Məhkəmə qərarları › İş №2(001)-567/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-567/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-567/2022 07.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Expressbank ASC-nin Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Expressbank ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Expressbank ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Expressbank ASC ilə Cavabdeh2 arasında 12.04.2019-cu il tarixli 102840-583933\3 saylı kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən Cavabdeh2 illik 20% dərəcəsi ilə 36 ay müddətinə 50000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında olan 0,025 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 251,9 m2 olan fərdi yaşayış evi 12.04.2019-cu il tarixli 102840-583933/3 saylı sonrakı ipoteka müqaviləsinə əsasən banka ipotekaya qoyulmuşdur. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. Bununla bağlı dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bank tərəfindən 12.04.2019-cu il tarixli 102840- 583933/3 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə ipoteka qoyana 04.08.2021-ci il tarixli bildirş göndərilmişdir. Həmin bildiriş 11.08.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Borcalanın 14.10.2021-ci il tarixinə əsas borca görə 37738,65 manat, faiz borcuna görə 11553,87 manat olmaqla cəmi 49292,52 manat borcu yaranmışdır. Ona görə də Cavabdeh2 12.04.2019-cu il tarixli 102840-583933\3 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 37738,65 manat, faiz borcuna görə 11553,87 manat olmaqla cəmi 49292,52 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla cəmi 40 manatın və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 238,28 manat dövlət rüsumunun tutularaq Expressbank ASC-yə ödənilməsinə, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında olan 0,025 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 251,9 m2 olan fərdi yaşayış evinə yönəldilməsinə, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilərək açıq hərracda satılmasına, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsinə, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında olan 0,025 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 251,9 m2 olan fərdi yaşayış evindən çıxarılmasına və həmin evin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, Cavabdeh2 iddianı qismən etiraf edərək bildirir ki, ilkin olaraq o, bankdan 30000 manat məbləğində ilkin kredit götürmüş, vaxtından əvvəl borcunu bağlamışdır. Sonra Cavabdeh2 Binə Ticarət Mərkəzində ticarətlə məşğul ola bilmək üçün bankdan 50000 manat kredit götürmüşdür. 2019-cu ildə məlum Covid 19 pandemiyasına görə onun da işləri dayanmış, alver edə bilməmiş, sonra isə səhhətində iki tərəfli plevmaniya xəstəliyi yaranmış, o, X5 klinikasında müalicə olunmuşdur. Bundan sonra Cavabdeh2 baş nahiyyəsində 2020-ci il tarixdə şiş əmələ gələrək beyin kötüyündə yerləşdiyi üçün müalicə ilə sağalmamışdır. 21.04.2021-ci il tarixdən 27.05.2021-ci il tarixədək X3 cərrahiyyə əməliyyatı olunmuşdur. Xəstəxanadan çıxandan sonra 4 ay müddətində baş-beyin cərrahiyyə əməliyyatından sonra səhhətində yaranan şiddətli baş ağrıları üzündən nevroz və əsəbilik yarandığına görə Babayev X2 adına xəstəxanın nevroloji şöbəsində müalicə olunmuşdur. Ona görə də cavabdeh kredit borcunu ödəyə bilməmişdir. Cavabdeh2 ona hesablanmış 11553,87 manat faiz borcu ilə razılaşmır və bildirir ki, o, 2019-cu ilin mayından 2020-ci ilin mart ayı da daxil olmaqla 11 ay hər ay 1858 manat olaraq banka cəmi 20438 manat ödəmişdir. Lakin bank həmin vəsaiti əsas borcdan yox hesablanmış faiz borcundan silmiş, bu səbəbdən cavabdehin əsas borcu çox qalmışdır. Cavabdeh2 iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsini ona hesablanmış faiz borcunun yenidən hesablanaraq azaldılmasını istəyir. Çünki cavabdeh hesab edir ki, onun əsas borcu 37000 manatdan az olmalıdır. Ona görə də Expressbank ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 12.04.2019 il tarixli 102840-583933/3 nömrəli kredit müqaviləsi üzrə 37738,65 manat əsas borc və 11553,87 manat faiz borcu olmaqla, cəmi 49292,52 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 238,28 manat dövlət rüsumunun tutularaq Expressbank ASC-yə ödənilməsi barədə iddia tələbi qismən təmin edilərək iddia tələbinin ipoteka predmetinə yönəltmə və faiz borcuna dair hissədə rədd edilməsi, iddianın 37729,51 manat hissədə təmin edilərək hissə-hissə ödənilməsinə dair qətnamə qəbul qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Expressbank ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 12.04.2019-cu il tarixli № 102840-583933\3 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank illik 20 % ödəmək, 36 ay müddətinə qaytarmaq şərti ilə borcalana şəxsi istehlak məqsədləri üçün 50000 manat məbləğində kredit veməyi öhdəsinə götürmüşdür. Kredit xətti müqaviləsinin 5.1.6-cı bəndinə əsasən bank borcalan bu müqavilə ilə müəyyənləşdirilən öhdəliklərindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə bu müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Expressbank ASC-nin 12.04.2019-cu il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, 12.04.2019-cu il tarixli № 102840-583933\3 saylı müqaviləyə əsasən Cavabdeh2 50000 manat verilmişdir. Expressbank ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 12.04.2019-cu il tarixli №102840-583933\3 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh2 götürdüyü 50000 manat kreditə görə 12.04.2019-cu il tarixdən 12.04.2021ci il tarixədək olan dövr ərzində əsas borca görə 50000 manat faiz borcuna görə 16894,4 manat ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02.08.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında olan 0,025 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 251,9 m2 olan fərdi yaşayış evi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 438 saylı reyestr kitabının 41097 saylı vərəqində qeydiyyata alınmışdır. İpoteka saxlayan Expressbank ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 12.04.2019-cu il tarixli № 102840-583933\3 saylı sonrakı ipoteka müqaviləsindən müəyyən olunur ki, tərəflər bankla borcalan arasında bağlanmış 12.04.2019-cu il tarixli № 102840-583933\3 saylı kredit müqaviləsində göstərilən öhdəliyin, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin, habelə icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin, kredit və ipoteka müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinin icrasını təmin etmək üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınan xüsusi mülkiyyət hüququ ilə ipoteka qoyana məxsus olan ünvan 1 ünvanında olan 0,025 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 251,9 m2 olan fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka predmetinin müəyyən edilmiş likvid dəyəri 190000 manat təşkil edir. İpoteka müqaviləsinin 6.1.1-ci bəndinə əsasən borcalan və ya ipoteka qoyan ipoteka ilə təmin edilmiş əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasını 90 təqvim günü müddətinə gecikdirdikdə bankın ipoteka predmetinə tələb yönəltmək hüququ vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15.04.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında olan 0,025 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 251,9 m2 olan fərdi yaşayış evinin 12.04.2019-cu il tarixli № 102840-583933\3 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 36 ay müddətinə Expressbank ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Leyla nikah evi tərəfindən verilmiş 10.10.1998-ci il tarixli Vİ-JQ № 489190 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 ilə X1 10.10.1998-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 553 nömrəsi ilə akt qeydi tərtib edilmiş, nikaha daxil olduqdan sonra arvada Babayeva soyadı verilmişdir. Cavabdeh1 12.04.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, Cavabdeh2 məxsus ünvan 1 ünvanında olan 0,025 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 251,9 m2 olan fərdi yaşayış evinin Expressbank ASC qarşısında ipotekaya qoyulmasına etiraz etməmiş, ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. Expressbank ASC-nin Cavabdeh2 ünvanladığı 04.08.2021-ci il tarixli 001/007/3851/2021 saylı bildirişdən müəyyən olunur ki, bank borc alan\ipoteka qoyana 12.04.2019-cu il tarixli № 102840-583933\3 saylı kredit müqaviləsi üzrə borcun 21 gün ərzində ödənilmədiyi təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Expressbank ASC-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanladığı 11.08.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 12.04.2019-cu il tarixli № 102840-583933\3 saylı sonrakı ipoteka müqaviləsi üzrə bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında olan 0,025 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 251,9 m2 olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə ipoteka qoyan Cavabdeh2 göndərilmiş bildirişin qeydə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmətlər portalından 11.08.2021-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Expressbank ASC-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanladığı ərizəsi ********** nömrəsi ilə qeydiyyata alınmış, təsdiqetmə bildirişi verilmiş və bu barədə 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmətlər portalından 11.08.2021-ci il tarixli çıxarışdan müəyyən olunur ki, bildirişin qeydə alınması ilə bağlı 30 manat dövlət rüsumu ödənilmişdir. Expressbank ASC-nin 14.10.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh2 12.04.2019-cu il tarixli №102840-583933\3 saylı kredit müqaviləsinə əsasən 14.10.2021-ci il tarixinə əsas borca görə 37738,65 manat, faiz borcuna görə 11553,87 manat olmaqla cəmi 49292,52 manat borcu vardır. Kredit müqaviləsi üzrə gecikmə 520 gün təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 01.02.2022-ci il tarixli 14 saylı hesabatından müəyyən olunur ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında olan 0,025 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 251,9 m2 olan fərdi yaşayış evinin bazar dəyəri 270000 manat, likvid dəyəri 250000 manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 01.02.2022-ci il tarixli 13 saylı hesab-fakturasından müəyyən olunur ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında olan 0,025 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 251,9 m2 olan fərdi yaşayış evinin qiymətləndirilməsinin dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.01.2022-ci il tarixli 9/9157 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, borcalan Cavabdeh2 12.04.2019-cu il tarixli № 102840-583933\3 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 14.10.2021-ci il tarixinə əsas borca görə 37729,51 manat, faiz borcuna görə 11989,60 manat olmaqla cəmi 49719,11 manat borcu vardır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1.-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 319.4.-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti İpoteka haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 319.5.-ci maddəsinə əsasən hərrac İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6.-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 59.1.-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.2.-ci maddəsinə əsasən yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3.-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Məcəllənin 59.4.-ci maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, borcalan Cavabdeh2 Expressbank ASC ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində 12.04.2019-cu il tarixli №102840-583933\3 saylı kredit müqaviləsinə əsasən 14.10.2021-ci il tarixinə əsas borca görə 37729,51 manat, faiz borcuna görə 11553,87 manat olmaqla cəmi 49283,38 manat borcu yaranmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı borc alanın 12.04.2019-cu il tarixli №102840-583933\3 saylı kredit müqaviləsinə əsasən 14.10.2021-ci il tarixinə əsas borca görə 37729,51 manat, faiz borcuna görə 11553,87 manat olmaqla cəmi 49283,38 manat borcunun yaranması öz təsdiqini tapdığından iddia ərizəsi bu məbləğdə borcun tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilməklə ipoteka predmetinin açıq hərracdan satılmasına, satışdan əldə olunacaq vəsait hesabına borcun və xərclərin ödənilməsinə, ipoteka predmeti hərracda satıldıqdan sonra ən geci bir ay ərzində ipoteka qoyan ipoteka predmetini tərk etmədikdə cavabdehlərin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaqla evin boşaldılmasına dair iddia tələbləri əsaslıdır və ona görə də təmin edilir. Məhkəmə eyni zamanda hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən müəyyən olunan ipoteka predmetinin likvid dəyəri olan 250000 manat əsas götürlməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı 20.07.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə Cavabdeh2 etirazında istinad etdiyi hallara münasibət bildirib qeyd edir ki, etirazda istinad olunan hallar Cavabdeh2 bağladığı müqavilələrdən irəli gələn öhdəliklərinin icrasından azad edən hal olmadığından, bank tərəfindən tələb olunan borc məbləği borcalanın vəsatəti əsasında məhkəmə tərəfindən yoxlanıldığından etirazda istinad olunanlar əsassızdır, ona görə də məhkəmə tərəfindən qəbul edilmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri Cavabdeh2 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 12.04.2019-cu il tarixli №102840-583933\3 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 37729,51 manat, faiz borcuna görə 11553,87 manat, məhkəmə xərclərinə görə 278,28 manat olmaqla cəmi 49561,66 manat Expressbank ASC-nin xeyrinə tutulsun. Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Cavabdeh2 ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 200 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulsun. Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında olan 0,025 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 251,9 m2 olan fərdi yaşayış evi ilkin satış qiyməti 250000 manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilsin. ünvan 1 ünvanında olan 0,025 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 251,9 m2 olan fərdi yaşayış evi hərracda satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 torpaq sahəsindən və evdən çıxarılmaqla fərdi yaşayış evi boşaldılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar