Məhkəmə qərarları › İş №2(001)-5685/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5685/2022

20.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5685/2022 20.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən olunmuş miqdarının dəyişməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyul 2022-ci il tarixdən başlayaraq Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli İş№2 (001)-16214/2016 nömrəli qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatanadək ayda 150 sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq ayda 200 manat müəyyən edilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat məbləğində mediasiyaya dair xərcin keçmiş həyat yoldaşı Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1998-ci ildə Cavabdeh ilə faktiki nikaha daxil olub ailə həyatı qurmuşdur. Onunla nikahı 19 iyun 1999-cu il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahda olduğuqları dövrdə 16 sentyabr 1999-cu il tarixdə X5 və 05 mart 2005-ci il tarixdə X6 adlı iki uşaqları doğulmuşdur. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah münasibəti pozulmuş və həmin qətnamə ilə övladları 16 sentyabr 1999-cu il tarixdə anadan olmuş X5 və 05 mart 2005-ci il tarixdə anadan olmuş X6 onun himayəsinə verilmişdir. Hal-hazırda hər iki övladı onunla birlikdə yaşayırlar. X1 yetkinlik yaşına çatmışdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 15 dekabr 2016-cı il tarixli İş № 2(001)-16214/2016 nömrəli qətnaməsi ilə X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 150 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Övladı xx.xx.2005-ci il təvəllüdlü X6 ağır xəstəliklərdən əziyyət çəkir, onun müalicələri müsbət nəticə vermir və daimi həkim nəzarətindədir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 15 dekabr 2016-cı il tarixli İş №2 (001)-16214/2016 nömrəli qətnaməsi ilə cavabdehdən oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 150 manat sabit pul məbləğində alimentin təyin olunmasından uzun müddət keçmiş,bu dövr ərzində övladının zəruri xərcləri daim çoxalmış, həmin müddət ərzində bazar qiymətləri durmadan artmış və bunun nəticəsində uşağın saxlanması çətinləşmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, əvvəlki məhkəmə iclasında vermiş olduğu izahatını müdafiə edir. Əlavəsi yoxdur.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o, 2018-ci ildən işləmir. Maddi imkanı yoxdur, amma uşağı üçün aliment ödənişi etmək məcburiyyətindədir. Ata kimi uşağı ilə maraqlanır. Bundan başqa yenidən nikaha daxil olmuş və həmin nikahdan da, uşaqları vardır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2860/2009 sylı, xx.xx.2009-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 19 iyun 1999-cu il tarixdə Nərimanov rayon qeydiyyatı şöbəsində 226 № ilə qeydə alınmış nikahlarının pozulması, nikah pozularkən xx.xx.1999-cu ildə anadan olmuş X5 və 05 mart 2005-ci ildə anadan olmuş X2 anaları İddiaçı himayəsində saxlanılması qət edilmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-16214/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, xx.xx.1999-cu il tarixdə doğulmuş X3 və xx.xx.2005-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. MŞB/2-01266 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh isə ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə 14 gün öncədən poçt vasitəsilə məlumatlandırılmış, lakin sessiyada iştirak etməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

9. Cavabdeh ilə İddiaçı arasında 19 iyun 1999-cu il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahlarından xx.xx.1999-cu il tarixdə X5 və xx.xx.2005-ci il tarixdə X6 doğulmuşdur.

10. xx.xx.1999-cu il tarixdə X5 yetkinlik yaşına çatmışdır.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2860/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqların analarının yanında qalması müəyyən edilmişdir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-16214/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmış və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutulmuşdur.

13. Hazırda iddiaçı uşaq üçün tutulan aliment məbləğinin uşağın saxlanması üçün kifayət etmədiyini bildirməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 16214/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay üçün 200 manat məbləğində müəyyən edilməsini tələb edir.

14. İddia tələbini onunla əsaslandırır ki, əvvəlki məhkəmə qətnaməsindən sonra xeyli müddət keçmişdir. Həmçinin uşağın ağır xəstəliyi, müalicələrinin nəticə verməsi nəticəsində daim həkim nəzarətində olması, onun saxlanması üçün çəkillən xərci artırmışdır. Cavabdeh isə iddianı qismən qəbul edir və maddi vəziyyətinin yaxşı olmamasının və sonrakı nikahdan da himayəsində uşaqlarının olmasının nəzərə alınmasını xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

15. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

16. Birləşmiş Millətlər Təşkilatının X4 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun:

18. 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar;

19. 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;

20. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

23. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

24. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

25. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

26. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

27. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

28. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

29. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

30. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

31. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

32. İddiaçı alimentin artırılmasının zəruriliyini onunla əsaslandırmışdır ki, təyin edilmiş aliment məbləği uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan olduqca aşağıdır. Uşaq hazırda xəstədir və mütəmadi olaraq həkim nəzarətində olmaqla, müalicə alır. Təkbaşına uşağın saxlanmasında çətinlik çəkir. Cavabdeh isə iddianı qismən qəbul edir və maddi vəziyyətinin yaxşı olmamasının və sonrakı nikahdan da himayəsində uşaqlarının olmasının nəzərə alınmasını xahiş edir.

33. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə qismən razılaşır. Belə ki, tərəflərin birgə nikahlarından olan uşağın yaşına uyğun olaraq xərclərinin artması hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır. Hazırda alimentin müəyyən edildiyi tarixdən 6 il vaxt keçmişdir. Göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

34. Qanunda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu konkret olaraq alimentin minimum həddini müəyyən etməsə də, özlüyündə müəyyən mənada meyar kimi qəbul edilir. Təbii ki, yaşayış minimumu uşağın bütün tələbatlarının ödənilməsinin tam qarşılığı hesab edilə bilməz. Bu mənada uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi də nəzərə alınır.

35. Bununla yanaşı iddiaçı alimentin tutulmasını xahiş etdiyi miqdarını qeyrimüəyyən meyarla müəyyən etmişdirsə, bu halda o, cavabdehin gəlirləri haqqında və artırılması xahiş olunan miqdarda aliment ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə sübut təqdim etməli idi. Lakin bu barədə sübut təqdim edilməmiş və “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən də cavabdehin rəsmi əmək müqaviləsi ilə işlədiyi müəyyən edilməmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdeh uşağı saxlamalı olduğunun fərqində olduğunu, 2018-ci ildən işsiz olduğunu bildirmişdir.

36. Lakin hər bir halda nəzərə alınmalıdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə, onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir.

37. Odur ki, məhkəmə həm iddiaçının, həm aliment ödənilməli olan uşağın, həm cavabdehin maraqlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq yaşayış minimumu həddində, yəni 193 manat miqdarında müəyyən edilməlidir.

38. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

39. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

40. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

41. Odur ki, Cavabdeh 24 avqust 2022-ci il tarixində saat 14:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etmədiyindən 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

42. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

43. 8.1.2-ci maddəsinə əsasən 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsum ödənilməlidir.

44. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

46. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

47. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

48. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;

49. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

50. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

51. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-16214/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 05 mart 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

52. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddianın qiyməti 43 x 12=516) 1000 manatdan az olduğundan ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyindən, həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-16214/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 05 mart 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193(yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar