Məhkəmə qərarları › İş №2(001)-5611/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5611/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5611/2021 14.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının etibarnamə əsasında nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 sentyabr 2021-ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 16,855.52 (on altı min səkkiz yüz əlli beş manat, 52 qəpik) manat məbləğində kredit borcunun - bundan 9,226.44 (doqquz min iki yüz iyirmi altı manat, 44 qəpik) manat əsas, 4,018.14 (dörd min on səkkiz manat, 14 qəpik) manat faiz, 2,255.42 (iki min iki yüz əlli beş manat, 42 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1,355.52 (bir min üç yüz əlli beş manat, 52 qəpik) manat faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti “Toyota Corolla” markalı, Tip:sedan, BAN nömrəsi NMTBB4JE80R079899, Tünd boz rəngli, buraxılış ili 2014-cü il olan, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh Birbəşir oğlunun borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh Birbəşir oğlundan tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli 2021/15 nömrəli kredit müqaviləsinə əsasən “Toyota Corolla” minik markalı (Tip:sedan, Mühərrik- U898163, Buraxılış ili-2014, Ban-NMTBB4JE80R079899, Rəngi-Tünd boz) avtomobilinin alınması məqsədi ilə cavabdehə 30 (otuz) ay müddətinə illik 18 (on səkkiz) faiz dərəcəsi ilə 13560 (on üç min beş yüz altmış) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Toyota Corolla” markalı (Tip:sedan, Buraxılış ili-2014, Ban- NMTBB4JE80R079899), **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 05.01.2015-ci il tarixli, 2021/15 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “Toyota Corolla” markalı (Tip:sedan, Buraxılış ili- 2014, Ban- NMTBB4JE80R079899) **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********917 saylı 26.05.2021-ci il tarixli bildiriş və **********878 saylı 19.05.2021-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh 09 iyun 2021-ci il tarixə kredit üzrə borcu cəmi 16,855.52 (on altı min səkkiz yüz əlli beş manat, 52 qəpik) manat təşkil edir. Bundan 9,226.44 (doqquz min iki yüz iyirmi altı manat, 44 qəpik) manat əsas borc, 4,018.14 (dörd min on səkkiz manat, 14 qəpik) manat faiz, 2,255.42 (iki min iki yüz əlli beş manat, 42 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1,355.52 (bir min üç yüz əlli beş manat, 52 qəpik) manat faiz borcu təşkil edir. Hazırki kredit “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanın təsir dairəsinə aid edilməmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası"nın 6.16 bəndinə əsasən “Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu il dekabrın 31-də başa çatır”. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini Ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə götürə bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə əsasında nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, 2014-cü ildə Bankla aralarında bağlanmış ipoteka müqaviləsi üzrə öhdəlik yerinə yetirildiyindən avtomobil ipotekadan azad edilmişdir. Bundan sonra bankın razılıq məktubu əsasında avtomobil özgəninkiləşdirilmişdir. 2016-cı ildə isə onlar arasında ipoteka müqavilə imzalansa da, həmin müqavilə üzrə ipoteka predmeti qeydiyyata alınmamışdır. Ona görə də, sübutlar olmadığından iddianın rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli, 2021/15 nömrəli Təminatlı kredit müqaviləsindən və kredit müqaviləsinə əlavədən görünür ki, Bank Cavabdeh illik 18% hesablanmaqla 30 ay müddətinə 13.560 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, Kreditin müddətin 30 iyun 2018-ci il tarixdə bitir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən, kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə Borcalan borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə hər gecikdirilən gün üçün ödəniş cədvəlinə (Əlavə №1) əsasən gecikdirilmiş əsas borc məbləğinin 1% miqdarında (gündəlik minimum 1 ABŞ dolları məbləğində) hesablanan cəriməni ödəməlidir. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 30 dekabr 2015-ci il tarixli, 2021/15 nömrəli kredit müqaviləsi üzrə cavabdehin 09 iyun 2021-ci il tarixə 9.226,44 manat əsas, 4.018,14 manat faiz, 2.255,42 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 1.355,52 manat olmaqla, ümumilikdə 16.855,52 manat borcu vardır. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borclu Cavabdeh ünvanladığı 19 may 2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh 30 dekabr 2015-ci il tarixli, 2021/15 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı, 13 aprel 2016-cı il tarixli qərardadının surətindən müəyyən olnunur ki, İddiaçı ASC ləğvedici qismində təyin olunmuş "xxxx" MMC, Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; -739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üsün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Həmçinin, qanunun mənasına görə kreditor icranın gecikdirilməsinə görə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqaviləyə uyğun hesablanmış faizləri və dəbbə pulunu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə gecikdirilmiş vaxta görə illik beş faiz, yaxud ona əlavə zərərin vurulduğunu sübut edə bilərsə daha artıq məbləğ tələb edə bilər. Bu mənada məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün illik 5% ödənilməsi ilə bağlı hissədə də iddia tələbi əsaslıdır. Belə ki, tərəflər arasında kredit müqaviləsinin bitdiyi 30.06.2018-ci il tarixdən sonrakı dövr nəzər alınmaqla 16.06.2021-ci il tarixədək ödənilməmiş 9.226,44 manat əsas borc məbləğinə illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün 1.355,52 manat ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; -465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 30 dekabr 2015-ci il tarixli 2021/15 saylı kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsinin 9.2-ci bəndində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 2.255,42 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, 9.226,44 manat əsas borc üzrə 2.255,42 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, hesablanmış cərimə məbləğinin 100 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Bununla belə məhkəmə, “...tutmanın ipoteka predmeti “Toyota Corolla” markalı, Tip:sedan, BAN nömrəsi NMTBB4JE80R079899, Tünd boz rəngli, buraxılış ili 2014-cü il olan, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh Birbəşir oğlunun borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh Birbəşir oğlundan tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi” hissəsində iddia tələbini əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 05 yanvar 2016-cı il tarixli, 2021/15 saylı ipoteka müqaviləsindən görünür ki, Bank ilə cavabdeh arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tərəflər arasında qeyd edilən ipoteka müqaviləsi bağlanılmış, ipotekanın predmetini- “Toyota Corolla” markalı, 2014-cü il buraxılışlı, NMTBB4JE80R079899 ban nömrəli, tünd boz rəngli avtomobil təşkil edir. İş materiallarında olan 02.09.2014-cü il tarixdə verilmiş AC № 283181 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Corolla” markalı, 2014-cü il buraxılışlı, NMTBB4JE80R079899 ban nömrəli, tünd boz rəngli **-TE-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Cavabdehdur və şəhadətnamədə xüsusi qeyd kimi “ipoteka müqaviləsinə əsasən özgələşməsin "xxxx" ASC” göstərilmişdir. Göründüyü kimi, AC № 283181 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi 2014-cü il tarixdə verilmiş, sözügedən hissədə bankın iddiasının əsaslandığı ipoteka müqaviləsi isə 05 yanvar 2016-cı il bağlanmışdır. Bu o deməkdir ki, Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki müvafiq qeyd 05 yanvar 2016-cı il tarixli ipoteka müqaviləsi ilə bağlı deyildir. Məhkəmə baxışı zamanı 05 yanvar 2016-cı il tarixli, 2021/15 saylı ipoteka müqaviləsinin qeydə alınmasına dair sübutların məhkəməyə təqdim edilməsi iddiaçının nümayəndəsinə təklif edilsə də, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 309.2-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. “İpoteka haqqında “ Azərbaycan Respublikası Qanunun 10.4 -cü maddəsinə əsasən, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 30 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq bağlanmış 05.01.2016-cı il tarixli ipoteka müqaviləsinin qeydə alınmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi borcun ipotekaya yönəldilməsi hissəsində təmin edilməməlidir. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmənin sorğusu ilə əldə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 25 avqust 2021-ci il tarixli 016-98339- 1221 saylı məktubu ilə “Toyota-Corolla” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı-ın 05.02.2016-cı il tarixli 2-09/2-16 nömrəli məktubuna əsasən girovdan çıxarıldığı və 26.01.2017-ci il tarixdə özgəninkiləşdirildiyi müəyyən edilmişdir. Mülki Prosessual Məcəlləsinin119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 04 manatı iddiaçıya aid edilməli, 26 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 30 dekabr 2015-ci il tarixli, 2021/15 nömrəli Təminatlı kredit müqaviləsi üzrə cavabdeh X1 9.226,44 manat məbləğində əsas borc, 4.018,14 manat faiz borcu, 100 manat məbləğində cərimə, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 1.355,52 manat olmaqla, cəmi 14.700,1 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 26 manatı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. 30 dekabr 2015-ci il tarixli, 2021/15 nömrəli kredit müqaviləsi üzrə cavabdeh X1 9.226,44 manat məbləğində əsas borc, 4.018,14 manat faiz borcu, 100 manat məbləğində cərimə və müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 1.355,52 manat olmaqla, cəmi 14.700,1 (on dörd min yeddi yüz bir manat, 10 qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 26 (iyirmi altı) manatı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar