öhdəliyi tam icra etməmişdir. Bu səbəbdən iddiaçı 70,22 manat məbləğində dövlət rüsumu ödəməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehin xx.xx.2022-ci il tarixə 2.002,04 manat məbləğində əsas, 362,32 manat məbləğində faiz, 171,30 manat məbləğində cərimə, cəmi 2.535,66 manat məbləğində borcunun yarandığını iddia etməklə, bu məbləğin, habelə ödənilmiş 70,22 manat dövlət rüsumunun əvəzinin ondan tutulmasını tələb edir. Kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2023-cü il tarixdə bitəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə, aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub qeyd edir ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borc məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Cavabdeh2 2.002,04 manat məbləğində əsas, 362,32 manat məbləğində faiz borcu İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında gecikməyə yol verildiyi təqdirdə cərimə borcunun hesablanması haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində (müqavilənin 5.2-ci bəndi) öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən kredit müqaviləsi üzrə 171,30 manat məbləğində cərimə borcunun tutulmasını tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehə kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək dəbbə pulu hesablanmışdır. Bu səbəbdən iddiaçı tərəfindən kredit müqaviləsi üzrə hesablanmış cərimə məbləği endirilərək, 100 manat məbləğində müəyyən edilməli, həmin məbləğdə cərimə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı BOKT MMC ilə zaminlər Cavabdeh1 və Cavabdeh3 arasında ayrı-ayrılıqda bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh3 borcalan Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı barədə üzərlərinə öhdəlik götürmüşlər. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən bu cavabdehlərə də bildiriş göndərilməklə kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tam şəkildə qaytarılması tələbi ilə iş materiallarının hazırlanıb aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi bildirilmiş, lakin bu da bir nəticə verməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zamin kimi borcalan Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərindən, zaminlik müqavilələrində zaminlərin subsidiar məsuliyyəti, habelə zaminlik müqavilələrində başqa hal nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən müəyyən edilmiş əsas, faiz və cərimə borcu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlərdən iddia üzrə 70,22 manat məbləğində dövlət rüsumunun tutulmasını tələb etsə də, cəmi 46 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən ümumilikdə (2.002,04 + 362,32 + 100 = 2.464,36) 2.464,36 manat borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 44,65 manat dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan, yəni (46– 44,65 = 1,35) 1,35 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2.002,04 manat məbləğində əsas, 362,32 manat məbləğində faiz, 100 manat məbləğində cərimə, cəmi 2.464,36 manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun 44,65 manat hissəsinin əvəzi İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2.002,04 (iki min iki manat, dörd qəpik) manat məbləğində əsas, 362,32 (üç yüz altmış iki manat, otuz iki qəpik) manat məbləğində faiz, 100 (bir yüz) manat məbləğində cərimə, cəmi 2.464,36 (iki min dörd yüz altmış dörd manat, otuz altı qəpik) manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun 44,65 (qırx dörd manat, altmış beş qəpik) manat hissəsinin əvəzi İddiaçı BOKT MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-5610/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5610/2022
01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver