Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-575/2024 28.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mazda Tribute minik markalı, 99FY935 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının şəxsi mülkiyyətindədir. 04 iyun 2023-cü il tarixdə iddiaçının oğlu avtomobili idarə edərkən yanında 3 nəfər dostu olmuşdur. İddiaçının oğlu Ayxan avtomobili Məmmədə sürmək üçün vermiş, bu zaman Ayxan yolda dostunu görmüş, Məmmədən avtomobili sağa çəkərək saxlamasını dostu ilə görüşməsini bildirmişdir. Ayxan dostu ilə görüşməyə gedəndən sonra Məmməd Ayxanın xəbəri olmadan avtomobili Nurlana idarə etməyə vermişdir. Cavabdeh avtomobili idarə edərkən Bakı şəhəri Səbail rayonu X4 Bayraq meydanının dayanacağında avtomobillə hərəkətdə olarakən zəncirvari avtoqəza törətmiş və iddiaçının avtomobilinə 8802 manat maddi ziyan deymisdir. Məmmədin sürücülük vəsiqəsi olmamışdır. Avtomobil hazırda yararsız vəziyyətə düşmüşdür. Avtobili sürücülük hüququ olmadan idarə etdyinə görə Məmməd barəsində inzibati protokol tərtib edilmişdir. Avtomobilə dəymiş ziyan qəza törədən cvavabdeh Cavabdeh tutulmalıdır. Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi müraciət edilsə də, dəymiş ziyan ödənilməmişdir. X1 tərəfindən baxış keçirilmiş, avtomobildə dəyişilməli olan ehtiyyat hissələrinin qiymətləri və ustaların xidmət haqqı hesablanmış, bu barədə xx.xx.2023-cü il tarixdə qüsür aktı tərtib edilərək müəyyən olunmuşdur ki, avtomobilimin əvvəlki vəziyyətinə bərpa edilib gətirilməsi üçün 8802 manat pul tələb olunur. Qeyd olunanlara əsasən iddiaçı 8802 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, maşına xərc çəkməmiş olsa idi belə, dəymiş zərər göz önündədir. Sosial şəbəkələrdə hadisənin videosu da var. Avtomobilin daxili hissələrində yaranan nasazlığa görə əlavə olaraq 1500 manat xərci çıxmış, həmçinin 4 hava yastığına 1000 manat pul vermişdir. Lakin o, bunları tələb etmir. O, cavabdehə xəbərdarlıq məktubu yazdıqdan 1 ay sonra məhkəməyə müraciət etdi və onlar ona gözləməyi təklif etsəydilər, onlarla razılaşardı. Lakin cavabdehin atası onunla kobud danışaraq onu məhkəməyə müraciət etməyə vadar etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı tələb etdiyi məbləğin onun tərəfindən ödənilməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda mütəxəssis rəyi verən şəxsin nə dərəcədə səlahiyyətli olması məlum deyil. Həmin şəxsin lisenziyasının olması, vergi ödəyicisi olması haqqında məlumat yoxdur. Kassa mədaxil orderində ayın tarixi, ödənişi edənin şəxsi məlumatları və ödənişi edənin imzası yoxdur. Cavabdeh indi də avtomobili təmir etdirməyə hazırdır. Cavabdeh avtomobili idarə edərkən ona maneçilik törədilib. Zəncirvari qəza zamanı əlavə olaraq 6 avtomobilə ziyan dəymişdir və tərəflər danışmışdılar ki, həmin avtomobillərin təmiri məsələsi həll olunduqdan sonra qarşılıqlı razılaşacaqlar. Cavabdeh 6 avtomobilin təmirinə 30000 manata qədər vəsait xərcləmişdir. İddiaçının faktiki olaraq avtomobilə pul xərcləməsi heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. İddiaçının avtomobilinin hazırkı bazar qiyməti 6000 manat civarındadır. Yol-nəqliyyat hadisəsi baş verməmişdən qabaq iddiaçı avtomobilini Turbo.az saytında 6000 manata satışa qoymuşdu. Avtomobilin nominal dəyərinin ümumilikdə cavabdehdən tələb edilməsi qəti şəkildə doğru deyil. Hadisənin baş verməsi ilə iddiaçının məhkəməyə müraciət etməsi arasında cəmi 2-3 ay olmuşdur. Cavabdeh maşını düzəltdirməyə hazırdır. Əgər iddiaçı həmin təmirdən narazı olardısa, bu halda məhkəməyə müraciət edə bilərdi. Həmçinin iddia tələbində usta haqqı və avadanlıqların qiyməti həddindən artıq çox hesablanıb. Ekspert rəyində bu məbləğ 2000 manatdan çox azaldılmışdır. Ekspert rəyində də məbləğ artıq hesablanıb. Çünki, ehtiyat hissələrinin hamısını yenisi ilə əvəz etməyə ehtiyac olmaya bilərdi, təmir olunan hissələr də olmuş ola bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 21:15-də Mazda Tribute minik markalı, 99FY935 dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş və TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan AD 843029 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mazda Tribute minik markalı, 99FY935 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9265 saylı rəyində aşağıdakılar göstərilmişdir: “ ... Nəzəri hesablama yolu ilə “AzSığorta” tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Optima” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6950,0 manat müəyyən edilir”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8348 saylı rəyində aşağıdakılar göstərilmişdir: “ ... Nəzəri hesablama yolu ilə, iş materiallarında olan olan fiziki şəxs X3 (VÖEN:**********) tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı Mazda Tribute minik markalı 99FY935 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6722 manat müəyyən edilir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İş üzrə iddiaçıya maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi, bu zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərindədir. Belə ki, cavabdeh yolnəqliyyat hadisəsinin onun tərəfindən törədilməsini mübahisələndirmir, mübahisələndirilən yalnız dəymiş ziyanın məbləğidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8348 saylı rəyində qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 6722 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 6722 (altı min yeddi yüz iyirmi iki) manat və ödənilmiş dövlət rüsumunun 87,22 (səksən yeddi manat iyirmi iki qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-575/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-575/2024
28.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver