Məhkəmə qərarları › İş №2(001)-5661/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5661/2021

29.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5661/2021 29.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması və əlavə xərclərə cəlb olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması və əlavə xərclərə cəlb olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 09 mart 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq hər ay 175 manat olmaqla sabit pul məbləğində alimentin və uşağın müalicəsi üçün əlavə xərclərə görə 100 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X6 ilə 23 may 2017-ci ildə faktiki nikaha daxil olsa da, nikahları 04 iyul 2017-ci il tarixdə 4 saylı Asan Xidmət mərkəzində 1526 sayla qeydə alınmışdır. Nikaha daxil olarkən cavabdeh bildirdi ki, o, bundan əvvəl evli olmuş və ayrılmışdır. Əvvəlki həyat yoldaşından olan iki uşaq onun himayəsində yaşayır və uşaqlara da onun normal münasibətdə olmağını xahiş etdi. Yuxarıda qeyd etdiyi kimi o, onunla rəsmi nikaha daxil olub Binəqədi rayonunda yerləşən evinə gəlin köçdükdən sonra həm ona həmdə onun uşaqlarına baxmışdır. Uşaqlarına irad tutan zaman heç bir səbəb olmadan ona zor tətbiq edərək, söyüb təhqir edirdi. Bu hərəkətlər mütəmadi xarakter aldığı üçün o, məcbur olaraq dayısının yaşadığı Binə qəsəbəsinə gəlmiş və hal-hazırda da dayısının evində yaşayır. Yaşayış yeri yoxdur. Bu azmış kimi onun hamilə olmağı onun üçün daha çox problemlər yaratmağa başlamışdır. Bu səbəbdən də, heç yerdə işləyə bilməmişdir. Dayısının evində olarkən 09 mart 2018-ci il tarixdə oğlu X4 anadan olmuşdur. Oğlu hal-hazırda salamatdır və onun himayəsində yaşayır. Keçmiş həyat yoldaşı Sumqayıt şəhərində yerləşən Asfint şirkətində işləməklə ayda 1.000 manata qədər əmək haqqı alır. Lakin buna baxmayaraq uşağına heç bir maddi yardım göstərmədiyi üçün o, aliment tələbi ilə əlaqədar Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmənin 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə uşağının saxlanılması üçün 07 may 2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilmişdir. O, 28 iyun 2019-cu il tarixdə yenidən alimentin artırılması ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. 06 avqust 2019-cu il tarixdə məhkəmə iddiasını qismən təmin edərək 160 manat aliment tutmuşdur. Hal-hazırda qanunvericiliyin tələblərinə əsasən uşaqlar üçün 175 manat nəzərdə tutulmuşdur. Onu da qeyd edir ki, azyaşlı oğlu 2 ildir ki, astma xəstəliyindən əziyyət çəkir. Mütəmadi olaraq müalicə olunur. 2019-cu ilin fevral ayında Bakı şəhəri 6 saylı Uşaq klinik xəstəxanasında stasionor müalicə olunmuşdur. Həkim bildirmişdir ki, mütəmadi olaraq müalicə olunmalıdır. Onun bu günkü günü uşağını müalicə etməyinə pulu yoxdur. Yaxın qohumlarından hər ay 80-100 manat alaraq uşağını müalicə edir. Odur ki, uşağının müalicəsi üçün hər ay cavdehdən 100 manat verilməsini tələb edir. Həmçnin bildirir ki, o, hal-hazırda kirayədə yaşayır. Heç bir yerdə işləmir. Verilən aliment uşağının təlabatını ödəmir. Uşaq mütəmadi olaraq xəstələndiyi üçün verilən aliment onun müalicəsinə çatmır. Odur ki, alimentin artırılması və əlavə xərclərə cəlb olunması tələbi ilə yenidən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, o, kirayə evdə yaşayır və kirayə haqqını ödəməyə maddi imkanı yoxdur. Cavabdeh uşağını evlə təmin etməlidir, lakin bunu etmir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri 6 nömrəli X5 tərəfindən verilmiş “Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış”ın surətindən görünür ki, 03 mart 2018-ci il təvəllüdlü X1 bronxit diaqnozu ilə 31 yanvar 2019-cu il tarixdə xəstəxanaya qəbul edilərək müayinə və müalicə edildikdən sonra yaxşılaşma halı ilə əlaqədar 07 fevral 2019-cu il tarixdə evə göndərilmişdir. Həmçinin qeyd edilmişdir ki, xəstə sahə pediatrına yönləndirilməklə, ona antibakterial terapiya, probiotik, hipoallergen pəhriz məsləhət görülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(001)- 5872/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(001)- 5197/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, Cavabdeh 09 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə hazırkı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(001)-5872/2019 saylı qətnaməsi ilə məhkəmənin 20 iyun 2018-ci il tarixli, 2(001)-5197/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmış, Cavabdeh 09 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. Hazırda isə iddiaçı məhkəməyə müraciət etdiyi tarixdən yuxarıda qeyd olunan qətnamə ilə tutulan alimentin miqdarının artırılmasını və həmin alimentin miqdarının 175 manat məbləğində müəyyən edilməsini, habelə uşağın xəstəliyi ilə əlaqədar müalicə xərclərinə görə 100 manat əlavə xərcin tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbinin “məhkəməyə müraciət edildiyi tarixdən alimentin miqdarının artırılması və həmin alimentin miqdarının 175 manat məbləğində müəyyən edilməsi” hissəsi ilə əlaqədar işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 09 mart 2018-ci il təvəllüdlü X4 üçün 160 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, 09 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(001)-5872/2019 qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi digər hissədə təmin edilməməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddia tələbininin “100 manat məbləğində əlavə xərcin tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. İş materialları ilə müəyyən olunur ki, 03 mart 2018-ci il təvəllüdlü X1 bronxit diaqnozu ilə 31 yanvar 2019-cu il tarixdə Bakı şəhəri 6 nömrəli X3 qəbul edilərək müayinə və müalicə edildikdən sonra yaxşılaşma halı ilə əlaqədar 07 fevral 2019-cu il tarixdə evə göndərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, uşaq sahə pediatrına yönləndirilməklə, ona antibakterial terapiya, probiotik, hipoallergen pəhriz məsləhət görülmüşdür. Hazırda isə iddiaçı uşağın daimi müayinə və müalicəyə ehtiyacı olduğunu əsas gətirərək, cavabdehdən əlavə xərcə görə 100 manat məbləğində vəsaitin tutulmasını xahiş etsə də, lakin iddiaçı tərəfindən iddia ərizəsinə yalnız 2019-cu ilin əvvəlinə aid olan müayinə sənədi əlavə edilmiş, həmin tarixdən sonrakı tarixlərə aid olan hər hansı müayinə və müalicəyə çəkilən və ya çəkilməli olan xərclər ilə əlaqədar sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə iddia tələbinin bu hissəsini də əsassız hesab edir və iddianın bu hissədə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 09 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(001)-5872/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar