Məhkəmə qərarları › İş №2(001)-5728/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5728/2024

05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5728/2024 05.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qarşı mülki iş üzrə (Açar sözlər: aliment və alimentin artırılması) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Verdiyev Elcan Elşad oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “aliment və alimentin artıırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.11.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində aliment, xx.xx.2008-ci il təvəllüdlü və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-12841/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq hər uşaq üçün hər ay 235 manat olmaqla cəmi 470 manat, ümumilikdə 3 uçün 705 manat məbləğində alimentin və mediasiya xərci üçün ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2007-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan xx.xx.2008-ci ildə Fidan, xx.xx.2010-cu ildə Əli və xx.xx-2017-ci ildə Uğur adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-12841/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən onun cavabdehə qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 115 manat, cəmi 230 manat məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən aliment uşaqların maddi tələbatını ödəmir. O isə təkbaşına uşaqların tələbatını ödəyə bilmir. Uşaqlar üçün minimum yaşayış həddi dəfələrlə artırılmışdır. xx.xx.2017-ci il təvəllüdlü X6 üçün isə ümumiyyətlə aliment tələbi irəli sürülməmişdir, dəfələrlə tələb etsə də cavabdeh onun saxlanılması üçün heç bir maddi yardım göstərmir. Qeyd edilənlərə əsasən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Eləcə də bildirdi ki, nikahları pozulduqdan sonra cavabdehlə barışmışlar, Uğur adlı uşaqları doğulmuş, lakin sonradan yenə ayrılmışlar.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən, xx.xx.2017-ci il təvəllüdlü Tağıyev Uğur üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasına razı olduğunu, lakin digər iki uşaq üçün tutulan alimentin məbləğinin artırılmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eləcə də alimentin məbıləğinin artırılmasını 5-6 ay təxirə salınmasını xahiş etd. Bunu maddi vəziyyətinin pis olması ilə əlaqələndirmişdir.

Mülki işin materialları:

5. Nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər xx.xx.2007-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan xx.xx.2008-ci ildə Fidan, xx.xx.2010-cu ildə Əli və xx.xx.2017-ci ildə Uğur adlı uşaqları doğulmuşdur.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-12841/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçının cavabdehə qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 115 manat, cəmi 230 manat məbləğində alimentin tutulması qət edilmişdir.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

8. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

9. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

10. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

11. 100-cü maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

12. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

14. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir.

15. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

16. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

17. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.

18. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər.

19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

20. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.18. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. 234.2.1 maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

ç) Məhkəmənin mövqeyi:

25. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir.

26. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları alimentin təyin edilməsi ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir.

27. Məhkəmə iddiaçının iddia tələbini nəzərə alaraq alimentin təyin edilməsini sabit pul məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir.

28. Qanunvericilik alimentin təyin edilməsinin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

29. Məhkəmə AR Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75, 76 və 78ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir.

30. Müəyyən edilmişdir ki, iddia tələbi iki hissədən ibarətdir: aliment və alimentin miqdarının artırılması.

31. Qeyd edilənlərə əsasən məhkəmə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 235 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir.

32. Belə ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

33. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən X5 münasibətdə aliment iddia ərizəsi məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024cü il tarixdən tutulmalıdır.

34. Bundan başqa müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-12841/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçının cavabdehə qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 115 manat, cəmi 230 manat məbləğində alimentin tutulması qət edilmişdir.

35. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanılmaları üçün müəyyən edilmiş hər uşağa görə 115 manat məbləğindəki aliment xx.xx.2015-ci ildə, uşaqların 5 və 7 yaşı olanda tutulmuşdur. Hazırda isə uşaqların 14 və 16 yaşları var, məktəblidirlər, tələbatları artmışdır. Məhkəmə hesab edir ki, hər uşağa görə 115 manat məbləğində aliment onların tələbatlarını ödəmək üçün kifayət qədər yertərli deyil

36. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşaqların mənafeyini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş hər uşaq üçün 115 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər uşaq üçün hər ay 210 manat müəyyən edilməsini ədalətli hesab edir. Bundan başqa həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna bir neçə dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır.

37. İddiaçıya izah edilir ki, cavabdehin daha artıq aliment ödəmək qabiliyyətinə malik olmasına dair sübutlar təqdim edərsə, gələcəkdə alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət edə bilər.

38. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-12841/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan xx.xx.2008ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 210 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, qətnamə xx.xx.2017-ci il təvəllüdlü X5 münasibətdə dərhal icra edilməlidir.

39. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

40. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Ona görə də Cavabdeh Mediasiya Şurası üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

41. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 112.1.3,119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə əsasən 21 (iyirmi bir) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “aliment və alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki qüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə xx.xx.2017-ci il təvəllüdlü X5 münasibətdə dərhal icra edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-12841/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 210 (iki yüz on) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin artırılmış hissədə tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 21 (iyirmi bir) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh Mediasiya Şurası üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar