Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5628/2020 22.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(001)-4844/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, xx xxxxxx 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 500 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx xxxx 2001-ci il tarixində nikaha daxil olmuşdur. Rəsmi nikahları Bakı şəhəri Səadət Sarayında nikahın bağlanması haqqında akt qeydləri kitabında 357 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından xx xxxx 2020-ci il təvəllüdlü X10 və xx xxxxxx 2006-cı il təvəllüdlü X7 doğulmuşdur. Cavabdehlə nikah münasibətləri pisləşdiyindən o, Cavabdeh qarşı “nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki işin gedişatı zamanı onlara barışıq üçün 3 ay vaxt verilmişdir. Lakin sonradan o ailənin dağılmaması üçün məhkəməyə ərizə ünvanlayaraq iddianın yalnız alimentin təyin edilməsi hissəsinə baxılmasını xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-4844/2019 saylı qətnaməsinə əsasən xx xxxx 2002-ci il təvəllüdlü X10 və xx xxxxxx 2006-cı il təvəllüdlü X5 18 yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. xx xxxx 2020-ci il tarixində X9 18 yaşı tamam olduqdan sonra onun üçün müəyyən olunan alimentin hesablanması dayanmışdır. Daha sonra oğlu Rusiya Federasiyasında yerləşən üniversitetə qəbul olmuşdur. Oğlu 18 yaşına çatmasına baxmayaraq, o hazırda onun himayəsindədir. Hər hansı işlə məşğul olmur və gəliri yoxdur. Bu səbəbdən oğlunun ali təhsil alması üçün tələb olunan illik 7000 manat təhsil haqqını ödəmək məcburiyyətində qalmışdır. Təhsil haqqının ilkin hissəsi olaraq 1000 manat məbləğində ödənişi birdəfəlik etmişdir. Yerdə qalan məbləği isə tədris ili ərzində hissəhissə ödəyəcək. Bunun nəticəsində hazırda onun maddi vəziyyətində dəyişiklik yaranmış, himayəsində olan uşaqların saxlanması üçün zəruri olan maddi imkanı pisləşmişdir və maddi cəhətdən sıxıntılar çəkir. Əvvəllər uşaqların saxlanması üçün cavabdehdən hər ay 320 manat məbləğində aliment tutulduğundan, bu məbləği müəyən gecikmələrlə də olsa (gecimələrin səbəbi ondan ibarətdir ki, cavabdeh Rusiya Federasiyasında biznes fəaliyyəti ilə məşğuldur, bu səbəbdən ilin çox hissəsini Azərbaycanda olmamışdır. İcra məmuru da cavabdehi tapmaqda çətinlik çəkmişdir.) rahatlıqla ödədiyini nəzərə alaraq hesab edir ki, xx xxxxxx 2006-cı il təvəllüdlü X1 üçün Cavabdeh tutulan aliment məbləği artırılmalıdır. Belə ki, oğlu X10 universitetə qəbul olunduğundan tutulan alimentin məbləği artırılmalıdır. Belə ki, oğlu X10 universitetə qəbul olunduğu üçün onu Rusiyada yerləşdirmək üçün o da, bir ana kimi müvəqqəti olaraq Rusiya Federasiyasına getməlidir. Bu zaman isə yetkinlik yaşına çatmamış qızını Azərbaycanda tək qoyub Rusiya Federasiyasına gedə bilmir. Daimi əsaslar olmadan ölkə ərazisini qızı ilə birlikdə tərk etməli olduğundan onun üçün əlavə maddi təlabatlar, məsrəflər yaranmışdır. (Əlavə məsrəflərə misal olaraq Rusiyada ərzaqların, ümumilikdə minimum yaşayış üçün lazım olan şeylərin buradakından qat-qat baha olması, aviabiletlərin alınması, koronavirus pandemiyası ilə əlaqədar qızının hər dəfə tibbi müayinədən keçməsi zərurəti və s.) Bu hallar bir daha təsdiq edir ki, uşağın saxlanması şəraitində dəyişikliklər olmuşdur. Cavabdehlə 19 il birgə təsərrüfat aparan həyat yoldaşı kimi bildirir ki, cavabdehin aylıq gəliri çox yaxşı səviyyədədir. Belə ki, cavabdehin Rusiya Federasiyasında gül-çiçək, un məmulatları və meyvə tərəvəz dükanları vardır və bu dükanlardan yaxşı gəlirlər əldə edir. Bu səbəbdən hesab edir ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş 320 manat sabit pul məbləğində alimenti rahatlıqla ödəyən bir ata kimi cavabdeh yetkinlik yaşına çatmayan qızları X1 üçün hər ay 500 manat məbləğində alimenti də heç bir çətinlik çəkmədən ödəmək qabiliyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh ilə birgə nikahından olan uşaqlarının biri artıq universitet tələbəsi, digəri isə orta məktəb şagirdidir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Öz adına iki evi vardır. Moskvadakı evin yarısı onun adınadır. Azərbaycan Respublikasındakı evi isə Biləcəri qəsəbəsində yerləşir. 19 il ərzində həmin ailədə yaşamış və maddi vəziyyətlərinin yaxşı olduğunu görmüşdür.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehlə boşanmaq üçün məhkəməyə müraciət etsə də, sonradan bu hissədə tələbini geri çəkmiş və yalnız aliment tələb etmişdir. xx xxx 2019-cu il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh aliment ödəməyə razı olduğunu bildirmişdir. Cavabdeh özü neçə ildir ki, Rusiyada yaşayır və orada biznes qurmuşdur. Onun işləməsi ilə bağlı hal-hazırda rəsmi sənədi məhkəməyə təqdim edə bilmir. Qeydiyyatda olduğu ünvanda ona yaşaması üçün icazə verilmir. Ev birgə nikah dövründə qaynatası tərəfindən alınmış daha sonra oğlunun adına rəsmiləşdirilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tver vilayəti qeydiyyat şöbəsi tərəfindən verilən V-MЮ № seriyalı, 773700 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2006-cı il tarixdə Moskva şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 2006-cı il tarixdə 533 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixində verilən AZ-İ seriyalı, 363887 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş,bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2020-ci il tarixdə 347 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Dadaşova” soyadı verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4844/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, xx xxxx 2002-ci il təvəllüdlü X10 və xx xxxxxx 2006-cı il təvəllüdlü X5 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay, hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin xx xxx 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(072)-253\2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan doğulmuş xx xxxxxx 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birlikdə sərbəst şəkildə ölkədən getməsinə və ölkəyə gəlməsinə icazə verilməsi qət edilmişdir. Moskva Dövlət X3 tərəfindən verilən xx xxxxxxxx 2020-ci il tarixli, 1867/29 saylı arayışdan görünür ki, X10 həqiqətən həmin universitetinin idarəetmə və sahibkarlıq ixtisaı üzrə İ kurs tələbəsidir və tədris 2020-2024-cü illəri əhatə edir. xx xxxx 2020-ci il tarixli, ĞLL seriyalı, 323765 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən Rusiya dövlət universitetlərinə qəbulun 1000 manat dəyərində xidmət haqqını ödəmişdir. İcraçı SET.AZ ilə sifarişçi İddiaçı arasında bağlanan xx xxxx 2020-ci il tarixli AZE******** saylı müqavilədən görünür ki, icraçı bu müqavilə üzrə Moskva Dövlət X2 idarəetmə və sahibkarlıq ixtisası üzrə təhsil almaqla bağlı məsləhətçilik xidmətinin göstərilməsini, qəbulun alınması xidmətini, sifarişçi isə bu xidmətə görə müqavilənin 2.1-ci maddəsində göstərilən 7000 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X12 xx.xx.2020-ci il tarixli, 53376-/220 saylı məktubundan görünür ki, Cavabdeh adında xx.xx.2019-cu il tarixdən “Mercedes Benz S350” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx xxxx 2002-ci il təvəllüdlü X10 və xx xxxxxx 2006-cı il təvəllüdlü X7 doğulmuşdur. Binqədi Rayon Məhkəməsinin 2(001)-4844/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçının xeyrinə uşaqların saxlanılması üçün hər ay, hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutulmuşdur. Uşaqlardan xx xxxx 2002-ci il təvəllüdlü Cavabdeh İsa oğlu yetkinlik yaşına çatdığından onun üçün təyin olunan alimentin tutulması dayandırılmışdır. İddiaçı xx xxxxxx 2006-cı il təvəllüdlü X7 üçün təyin olunan 160 manat alimenti alır. Hazırda iddiaçı uşağın saxlanması üçün maddi vəziyyətində dəyişikliklər olduğundan xx xxxxxx 2006-cı il təvəllüdlü X7 üçün təyin olunan aliment məbləğinin artırılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. X4 X6 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa həmin Plenum qərarında qeyd edilmişdir ki, Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2020-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay üçün 200 manat məbləğində müəyyən edilməlidir. Məhkəmənin bu mövqeyi həmçinin cavabdehin əvvəllər 2 uşaq üçün 320 manat aliment ödəmiş olması, o cümlədən onun adına olan daşınmaz və daşınar əşyaların olması səbəbi ilə müəyyən edilmiş alimenti ödəmək iqtidarında olması qənaətindən gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4844/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx xxxxxx 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay üçün 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 500 manatdan az olduğundan (200 - 160=40 x 12=480) ödənilməli olan dövlət rüsumu 20 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan, lakin iddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənildiyindən və cavabdehdən tələb edilmədiyindən ödənilmiş məbləğ iddiaçıya aid edilməli, dövlət rüsumunun çatışmayan 10 manat məbləğində hissəsi isə Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4844/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx xxxxxx 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-5628/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5628/2020
22.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver