Məhkəmə qərarları › İş №2(001)-5756/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5756/2021

12.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5756/2021 12.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən istifadə dair maneələrin aradan qaldırılması tələbi barədə mülki işə 12 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və 25.12.2003-cü il təvəllüdlü X3, 20.07.2006-cı il təvəllüdlü X4 adlı uşaqlarının qeydiyyatda olduqları və uzun müddət yaşadıqları, məhkəmə qətnaməsi ilə köçürüldükləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyət qapısının açarının bir nüsxəsinin cavabdehlərdən alaraq ona verilməsi, ümumi giriş-çıxış yolundan, evdən istifadə etməyə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və cavabdehlər tərəfindən göstərilən qanunsuz təsirlərin cavabdehlərə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirib izahatında göstərdi ki, o, 2002-ci ilin oktyabr ayında Cavabdeh3 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, cavabdehin yaşadığı, iddia ərizəsində göstərilən evə gəlin köçmüş, uzun müddət orada yaşamışdır. Sözügedən ünvanda 2 ev vardır, evlərdən biri 3 mərtəbəli, digəri isə 2 mərtəbəlidir. 3 mərtəbəli evdə Cavabdeh3 qardaşı öz ailəsi ilə yaşayır, 2 mərtəbəli evin 1ci mərtəbəsində keçmiş qaynatası Cavabdeh1 və qaynanası Cavabdeh2 yaşamış, həmin evin 2-ci mərtəbəsində isə o ailəsi, uşaqları ilə yaşamış, cehiz əşyalarını həmin mərtəbədə yerləşən 4 otağa yerləşdirmişdir. O, cavabdehlərin notarial qaydada razılıq ərizələri əsasında sözügedən mənzilə qeydiyyata alınmışdır. Cavabdeh3la nikahlarından 25 dekabr 2003-cü il təvəllüdlü X3 və 20 iyul 2006-cı il təvəllüdlü X4 adlı uşaqları vardır. Cavabdeh3 2014-cü ilin sonlarından evdən çıxıb getmiş, aralarındakı nikah 2015-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Nikah pozulduqdan sonra o, övladları ilə birlikdə həmin evdə yaşamağa davam etmişlər. Keçmiş qaynatasının və qaynanasının ona və uşaqlarına münasibətləri əvvəllər yaxşı olsa da, son dövrlərdə pisləşmişdir. Hazırda cavabdehlər ona və övladlarına evdən, həyətdən, evə giriş-çıxış yolundan istifadə etməyə maneçilik törədir, onlara qarşı təhqiramiz ifadələr işlədir, evin suyunu dayandıraraq rahat yaşamalarına imkan vermirlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, onun uşaqları ilə birlikdə həmin evə köçürülməyi qərara alınmışdır. Cavabdehlər son vaxtlar həyətə giriş qapısının açarlarını dəyişiblər və onu övladları ilə birlikdə yaşadığı evə buraxmırlar, bu səbəbdən bir müddətdir ki, övladları ilə birlikdə başqa yerlərdə qalmağa məcbur qalıblar. Binəqədi rayon icra şöbəsinə müraciət etsə də, onu evə köçürdüklərindən və qətnamədə açarların ona verilməsi və yaradılan maneələrin aradan qaldırılması barədə göstəriş olmadığından yenidən məhkəməyə müraciət etməlidir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X5 iddianı qəbul etmədiyini bildirib iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim edərək izahatında göstərdi ki, hazır ki iş üzrə icraata xitam verilməlidir. Belə ki,əvvəllər İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə köçürülmə,maneələrin aradan qaldırılması və s. tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-858/2020 saylı, 18.02.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı övladları ilə birlikdə Binəqədi ray., Rəsulzadə qəs., İ.Hacıyev küç., ev 2 ünvanına köçürülmüşdür. İddia qalan hissədə təmin edilməmişdir. Çünki məhkəmə baxışı zamanı cavabdehlər tərəfindən İddiaçı sözügüdən evdə yaşamasına heç bir maneənin olmadığı müəyyən edilmişdir. İcra mərhələsində iddiaçı övladları ilə birlikdə həmin evə köçürülmüş və bu barədə akt tərtib edilməklə icraata xitam verilmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-858/2020 saylı 18.02.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı yetkinlik yaşına çatmayan övladları 25.12.2003-cü il təvəllüdlü X3, 20.07.2006-cı il təvəllüdlü X4 ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. - Binəqədi rayon icra şöbəsinin 16.06.2020-ci il tarixli qərarına əsasən, icra sənədində göstərilən tələb tam olaraq icra olunduğundan Binəqədi Rayon Məhkəməsinin 2(001)-858/2020 saylı 18.02.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, mülki qanunvericilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan qanuni əsaslarla istifadə edən şəxsin də hüquqları tanınır və həm əmlakın mülkiyyətçisindən, həm də üçüncü şəxslərin müdaxiləsindən qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinin məzmununa görə, girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar əmlak hüquqları hesab edilir. Həmin Məcəllənin 158.4.-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz olaraq məhrum edilə bilməz. Məhkəmə cavabdeh tərəfin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının övladları ilə birlikdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında köçürülmələri işin mübahisəsiz halıdır. Lakin, hazırkı halda mübahisəli evin açarlarının dəyişdirilməsi həmin evdən iddiaçının istifadəsini mümkünsüz edir. Bu hal isə özü özlüyündə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçıya verilmiş hüququn (evə sərbəst daxil olaraq istifadə etmək) məhdudlaşdırılmasıdır. Hazırkı halda isə iddiaçı bu hüququn həyata keçirilməsi ilə bağlı məhkəmə müdafiəsindən istifadə etməkdə haqlı olmuşdur. Bununla yanaşı iddia tələbində cavabdeh tərəfindən göstərilən maneələrin nədən ibarət olduğu ümumi şəkildə ifadə olunmuş və bu maneələrin giriş qapısının açarının dəyişməsindən başqa konkret nədə ifadə olunduğu iş üzrə müəyyən edilmədiyindən iddia həmin hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Binəqədi ray., Rəsulzadə qəs., İ.Hacıyev küç., ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyət qapısının açarının bir nüsxəsinin cavabdehlərdən alınaraq ona verilməsi tələbi təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 5 manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən övladları 25.12.2003-cü il təvəllüdlü X3, 20.07.2006-cı il təvəllüdlü X4 ilə birlikdə istifadə edə bilməsi üçün evin giriş qapısının açarının bir nüsxəsinin ona verilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həvalə olunsun. İddia qalan hissədə rədd edilsin. İddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 5 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar