Məhkəmə qərarları › İş №2(001)-5727/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5727/2021

16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5727/2021 16.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05.06.2021-ci il tarixində təxminən saat 22:03 radələrində iddiaçı X6 etibarnamə ilə idarə etdiyi KİA CERATO markarlı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri Sahil küçəsində yerləşən Sahil restoranın yaxınlığında üzü Sumqayıt şəhəri istiqamətində yolun sağ zolağı ilə hərəkətdə olduğu zaman qarşısında olan Mercedes markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh həmin zolağda arxaya yüksək sürətlə hərəkət edərək iddiaçıya məxsus KİA CERTO avtomobilini ön sağ hissəsini vurmuşdur. İddiaçı idarə etdiyi avtomobili idarə etməni itirərək yolun sol tərəfində olan səki daşına dəyərək avtomobilinə ciddi zərər dəymişdir. Həmin hadisə zamanı iddiaçının avtomobilində X8 əyləşmiş və hadisənin necə baş verdiyinin şahidi olmuşdur. Bundan əlavə hadisə yerində olan X2 və X4 hadisənin necə baş verdiyini görmüşdürlər. Hadisədən sonra Sumqayıt şəhər X18 Şöbəsində Cavabdeh barəsində X12 haqqında TP4431833 saylı qərar qəbul edilmiş və cavabdeh İXM-nin 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İddiaçı avtomobilinə avtonəqliyyat hadisəsində ciddi zərər dəydiyi üçün KİA MOTORS-a müraciət etmiş və müəyyən edilmişdir ki, ümumilikdə avtomobilinə 2555 manat zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İnzibati xəta haqqında AP ******* saylı protokoldan görünür ki, Hüseynov X1 geriyə hərəkət edərkən təhlükəsizliyi təmin etməyib, nəticədə KİA markalı 90UY062 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub və hadisə yerini tərk etmişdir. İş materiallarında olan 15.06.2021-ci il tarixli, TP4431833 saylı İnzibati tənbeh haqqında qərardan görünür ki, Hüseynov X3 Benz C240 minik markalı 90LT129 dövlət qeydiyyat nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla yol nəqliyyat hadisəsi törətməsi və hadisə yerindən yayınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X17 rəisi polis polkovnik-leytenantı Şamxal Əliyevə verdiyi izahatın mətnində göstərilmişdir ki, “ ... 05.06.2021-ci il tarixdə, saat təxminən 22:03 radələrində etibarnamə ilə idarə etdiyim Mercedes markalı, 90LT129 dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Sahil” restoranı yaxınlığında yolun sağ solağında dayandığı zaman qəza işıqlarını qoşmuşdum, sərnişin götürürdüm. Bu zaman həmin zolağda hərəkətdə olan Kia markalı 90UY062 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü mənim avtomobilim arxa sol hissəsinə dəydi. Mənə dəymiş maddi ziyanı istəmədiyim üçün getdim”. İş materiallarında olan X7 tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X17 rəisi polis polkovnik-leytenantı Şamxal Əliyevə verdiyi izahatın mətnində göstərilmişdir ki, “ ... 05.06.2021-ci il tarixdə saat təxminən 22:03 radələrində dostum İddiaçı idarə etdiyi Kia Cerato markalı, 90UY062 dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Sahil” restoranı yaxınlığında üzü Sumqayıt şəhəri istiqamətində hərəkətdə olduğumuz zaman yolun sağ zolağında Mercedes markalı, 90LT129 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolda geriyə hərəkət edən zaman dostumun idarə etdiyi Kia markalı avtomobilə dəydiyi zaman idarə etməni itirib yolun kənarındakı bordyura çırpılıb dayandı”. İş materiallarında olan X2 tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X17 rəisi polis polkovnik-leytenantı Şamxal Əliyevə verdiyi izahatın mətnində göstərilmişdir ki, “ ... 05.06.2021-ci il tarixdə saat təxminən 22:03 radələrində işlədiyim restorandan çıxarkən gümüşü rənqli Mercedes C klass markalı avtomobilin sürücüsünün sağda dayandığı yerdən qəfildən geriyə hərəkətə başlayıb həmin yol ilə gələn KİA markalı avtomobili vurmasını, avtomobildən düşmədən dərhal hadisə yerindən yayınmasına şahid oldum”. İş materiallarında olan X5 tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X17 rəisi polis polkovnik-leytenantı Şamxal Əliyevə verdiyi izahatın mətnində göstərilmişdir ki, “ ... 05.06.2021-ci il tarixində iş yerində olduğum zaman təxmini 22:03 radələrində yolun sağ zolağında boz Mercedes markalı avtomobilin qəflətən arxa-arxaya verməyi nəticəsində, yolun sağ zolağında hərəkət edən Kia markalı maşının gəlməyi nəticəsində qəza baş şahid oldum”. İş materiallarında olan 13.10.2021-ci il tarixli, 9/6092 saylı ekspert rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “KİA motors” servis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən 2015-ci il buraxılışlı, KİA Cerato markalı, mühərrikin iş həcmi 1797 sm3, 90UY062 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: dəişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 2515 manat (dəyişməli hissələrin qiyməti – 1855 manat, təmir-bərpa işlərinin qiyməti – 660 manat); dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə - 2112 manat (dəyişməli hissələrin qiyməti – 1452 manat, təmir-bərpa işlərinin qiyməti – 660 manat). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 2112 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 82,66% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 24,80 manat hissəsi Cavabdeh tutelaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 2112 (iki min yüz on iki manat) məbləğində dəymiş ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 24,80 (iyirmi dörd manat səksən qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 5,20 manat hissəsi iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar