Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5865/2022 22.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən cavabdehə mülki işə sadələşdirilmiş icraat qaydasında baxılacağına dair bildiriş, ərizə və ona əlavə edilmiş sənədlər göndərilmiş, xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Cavabdeh etirazı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 5865/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə icraat iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 izahatında məhkəməyə bildirdi ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 07 iyul 2021-ci il tarixli, 23200294 saylı müqaviləyə əsasən, sonuncu İMEİ Kodu **********67962 Samsung Galaxy A32 markalı telefon və qulaqlıq almışdır. Cavabdeh 07 iyul 2021-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə onun iddiaçıya cəmi 1091 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 42 manat təşkil edir. 07 iyul 2021-ci il tarixli müqaviləni, müqaviləyə dair əlavələri və bildirişi Cavabdeh şəxsən özü imzalamış, həmin müqavilədə və müqaviləyə əlavələrdə də alınan malların qiyməti və digər şərtlər göstərilmişdir. Belə olan halda cavabdehin aldığı malların qiymətinin düzgün olmadığı barədə iddia ərizəsinə vermiş olduğu etirazda göstərdikləri əsassızdır. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh aldığı telefonun onun tələblərinə cavab vermədiyini bildirsə də, telefonun qaytarılması üçün aparılmalı olan müayinənin aparılmasına şərait yaratmamış, telefonu iddiaçıya təhvil verməmiş və bir ildən artıq müddətdə özündə saxlamışdır. Belə olan halda cavabdeh tərəfindən borcun ödənilməsindən boyun qaçırmasının hər hansı hüquqi əsası yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirdi ki, 07 iyul 2021-ci il tarixli müqaviləyə əsasən iddiaçıdan bir ədəd Samsung Galaxy A32 markalı mobil telefon və bir ədəd Huawei FreeBuds 4i Black Qulaqlığı almış, mobil telefonun xüsussiyətlərinin onun tələblərinə cavab vermədiyini bildikdən bir gün sonra mağazaya müraciət edərək mobil telefonu və qulaqlığı qaytarmaq istədiyini bildirmiş, lakin mağazanın işçisi qüsurlu malı nə geri qaytarmağa, nə də yenisi ilə əvəz etməyə razı olmamışdır, eyni zamanda mağazanın əməkdaşları onu malların qiymətində də aldatmışlar. Belə ki, mobil telefonun piştaxtada qiyməti 580 manat olduğu halda, qiymət cədvəlində 621,60 manat, qulaqlığın qiyməti piştaxtada 219 manat olduğu halda, qiymət cədvəlində 236,40 manat qeyd olunmuş, iddia ərizəsində isə ödənilməmiş məbləğ 991,20 manat təşkil etdiyi göstərilmişdir. Nəticədə iddiaçının piştaxta üzərində təyin etdiyi qiymət nə qiymət cədvəlində, nə də məhkəməyə verilən ərizədə öz əksini tapmamışdır. Bundan başqa ona qiymət cədvəlində əlavə 42 manat ödəmə öhdəliyi qeyd olunmuşdur, bunun səbəbini öyrənmək məqsədi ilə mağazaya və şirkətin baş ofisinə müraciət etsə də, cavab ala bilməmişdir. Telefonu aldığı vaxtdan istifadə etməmiş və bu gün də qaytarmağa hazırdır. Hesab edir ki, ən azı ödədiyi qızıl zəmanətin dəyəri ona qaytarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* nömrəli müqavilədən görünür ki, həmin müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2022-ci il tarixədək hər ay 82,60 manat ödəmək şərtilə dəyəri 621.60 manat olan Samsung Galaxy A32 markalı mobil telefon, dəyəri 236,40 manat dəyərində Huawei FreeBuds 4i Black qulaqlığı, 145,20 manat olan qızıl zəmanət və 30 manat olan “Paket M” almış və aldığı malları təhvil-təslim aktına imza etməklə qəbul etmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia ərizəsinin 99,80 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə əsas borcu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə 8,80 manat məbləğində cərimə tutulmalıdır. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən ona qüsurlu mal satıldığı və hüquqlarının hər hansı digər formada pozulduğu təqdirdə, onun qanunvericilikdə müəyyən edilmiş qaydada hüquqlarının qorunması/bərpa edilməsi üçün məhkəməyə müraciət etmək hüququ var idi. O, bunu etməmiş, aldığı mobil telefonu xx.xx.2021-ci il tarixdən özündə saxlamış və məhz iddiaçı ona qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edəndən sonra, iddiaçıya yuxarıda sadalanan iradları yazılı formada ifadə etmiş, lakin məhkəmə tərəfindən ona prosessual qanunvericilikdə nəzərdə tutulmuş müvafiq şərait yaradılsa da, qarşılıqlı iddia ərizəsi vermək hüququndan da istifadə etməmişdir. Məhkəmə isə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini əsas götürərək yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 991,20 manat əsas borc və 8,80 manat cərimə borcu olmaqla, cəmi 1000 manat məbləğində borc tutularaq İddiaçınə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 991,20 manat əsas borc və 8,80 manat cərimə borcu olmaqla, cəmi 1000 (min) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 28,33 (iyirmi səkkiz manat otuz üç qəpik) manat hissəsi tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 2,58 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-5865/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5865/2022
22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver