Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5699/2024 09.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş (açar sözlər: aliment, artırılma) Hakim: Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi Məhkəmə iclas katibi: Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi İddiaçı İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Şuşa Rayon Məhkəməsinin 2(077)-8/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh uşağın saxlanması üçün onun xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, cavabdehdən xx.xx.2016-cı il təvəllüdlü Məmmədov Yusif Bəhruz oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit məbləğdə 260 manat alimentin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh il aralarında 11 iyun 2015-ci il tarixd Sumqayıt "ASAN Xidmət" X2 qeydiyyata alınmaqla rəsmi nikahları bağlanmışdır. Həmin nikah Şuşa Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli 2(077)-8/2022 saylı qətnaməsi ilə pozulmuşdur və bu barədə Şuşa Rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X3 doğulmuşdur. Şuşa Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli 2(077)-8/20 saylı qətnaməsi il uşağın onun himayəsində qalması və uşaq yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat alimen tutulması qət edilmişdir. Hal-hazırda 175 manat bir uşağın saxlanılması üçün kifayət etmir. Be1ə ki, uşağın saxlanılması xərcləri günügündən artır, oğlu Yusifin saxlanılması üçün daha çox məbləğə ehtiyac duyulur. Bunun üçün də alimentin artırılması tələbi ilə bağlı mediasiyaya müracit etmiş, lakin cavahdeh mediasiya sessiyasında iştirak etməmiş, aralarında hər hansı bir razılıq olmadığından məhkəməyə müraciət etməli olmuşdur.
İİ. Tərəflərin mövqeləri:
Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. İşin faktiki halları:
İş materiallarına əlavə olunmuş:
- AZ-İV 606608 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016cı il təvəllüdlü Məmmədov Yusif Bəhruz oğlu Sumqayıt şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. - Şuşa Rayon Məhkəməsinin 2(077)-8/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü Məmmədov Yusif Bəhruz oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. -Azemis Elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh aylıq əmək haqqı 782.86 manat olmaqla “X1”ndə izolyasiyaçı kimi işləyir. -Azemis Elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı aylıq əmək haqqı 572.5 manat olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında əczaçı kimi işləyir.
İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə müvafiq olaraq, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, “… aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. … məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir”. Beləliklə məhkəmə uşağın maraqlarını əsas götürərək belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, Şuşa Rayon Məhkəməsinin 2(077)-8/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı; hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü Məmmədov Yusif Bəhruz oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 2820 manat təşkil etdiyinə və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 48,2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş vəsaitin əvəzi kimi 50 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Şuşa Rayon Məhkəməsinin 2(077)-8/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü Məmmədov Yusif Bəhruz oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 48,2 (qırx səkkiz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elnarə Vəliyeva