Məhkəmə qərarları › İş №2(001)-5690/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5690/2022

22.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5690/2022 22.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh4, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vurulmuş maddi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ona vurulmuş 10.806,97 manat məbləğində zərərin və ödənilmiş 153 manat məbləğində dövlət rüsumunun əvəzinin, ümumilikdə 10.959,97 manat məbləğində pulun müştərək qaydada tutularaq, ona ödənilməsini xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, bildirmişdir ki, iddiaçının tanışı olan cavabdehlər X7 və Cavabdeh3 2013-cü ildə ona müraciət edərək, avtomobil almaq istədiklərini və bunun üçün bankdan kredit götürmək lazım olduğunu, lakin rəsmi iş yerlərinin olmaması səbəbindən kredit ala bilmədiklərini bildirmişlər və ondan kredit müqaviləsi bağlayaraq, əldə edilmiş kredit hesabına öz adına 2013-cü il buraxılışlı, “VAZ 21214” nömrəli avtomobili alıb, onlara verilməsini xahiş etmişdilər. Eyni zamanda, həmin kredit məbləğinin tam ödənilməsini vəd etmişdilər. İddiaçı da bu müraciətə müsbət cavab verərək, xx.xx.2013-cü il tarixdə “Nikoyl” İKB ilə kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən iddiaçıya “VAZ 21214” nömrəli, **-GD- *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün 36 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə faiz ödəmək şərti ilə 8.600 manat məbləğində kredit verilmiş və müqavilənin 1 saylı əlavəsinə əsasən iddiaçı 36 ay müddətinə ümumilikdə 8.600 manat məbləğində əsas, 3.050 manat məbləğində faiz, ümumilikdə 11.650 manat məbləğində borc ödəməli idi. Bundan sonra iddiaçı avtomobili mülkiyyət hüququ ilə əldə etmiş və və kredit müqaviləsi üzrə müəyyən edilmiş tam məbləğin ödənilməsi şərti ilə xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmiş etibarnamə ilə avtomobili onların istifadə və sahibliyinə vermişdir. Sonradan mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan həmin avtomobil müxtəlif vaxtlarda bu şəxslərin, habelə Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 biribirinə verdikləri etibarnamə əsasında onların sahiblik və istifadəsində olmuş, lakin avtomobilin alınması üçün götürülən kredit məbləği onlar tərəfindən ödənilməmiş, həmçinin avtomobil itirilmişdir (yox edilmişdir). Hazırda avtomobilin mövcudluğu barədə hər hansı məlumat yoxdur. Kredit borcunun ödənilməməsi nəticəsində “Nikoyl” İKB iddiaçıya qarşı iddia qaldırmış və Qaradağ Rayon Məhkəməsinin 2(002)-7694/2016 saylı, 19 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçıdan “Nikoyl” İKB-nin xeyrinə 10.806,97 manat məbləğində pulun tutulması qət edilmişdir. Bununla belə, avtomobilin cavabdehlər tərəfindən itirilməsi, habelə kredit borcunun ödənilməməsi nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Belə ki, məhz cavabdehlərin qeyd edilən hərəkətləri nəticəsində iddiaçının bank qarşısında 10.806,97 manat məbləğində öhdəliyi yaranmışdır. Bu səbəbdən qeyd edilən məhkəmə qətnaməsi ilə iddiaçıdan tutulan məbləğ cavabdehlər tərəfindən ona vurulmuş maddi zərər kimi qiymətləndirilərək, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etməyərək, bildirmişdir ki, “VAZ 21214” nömrəli, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında almış və bu məqsədlə ilkin ödəniş qismində 3.200 manat məbləğində pul ödəmişdir. Bundan sonra 7-8 ay ərzində 315-320 manat məbləğində ödəniş etdikdən sonra avtomobili 3.000 manata Cavabdeh7 satmış və sərəncam vermək hüququ da daxil olmaqla ona etibarnamə verərək, avtomobili qeyd edilən şəxsə təhvil vermişdri. Bundan sonra avtomobili görməmişdir. Bununla belə, həmin avtomobillə bağlı onun tərəfindən iddiaçıya hər hansı maddi zərər vurulmamış, həmin avtomobil onun tərəfindən alınmış və bir müddət onda olduqdan sonra satılmışdır. Avtomobil barədə hazırda hər hansı məlumatı yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X8 İddiaçı məhkəmə qaydasında "xxxx" ASCnin xeyrinə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulduğunu, lakin borcun bügünədək ödənilmədiyini bildirmiş və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. 11 noyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, bildirmişdir ki, onun istifadəsində olan və ipoteka ilə yüklü edilmiş “BMW X5” markalı avtomobil üçün hər ay 680 ABŞ dolları məbləğində kredit ödəyirdi. Sonradan o, həmin avtomobili “VAZ 21214” nömrəli, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəyişmişdir. Lakin bir müddət sonra avtomobilin onun adına rəsmiləşdirilməsi mümkün olmadığından “BMW X5” markalı avtomobil ona qaytarılmış, o, da buna uyğun olaraq “VAZ 21214” nömrəli, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili Qara adlı şəxsə təhvil vermiş və bundan sonra avtomobili bir də görməmişdir. “VAZ 21214” nömrəli, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun istifadəsində olan zaman bu avtomobil məhz onun tərəfindən təxminən 20 gün müddətinə etibarnamə ilə Cavabdeh5 istifadəsinə verilmişdir. Avtomobil Cavabdeh5 satılmamış və qeyd edilən müddətdən artıq onun istifadəsində olmamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir. 11 noyabr 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi (atası) X9 iddianı qəbul etməyərək, bildirmişdir ki, onun oğlu Cavabdeh5 qeyd edilən avtomobili almamışdır. Həmin avtomobildən Cavabdeh1 tərəfindən verilmiş etibarnamə əsasında təxminən 20 gün müddətinə istifadə etmiş və bundan sonra avtomobili Cavabdeh1 qaytarmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın Cavabdeh5 aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər X6, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdilər. Məhkəmə işə bu cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, üçüncü şəxs “Nikoyl” X5 ilə İddiaçı arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli, 17-A-1- 0-6366-13 saylı kredit müqaviləsinə əsasən üçüncü şəxs tərəfindən iddiaçıya avtomobilin alınması məqsədi ilə 36 ay müddətinə illik 21% dərəcəsi ilə faiz ödəmək şərti ilə 8.600 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq “VAZ-21214” markalı (**-GD-*** dövlət qeydiyyat nişanlı) avtomobili üçüncü şəxsin xeyrinə ipoteka ilə yüklü etmişdir. Lakin iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə billməməsi səbəbindən banka borcu yaranmışdır. Yaranmış borcun ödənilməsi təmin edilmədiyindən tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və mübahisənin nəticəsi olaraq Qaradağ Rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli, 2(002)-7694/2016 saylı qətnaməsi ilə iddiaçıdan üçüncü şəxsin xeyrinə ümumilikdə 10.806,97 manat məbləğində pulun tutulması, tutmanın iddiaçıya məxsus “VAZ-21214” dövlət qeydiyyat nişanlı, ** GD *** markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına qeyd edilən borcun ödənilməsi, əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədiyi təqdirdə qalan məbləğin iddiaçıdan üçüncü şəxsin xeyrinə tutulması, satışdan artıq qalan vəsaitin iddiaçıya qaytarılması qət edilmişdir. Həmin qətnamə bügünədək icra edilməmişdir. Kredit və ipoteka müqaviləsinin bağlandığı 22 noyabr 2013-cü il tarixdə iddiaçı cavabdehlər X6 və Cavabdeh3 etibarnamə verməklə qeyd edilən avtomobil üzərində sərəncam verməyi, o cümlədən onu idarə etməyi onlara etibar etmişdir. Bundan sonra etibarnamələrdən irəli gələn səlahiyyətlərə uyğun olaraq avtomobil müxtəlif vaxtlarda Cavabdeh4, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5 və tarix etibarı ilə sonuncu, yəni xx.xx.2015-ci il tarixli etibarnamə ilə sərəncam vermək hüququ da daxil olmaqla Cavabdeh6 istifadə və sahibliyində olmuşdur. Hazırda iddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin cavabdehlər X4 və Cavabdeh3 müraciətinə əsasən bağladığını, həmin müqavilə üzrə verilmiş kredit məbləği hesabına əldə edilmiş avtomobilin müqavilə bağlandığı tarixdə etibarnamə ilə onlara təhvil verdiyini, kredit məbləğinin onlar tərəfindən ödənilməsi barədə aralarında razılığın olduğunu, lakin nəticədə ödənilmədiyini, avtomobilin isə etibarnamələr əsasında müxtəlif şəxslərin istifadə və sahibliyinə verildiyini və hazırda avtomobilin olduğu yerin məlum olmadığını, kredit üzrə borcun isə məhkəmə qaydasında ondan tutulduğunu bildirir və avtomobilin itirilməsi, habelə verilmiş vədə uyğun olaraq kredit borcunun ödənilməməsi nəticəsində məhkəmə qaydasında ondan ümumilikdə tutulmuş 10.806,97 manat məbləğində pulu cavabdehlər tərəfindən ona vurulmuş maddi zərər kimi qiymətləndirir və həmin məbləğin əvəzinin cavabdehlərdən tutulmasını tələb edir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 iddianı qəbul etmir. Cavabdeh4 “VAZ 21214” nömrəli, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş qismində 3.200 manat məbləğində pul ödəməklə aldığını, 7-8 ay ərzində 315-320 manat məbləğində ödəniş etdikdən sonra avtomobili 3.000 manata Cavabdeh7 satdığını və sərəncam vermək hüququ da daxil olmaqla ona etibarnamə verərək, avtomobili qeyd edilən şəxsə təhvil verdiyini və bundan sonra avtomobili görmədiyini, Cavabdeh1 “VAZ 21214” nömrəli, **-GD- *** dövlət qeydiyyat nişanlı avtomobili istifadəsində olan və ipoteka ilə yüklü edilmiş “BMW X5” markalı avtomobillə dəyişdiyini, lakin bir müddət sonra avtomobilin onun adına rəsmiləşdirilməsi mümkün olmadığından “BMW X5” markalı avtomobilin ona qaytarıldığını, buna uyğun olaraq “VAZ 21214” nömrəli, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili Qara adlı şəxsə təhvil verdiyini, bundan sonra avtomobili görmədiyini, “VAZ 21214” nömrəli, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh5 satılmadığını, məhz onun tərəfindən təxminən 20 gün müddətinə etibarnamə ilə Cavabdeh5 istifadəsinə verildiyini, Cavabdeh5 da (nümayəndəsi vasitəsi ilə) avtomobili almadığını, avtomobili təxminən 20 gün müddətində istifadə etdiyini bildirir. Üçüncü şəxs "xxxx" ASC Qaradağ Rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli, 2(002)-7694/2016 saylı qətnaməsinin bugünədək icra edilmədiyini bildirir və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, kredit və ipoteka müqaviləsinin bağlandığı 22 noyabr 2013-cü il tarixdə iddiaçı cavabdehlər X6 və Cavabdeh3 etibarnamə verməklə “VAZ 21214” nömrəli, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində sərəncam verməyi, o cümlədən onu idarə etməyi onlara etibar etmişdir. Bundan sonra avtomobilə dair sərəncam vermək, o cümlədən ondan istifadə və ona sahiblik etmək hüququnu verən etibarnamələr artıq etibar edilən şəxslər tərəfindən biri-birinə verilmişdir. Həmin avtomobilin hazırki sahibi, habelə avtomobilin özü (onun hazırki vəziyyəti, habelə əmlak kimi ümumiyyətlə mövcud olması) barədə hər hansı məlumat yoxdur. Digər tərəfdən Qaradağ Rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli, 2(002)-7694/2016 saylı qətnaməsi bügünədək icra edilməmiş, o cümlədən “VAZ 21214” nömrəli, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobil hərracdan satılması üçün aidiyyəti üzrə təhvil verilməmişdir. Bununla bağlı məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, mövcud vəziyyətdə (məhkəmə qətnaməsi iddiaçı tərəfindən icra edilməmiş, avtomobilin hər hansı cavabdehdə olması öz təsdiqini tapmamış, bu barədə tələb olmadığından məhkəmə tərəfindən də müəyyən edilməmişdir) İddiaçı cavabdehlər X6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Bu hal da öz növbəsində onun iddiasının rədd edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “vurulmuş maddi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “vurulmuş maddi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar