Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5820/2022 06.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 2(001)-414/2020 saylı qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 193 manat müəyyən edilməklə, 09 oktyabr 2019-cu il tarixdən Cavabdeh hər ay 170 manat və uşaq 3 yaşına çatanadək hər ay 80 manat sabit pul məbləğində aliment ödənilmədiyindən yığılıb qalmış aliment məbləğinin qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq, üzərinə 3000 manat dəbbə pulu gəlinməsi və alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-414/2020 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüldü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 09 oktyabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 170 manat və uşaq 3 yaşına çatanadək hər ay 80 manat sabit pul məbləğində alimentin alınıb, ona verilməsi qət edilmişdir. Lakin Cavabdeh Rusiya vətəndaşı olduğundan və doğulduğu yer üzrə valideynlərinin yaşayış yeri üzrə icra sənədi göndərilsə də, icra olunmayaraq icrası mümkünsüz hesab edilməklə icra sənədi yenidən Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda Cavabdeh Rusiya Federasiyasında yerini müəyyən edə bilmiş və bu səbəbdən həm alimentin artırılması barədə, həm də alimentin ödənilmədiyi günlər üçün dəbbə pulu verilməsini məhkəmədə iddia qaldıraraq tələb etmək hüququ var. Bundan sonra isə qətnaməni Rusiya Federasiyasının Ali Məhkəməsində təsdiqlənərək, aliment almaq hüququndan istifadə etmək məcburiyyətindədir. “Azərbaycan Respublikası yaşayış minimumu” haqqında Qanunda hər il edilən müvafiq dəyişikliklərə əsasən yaşayış minimumu uşaqlar üçün artırılmışdır. Bu səbəbdən məhkəməyə yenidən alimentin artırılması barədə, yəni alimentin sabit pul məbləğində hər ay 193 manat müəyyən edilməsi barədə ərizə verməyi qaçılmaz edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 414/2020 saylı 29 iyul 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 09 oktyabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat və uşaq üç yaşına çatanadək hər ay 80(səksən) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 16 avqust 2022-ci il tarixli arayışdan görünür ki, 16 avqust 2022-ci il tarixdə, saat 12:15-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmənin sorğusuna əsasən, Masallı rayon İcra və Probasiya Şöbəsindən məhkəməyə göndərilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-414/2020 saylı 29 iyul 2020-ci il tarixli icra sənədi üzrə toplanmış materiallarda olan: Masallı rayon İcra və Probasiya Şöbəsinin 12 avqust 2020-ci il tarixli qərarından və bildirişdən görünür ki, icra sənədi üzrə 12 avqust 2020-ci il tarixdə icraata başlanılmış və tələbin icrası barədə bildiriş borclunun ünvanına göndərilmişdir. Masallı rayon İcra və Probasiya Şöbəsinin 08 fevral 2021-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Masallı rayonu, Sərçuvar kəndində qeydiyyatda olan Cavabdeh barəsində axtarış elan edilmişdir. Masallı rayon X5 rayon İcra və Probasiya şöbəsinə ünvanlamış olduğu 22 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Masallı rayonu, Sərçuvar kəndində qeydiyyatda olduğu göstərilən xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh DİN-in VMAS-da yoxlama zamanı şəxsiyyəti müəyyən olunmamışdır. Ona görə də, Cavabdeh barəsində borclunun axtarılması haqqında qərar icra edilmədən geri qaytarılmışdır. Masallı rayonu İcra Hakimiyyəti Başçısının Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Masallı rayon İcra və Probasiya şöbəsinə ünvanlamış olduğu 03 aprel 2021-ci il tarixli 31 №-li məktubundan görünür ki, Məmmədov X1 qeydiyyatda deyil, ərazidə yaşamır və ona məxsus yaşayış evi, qiymətli daşınan və daşınmaz əmlak yoxdur. İş yeri və telefon nömrəsi haqqında məlumatları yoxdur. Masallı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Amid Hüseynovun 08 aprel 2021-ci il tarixli icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarının surətindən görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2-ci maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-414/2020 saylı 29 iyul 2020-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin Binəqədi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı 170 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə də, məhkəmə hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat miqdarında alimentin tutulmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 414/2020 saylı 29 iyul 2020-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddia tələbi və 2022-ci il üçün uşaqların saxlanmasına görə qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay sabit pul məbləğində 193 manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbi “09 oktyabr 2019-cu il tarixdən Cavabdeh hər ay 170 manat və uşaq 3 yaşına çatanadək hər ay 80 manat sabit pul məbləğində aliment ödənilmədiyindən yığılıb qalmış aliment məbləğinin qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq, üzərinə 3000 manat dəbbə pulu gəlinməsi və alınıb ona verilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda təqsirkar şəxs həmin sazişlə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən, aliment alan, həmçinin aliment öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində yaranmış itkilərin dəbbə pulu ilə ödənilməmiş hissəsinin ödənilməsini də tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, aliment borcunun yığılmasında cavabdehin təqsiri olmadığından 3000 manat dəbbə pulunun hesablanması əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin icra sənədindən məlumatı olmamış, icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2-ci maddəsinə əsasən, yəni borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadığına (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) görə icra məmurunun qərarına əsasən geri qaytarılmışdır. Eyni zamanda məhkəmə qeyd etməyi lazım bilir ki, icra sənədi üzrə borclar alimentin məhkəmənin qətnaməsi ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 414/2020 saylı 29 iyul 2020-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan 170 manat miqdarda alimentin məbləği artırılmalı, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 193 manat miqdarda aliment tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-414/2020 saylı 29 iyul 2020-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılsın. xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay 193 (yüz doxsan üç) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5820/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5820/2022
06.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver