Məhkəmə qərarları › İş №2(105)-1052/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1052/2025

10.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1052/2025 10.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), X8 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1769/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. AZ-V 062562 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır.

2. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir.

3. AZ-İ 473482 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 18 noyabr 2024-cü ildə İddiaçı doğulmuş X1 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 28 noyabr 2024-cü ildə 402 nömrə ilə qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, rəsmi nikahlarından anadan olmuş 11 noyabr 2017-ci il təvəllüdlü X2 və 16 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(060)- 4873/2019 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 246 manat, cəmi 492 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi, qeyri-rəsmi nikahlarından anadan olmuş 18 noyabr 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin və 18 noyabr 2024-cü il təvəllüdlü X1 3 yaşına çatana kimi saxlanması üçün əlavə olaraq 100 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 14 may 2018-ci ildə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 11 noyabr 2017-ci il təvəllüdlü X5, 16 dekabr 2018-ci il təvəllüdlü X6 və 18 noyabr 2024-cü il təvəllüdlü X4 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)0327/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 14 may 2018-ci ildə qeydə alınmış rəsmi nikahlarına xitam verilmiş, birgə nikahdan anadan olmuş hər 2 övladının onun yanında saxlanması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(060)-4873/2019 saylı qətnaməsi rəsmi nikahlarından anadan olmuş 11 noyabr 2017-ci il təvəllüdlü X2 və 16 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin, 11 noyabr 2017-ci il təvəllüdlü X2 və 16 dekabr 2018-ci il təvəllüdlü X3 üç yaşına çatanadək hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat maddi yardımın Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(105)- 3339/2019 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2019-cu il tarixli. 2(060)-4873/2019 saylı qətnaməsinin maddi yardımın tutulması hissəsində ləğv olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Qeyri-rəsmi nikahlarından 18 noyabr 2024-cü il təvəllüdlü X4 anadan olmuşdur. Uşağın bioloji atası Cavabdehdur. Bunu atalığın müəyyən edilməsi haqqında şəhadətnamə təsdiq edir. Dolanışıq xərcləri artdığından ləyin olunmuş aliment uşaqların təlabatını ödəmir. Uşaqları azyaşlı olduğundan işləyə bilmir. Sumqayıt şəhəri, 28 nömrəli tam orta məktəbin ərazisində yerləşən kiçik bir daxmada şəraitsiz vəziyyətdə azyaşlı övladları ilə birlikdə yaşayır. Mediasiya prosesi zamanı cavabdeh mediasiya prosessində iştirak etməmişdir. Mediasiya haqqında qanunun 3.4-cii maddəsinə əsasən mediasiya prosesi zamanı dövlət rüsumunu ödəmişdir. Bunu İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-027Ü7 saylı arayış təsdiq edir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1769/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və alimentin təyin edilməsi” tələbinə dair mülki iş üzrə icraata “aliment məbləğinin artırılması” hissəsində xitam verilməsi qərara alınmışdır.

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1769/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq övladı xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqının 0,5 misli həddində (200 manat) sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət rüsumu qismində 44 (qırx dörd) manat məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Vəfa Şirəliyeva).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.3, 60.4, 78.1, 78.2, 100.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.3-cü bəndinə, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə, Azərbaycna Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt şəhər Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(060)-1769/2025 saylı qətnaməsinin “xx.xx.2025-ci il tarixdən başlayaraq övladı 18 noyabr 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqının 0,5 misli həddində (200 manat) sabit pul məbləğində alimentin tutulması” hissəsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasının xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1769/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq övladı 18 noyabr 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqının 0,5 misli həddində (200 manat) sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş üzrə qəbul olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1769/2025 saylı qətnaməsinin “xx.xx.2025-ciil tarixdən başlayaraq övladı 18 noyabr 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqının 0,5 misli həddində (200 manat) sabit pul məbləğində alimentin tutulması” hissəsindən narazıdır. Məhkəmə iddianı qismən təmin edərkən maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir. Məhkəmə uşağın azyaşlı olmasını, onun xüsusi uşaq yeməkləri ilə qidalanmasını, anadangəlmə ürəyində olan genişlənməni, qayğı və nəvaziş tələb etməsini (ehtiyacının olmasını) nəzərə almamışdır. Halbuki belə olan halda məhkəmə azyaşlının mənafeyi naminə humanizm nümunəsi göstərməli, Ailə Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamə qəbul etməli idi. Məhkəmə MPM-in 9-cu, 14-cü, 76-cı, 88-ci, Ailə Məcəlləsinin 6.2, 29.2, 56.1, 75.1, 76.4 və 81-ci maddələrinin tələblərini pozmuşdur. Təyin olunmuş 200 manat aliment uşağın xüsusi uşaq yeməkləri ilə qidalanması xərclərini qarşılamır. Belə ki, iki gündən bir o məcbur olub dəyəri 11 manat olan Nutrilak 2 xüsusi uşaq yeməyi alır. Uşaq digər bir qida ilə qidalana bilmir. Bədənində allergiya olduğu üçün uşağa digər bir uşaq bezini qoya bilmir. Uşağın səhhəti ilə əlaqədar olaraq tez-tez davadərmana ehtiyac duyulur. Uşağın azyaşlı və xəstə olması səbəbindən işləyə bilmir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1769/2025 saylı qətnaməsinin “xx.xx.2025-ci il tarixdən başlayaraq övladı 18 noyabr 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqının 0,5 misli həddində (200 manat) sabit pul məbləğində alimentin tutulması” hissəsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.

11. Məhkəmə azyaşlının mənafeyi naminə humanizm nümunəsi göstərməli, Ailə Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamə qəbul etməli idi. Lakin məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, cavabdehin iştirakını təmin etmədən, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki MPM-nin tələbinə görə məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə mənim qanunla qorunan hüququmu pozmuşdur.

12. Məhkəmə uşağın azyaşlı olmasını, onun xüsusi uşaq yeməkləri ilə qidalanmasını, anadangəlmə ürəyində olan genişlənməni, qayğı və nəvaziş tələb etməsini (ehtiyacının olmasını) nəzərə almamışdır. Halbuki belə olan halda məhkəmə azyaşlının mənafeyi naminə hümanizm nümunəsi göstərməli, Ailə Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamə qəbul etməli idi. Təyin olunmuş 200 manat aliment uşağın xüsusi uşaq yeməkləri ilə qidalanması xərclərini qarşılamır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

17. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

“Uşaq hüquqlarına dair” BMT Konvensiyası

18. Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.

“Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

19. Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir;

20. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

21. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

22. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1769/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasının xahiş etmişdir. Belə olan halda kollegiya hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, qətnamə ilə razılaşmayan iddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, müəyyən edilmiş aliment məbləği uşağın saxlanılması üçün kifayət deyil və məhkəmə bu halı nəzərə almamışdır.

35. İstinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir.

37. Belə ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları isə alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir.

38. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, iddia tələbinin həcmi, uşaqların mənafeləri, onların əvvəlki təminat səviyyəsi, cavabdehin aliment verməsinə dair maddi imkanları, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması müəyyən meyar kimi çıxış etsə də, iddiada göstərilən aliment məbləğin tam ödənilməsi vəzifəsinin əlavə sübutlar olmadan cavabdehin üzərinə qoyulması yolverilməzdir.

39. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsi tərəfindən alimentin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində müəyyən edilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab etmişdir.

40. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.

41. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X9rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1769/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar