Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5822/2022 20.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2754/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş 10 noyabr 2007-ci il təvəllüdlü X1 və 09 noyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2754/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən 10 noyabr 2007-ci il təvəllüdlü X1 və 09 noyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-603/2019 saylı, 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. O, azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Binəqədi yolu döngə 4 ünvanında yaşayır. Tək ana kimi övladlarına baxmaqda çətinlik çəkir. Cavabdeh işləyir, kifayət qədər qazanc əldə edir. Lakin öz istəyi ilə övladlarına baxmır. Bildirir ki, məhkəmə qətnaməsində məbləğ nə qeyd edilibsə, onu ödəyəcəkdir. Halbuki, istəsə alimenti artıq ödəyə bilər. Cavabdeh bilərəkdən mediasiyada iştirak etməmişdir. Heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, o, uşaqları ilə kirayə tutduğu evdə yaşayır, xadimə işləyir və aylıq gəliri 350 manat olur. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, ailə sürücüsü kimi fəaliyyət göstərir və 450 manat maaş alır. O, yenidən nikaha daxil olmuş və bir uşağı dünyaya gəlmişdir. Yaxın vaxtlarda ikinci uşağı da dünyaya gələcək. Onun tələb olunan alimenti ödəməyə maddi imkanı yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(001)- 2754/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh 10 noyabr 2007-ci il təvəllüdlü X1 və 09 noyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-603/2019 saylı, 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. AZ-İİ seriyalı 369781 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında nikah 01 noyabr 2019-cu il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra arvada “Vəliyeva” soyadı verilmişdir. AZ-İV seriyalı 278288 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 noyabr 2019-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası X6r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflərin nikahı pozulmuş, birgə nikahdan doğulmuş 10 noyabr 2007-ci il təvəllüdlü X4 və 09 noyabr 2009-cu il təvəllüdlü X5 iddiaçının yanında qalmış və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat məbləğində aliment tutulmuşdur. Daha sonra cavabdeh yenidən nikaha daxil olmuş və həmin nikahdan da bir uşağı doğulmuşdur. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay uşaqların saxlanılması üçün hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən iki ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Həmçinin, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi cavabdehdən tutulmasına əsas verir. Eyni zamanda, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşaqlarını saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında əks olunmuşdur. Bundan əlavə, cavabdehin ikinci dəfə ailə həyatı qurması, həmin nikahdan uşağının dünyaya gəlməsi onun əvvəlki nikahdan doğulmuş uşaqlarının saxlanması vəzifəsindən azad etmir. Çünki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Bununla belə, məhkəmə, tərəflərin maddi vəziyyətini, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin yenidən ailə həyatı qurduğunu və həmin nikahdan da uşağının dünyaya gəldiyini, hər iki nikahdan olan uşaqların mənafelərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 10 noyabr 2007-ci il təvəllüdlü X1 və 09 noyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(001)- 2754/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə göstərilənlərə əsasən həmçinin hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 10 noyabr 2007-ci il təvəllüdlü X1 və 09 noyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(001)-2754/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-5822/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5822/2022
20.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver